Gürcüstanın Marneuli rayonunun mərkəzində yerləşən Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin barelyefinin bərpasına ehtiyacı var.

Bakıxəbər.az-ın yerli bürosu xəbər verir ki, abidə 2012-ci ilin dekabrında vaxtilə fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşəbbüsü və Azərbaycan dövlətinin dəstəyi ilə böyük şairin adını daşıyan küçədə ucaldılıb.

Doqquz ilə yaxın müddətdə barelyefin rəngi solub və üzərindəki mozaik daşların bir hissəsi qopub.

Abidənin restavrasiyası qüdrətli söz və fikir ustadının 880 illik yubileyinin qeyd olunduğu “Nizami Gəncəvi İli”nə böyük töhfə olardı. Bu xeyirxah missiyanı barelyefin yerləşdiyi küçənin sakinləri, Gürcüstanın azərbaycanlı icması və qonşu ölkədə fəaliyyət göstərən Azərbaycan şirkətləri öz üzərilərinə götürə bilərlər.

Qeyd edək ki, Marneulidə N.Gəncəviyə aid daha bir barelyef var. Çay Evinin qarşısında 2012-ci ilin sentyabrında açılan abidənin üzərində azərbaycanlı ədib ilə yanaşı görkəmli gürcü şair Şota Rustavelinin də surəti həkk olunub.

 Şölə Beyləqanlı (Ş Hüseyinova)