Koronavirusla mübarizə və Ermənistanın Tovuzla sərhəddə təxribatının qarşısının alınması, ölkəmizin təhlükəsizliyinin davamlı təmin edilməsi məsələsi bu gün dövlətimizin  fəaliyyətində prioritet məsələdir.
Prezidenti İlham Əliyev və Birinci Vitse –Prezident Mehriban xanım Əliyevanın gərgin əməyi sayəsində bütün bu istiqamətlərdə vəziyyət tam nəzarətdədir. Pandemiyaya qarşı apardığı işlərə görə Azərbaycan dünyanın qabaqcıl ölkələri sırasındadır. Düşmən Ermənistanın Tovuzla sərhəddə növbəti aqressiyasına gəldikdə Azərbaycan Ordusunun işğalçıya vurduğu zərbələr yetərincə sarsıdıcı və dağıdıcı oldu. Çoxlu sayda canlı qüvvə, hərbi texnika, silah-sursat itirən düşmən hələ uzun müddət özünə gələ bilməyəcək. Bütün bu gərginliyə baxmayaraq, ölkəmizin bütün sahələrdə dinamik inkişafını təmin etmək üçün dövlət başçımız böyük əzmkarlıq göstərir. Bunu iyulun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videomüşavirə bir daha sübut etdi. İqtisadiyyatımızın vacib sahəsi olan  su təsərrüfatında mövcud olan problemlərin təfərrüatlı müzakirə edildiyi müşavrədə cənab Prezident vurğuladı ki, Azərbaycanda infrastruktur layihələr ardıcıl şəkildə həyata keçirilir və bunun sayəsində ölkəmiz sürətlə inkişaf edir. Hələ bir neçə il bundan əvvəl infrastrukturla bağlı Azərbaycanda  xeyli problemlər mövcud idi. Elektrik enerjisi çatışmırdı, qazlaşdırmanın səviyyəsi aşağı idi, nəqliyyat infrastrukturu çox zəif vəziyyətdə idi. Lakin bu gün ölkəmizdə aparılan məqsədyönlü fəaliyyətin nəticəsində bu sahədə böyük nailiyyətlər əldə edilmişdir. Bu gün biz nəinki özümüzü elektrik enerjisi ilə təmin edirik, hətta bu sahədə ixrac imkanlarımız da artmışdır. Hazırda ölkəmizdə qazlaşmanın səviyyəsi 96%-dir. Hava nəqliyyatının səmərəliliyinə görə ölkəmiz 11-ci, dəmir yollarının səmərəliliyinə görə isə 12-ci, avtomobil yollarının keyfiyyətinə görə isə 27-ci yerdədir. Həyata keçirilmiş infrastruktur layihələr arasında içməli su və meliorasiya ilə bağlı işlər xüsusi yer tutur. Bu istiqamətdə də ciddi nəticələr var. Ölkəmizdə görülən işlərin nəticəsi olaraq içməli su ilə təminat 2004-cü ildəki 40% səviyyəsindən bu günki 70%-ə çatıbdır. Paytaxt Bakıda içməli su ilə davamlı təminatın səviyyəsi 82%-dir. Halbu ki, bir neçə il bundan əvvəl şəhərimizdə fasiləsiz su ilə təmin olunan əhalinin sayı 29% idi.

Sözügedən müşavirədə Prezident ölkəmizdə içməli su və suvarma suyu ilə təminatın 100%-ə qaldırılmasını  əlqədar təşkilatların qarşısında ciddi vəzifə kimi qoydu. İnanırıq ki, Prezidentimizin rəhbərliyi ilə bu vacib sahədə aparılan islahatlar postpandemiya dövründə daha sürətlə aparılacaq, istər içməli, istərsə də suvarma suyuna tələbat artıqlaması ilə ödəniləcək.Su həyatdır, suyumuz bol olduqca, kənd təsərrüfatımız da inkişaf edəcək, süfrələrimizdə öz milli məhsullarımızın sayı bol olacaq, aqrar sektorda çalışan insanların sayı və qazancı artacaqdır. Bu dövlətimizin siyasətidir.

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova