AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Arxeoloji irsin tarixi və nəzəriyyəsi” şöbəsinin müdiri, Naxçıvan MR ərazisində elmi tədqiqatlar aparan Xaraba Gilan arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru  Bəhlul İbrahimlinin “Naxçıvanın orta əsr şəhərləri: Aza (tarixi-arxeoloji tədqiqat)” (Bakı, “Avropa” nəşriyyatı, 2020, 348 s.) adlı monoqrafiyası nəşr edilib.

Monoqrafiya, Naxçıvanın orta əsr şəhərlərindən biri olan Azanın tarixinin və maddi mədəniyyətinin tədqiqinə həsr olunmuşdur. E.ə. I minilliyin əvvəllərindən mixi yazılarda adı gedən Aza yaşayış yeri yalnız iki min il sonra – XIV-XVI əsrlərdə şəhər kimi mövcud olmuş, Osmanlı-Səfəvi müharibələri gedişində bir neçə dəfə dağıntıya məruz qalaraq şəhər statusunu itirmişdir.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərviz Qasımovun saytımıza verdiyi məlumatda deyilir ki, monoqrafiyada qısa şəkildə bölgənin siyasi tarixinə də toxunulur. 1256-cı ildə Hülakü xan İsmaililəri darmadağın etdikdən sonra onlardan bir qrupu Ordubadın şərq tərəfində, Zəngəzur silsiləsinin əlçatmaz yerlərində məskən salaraq uzun müddət gizli yaşamış, İsmaili təriqətini Naxçıvan və Maku bölgələrində yaymışlar. Nüsnüs kəndindəki “Qırx kimsənə” pirinin onlara aid olması haqqında fikirlər vardır.

Naxçıvanda geniş yayılan daha bir dini cərəyan Nöqtəvilik (insan ruhunun canlılara və cansızlara keçməsi) olmuşdur. Bu cərəyan Sovet dövrünün ilk vaxtlarına qədər davam etmişdir. Orta əsr Aza şəhəri və ətrafındakı kəndlər nöqtəviliyin mərkəzi olmuşdur. Bu fikri nöqtəvilərin sitayiş etdikləri, qəbirlərin üzərinə, pirlərə, kəndlərə yaxın təpələrin üzərinə qoyulmuş və oraların ziyarətgaha çevrilməsinə səbəb olmuş qeyri-adi görünüşlü qara rəngli çay daşlarıdır. Aza orta əsr qəbiristanlığında, Aza pirində bu daşlar indi də durur və yerli əhali arasında onların qeyri-adi gücə malik olduğuna, gecələr gəzərək səhərlər öz yerinə qayıtdığına, hətta böyük daşların balaladığına inananlar vardır. Bu inancları, XX əsrin 20-ci illərində burada tədqiqat aparan V.M.Sısoyev və K.N.Smirnov da qeyd etmişlər.

Monoqrafiyada Aza şəhərinin arxeoloji tədqiqi, indiyədək saxlanmış abidələri və onların dövrü haqqında ətraflı məlumat verilir. Maraqlıdır ki, Aza şəhərinin abidələri XIX əsrin ortalarından tədqiqatçıların diqqət mərkəzində olsa da şəhərin  iç qalası haqqında indiyədək heç bir məlumat verilməmişdi. Aza şəhərinin üçqat müdafiə divarları ilə əhatə olunmuş iç qalası 2013-cü ildə Xaraba Gilan arxeoloji ekspedisiyasının tədqiqatları zamanı aşkar olunmuşdur.  Hazırda, şəhərin XIV-XVI əsrlərə aid abidələri içərisində beş tağlı körpü, qəbirüstü daş sənduqələr, türbə və hamam az-çox salamat qalmışdır. Abidələrin kütləvi şəkildə dağıdılması 1828-1830-cu illərdə buraya ermənilərin köçürülməsindən sonra baş vermişdir. Erməni tədqiqatçı S.V. Ter-Avetisyanın yazdığına görə XIX əsrin 70-ci illərində türbənin kaşıları sökülərək, onlardan beş tağlı körpünün yaxınlığında inşa olunan karvansaranın karnizində istifadə olunmuşdur.

Aza orta əsr şəhərinin istehsal etdiyi və xarici bazara çıxardığı məhsullar içərisində dövrün yazlı mənbələrində dəfələrlə adı keçən və arxeoloji tədqiqatların da təsdiq etdiyi şərabı xüsusilə qeyd etmək lazımdır. Etnoqrafik tədqiqatlar göstərir ki, bölgədə 30-dan artıq üzüm növü yetişdirilmişdi.

Şəhərin geniş ticarət əlaqələrinə malik olduğunu arxeoloji qazıntılar zamanı əldə edilən numizmatik materiallar da sübut edir. Numizmatik materiallar içərisində Bizans sikkələri, Mardin Artuklularından Nəsirəddin Artuk Arslanın (1201-1239) adından kəsilmiş mis sikkə, Osmanlı pulları, Səfəvilərə aid sikkələr xüsusən əhəmiyyətlidir.

Aza şəhəri və ətrafında qədim zamanlardan Kəngərli tayfasının iki qolu məskunlaşmış, şəhərin iqtisadi və siyasi həyatında mühüm rol oynamışdır. 1724-cü ildə Kəngərli Mənsur bəyin qoşunu ilə Osmanlı qoşunu arasında Aza yaxınlığında olan döyüş zamanı buradakı kəndlər dağıdılmış, əhalisinin bir hissəsi öldürülmüş, sağ qalanları dağlara sığınaraq sonradan başqa bölgələrdə yaşayan qohumlarının yanına köçmüşdür. V.N. Qriqoryevin məlumatına görə əhali yalnız XIX əsrin əvvəllərində buraya qayıda bilmişdir.

Monoqrafiyada, Aza şəhər yerinə aid olan bütün materiallar toplanaraq Azərbaycanın daha bir orta əsr şəhərinin tarixi və mədəniyyəti işıqlandırılmışdır.