Bakı şəhəri, Nizami rayonunda yaşayan bir qadın 25-ci Polis Şöbəsinə müraciət edərək naməlum şəxsin yaşadığı evin yaxınlığında onun əlindən içərisində 85 manat və sənədlər olan çantasını alaraq qaçdığını bildirib.

Bakıxəbər.az-ın məlumatına görə Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Tərlan Umayev saxlanılıb. O, ifadəsində soyğunçuluq hadisəsini törətdiyini etiraf edib.

25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri daha əməliyyat tədbiri nəticəsində, paytaxt sakini Yusif Həsənova məxsus “Mercedes” markalı avtomobili qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Lənkəran şəhər sakini Ramal Ağacanov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, R.Ağacanov avtomobilin sahibi ilə əvvəldən tanış olub. Onlar birlikdə spirtli içki qəbul etdikdən sonra R.Ağacanov zərərçəkənin avtomobilin qaçırmaq qərarına gəlib. Amma Yasamal rayonu ərazisində dövlət yol polisləri onu saxlayan zaman R.Ağacanov avtomobili orada qoyaraq qaçıb. 25-ci Şöbənin əməkdaşları tərəfindən o, Lənkəran şəhərində saxlanılaraq istintaqa təqdim edilib.

Qeyd edilən faktlarla bağlı 25-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Nizami Rayon Polis İdarəsinə göndərilib. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya 25-ci Polis Şöbəsinə müraciət edə bilərlər.