Dəmir yolu nəqliyyatı mövzusunda ixtisaslaşmış Ukraynanın baxımlı “Железные магистрали” (“Dəmir
magistrallar”) YouTube kanalı növbəti videomaterialını SSRİ-nin ilk elektrik qatarlarına həsr edib.
İzləyicilərini elektrikləşdirilmiş dəmir yolunun tarixi ilə tanış edən kanalın müəllifi Oleq Vasilyev Sovet
İttifaqında birinci elektrik qatarının Azərbaycanın paytaxtı Bakı şəhərində fəaliyyətə başlamasından geniş
bəhs edib.
“SSRİ-nin ilk elektrik qatarı: keçmiş və gələcək” adlı videomaterialda müəllif o zamanlar bütün texnoloji
yeniliklərin adətən Sovet İttifaqının paytaxtı Moskva şəhərində tətbiq olunmasına eyham vuraraq, ilk
dəfə elektrik qatarından Bakıda istifadə olunmasının səbəblərini izah etməyə çalışıb.
Müəllif həmçinin Azərbaycanda son illər elektrik qatarlarından geniş istifadə olunması istiqamətində
görülən işlərdən söz açmış, köhnə dəmir yol xətlərinin bərpa olunması və ən son model elektrik
qatarlarının sərnişinlərin ixtiyarına verilməsini qeyd etmişdir. Bundan başqa, videoda Azərbaycanda
elektrik qatarlarında tətbiq edilən gediş haqqının digər ölkələrlə müqayisədə əhəmiyyətli dərəcədə aşağı
olması vurğulanmışdır.
Videosujeti bu keçid vasitəsilə izləmək olar: https://www.youtube.com/watch?v=rYj093Q67EY&fbclid=IwAR1SIB9HfPga5hBUZqYdrPnNUtlAnL_5aUvx-gE6_qBrKtKIzeu4UVP4DHU

Qeyd edək ki, 1926-cı il 6 iyul tarixində istifadəyə verilən Bakı – Sabunçu – Suraxanı elektrik dəmir yolu
xətti nəinki Azərbaycanda, bütün SSRİ-də ilk belə xətt olub. 2015-ci ilin sentyabrın 12-də Bakı-Sumqayıt
xəttinin açılışı baş tutub. Həmin xətt üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan ən
müasir elektrik qatarları hərəkət etməyə başlayıb. 2020-ci ilin martın 18-də isə Abşeron dairəvi dəmir
yolu xətti tam istismara verilib.