Dekabrın 3-4-də Londonda NATO üzv dövlətlərinin növbəti sammiti keçirildi. NATO tarixində ilk dəfə idi ki, üzv ölkələr arasında ciddi narazılıqlar yığılmışdı.

“NATO-nun təsis edilməsindən 70 il sonra alyansın fəaliyyətinin nəticələri ilə tanış olmaq mümkündür. Lakin hərbi blok yeni təhlükələrə hazırlıqlı deyil. Rusiya alyans daxilində sabitliyi pozmağa çalışır, amma onun yeni güclü rəqibi meydana çıxıb”, – Almaniyanın “Die Welt” nəşri yazır.

“NATO cəlbediciliyini qoruyub saxlayır. Varşava sazişinin bir çox iştirakçı ölkəsi təşkilata qoşulub. Ukrayna və Gürcüstan kimi başqa ölkələr də var gücü ilə alyansın qapısını döyür. Demokratiya kommunizmə qalib gəlib, bazar iqtisadiyyatı plan iqtisadiyyatını sıxışdırıb çıxarıb, azadlıq isə avtoritarizmə üstün gəlib – bunların hamısında NATO-nun əməyi var”, – məqalə müəllifi Kristof Şilts (Christoph Schiltz) qeyd edir.

“Digər tərəfdən, bütün tarixi xidmətlərinə baxmayaraq, bu gün NATO-nun bünövrəsi dağıla bilər. Birliyin gələcəyi, gələcəkdə alyans üzvlərinin birinə hücum olduğu təqdirdə kollektiv müdafiə təminatının effektiliyi ilə bağlı narahatlığa əsas var”, – jurnalist hesab edir.

NATO-NUN PROBLEMLƏRİ

“Birincisi, nəinki xaricdə, daxildə də təhlükə var: NATO bu gün özü özünə təhlükə kəsb edir. Qərb ölkələri arasında ümumi razılıq yoxdur. (…) NATO strateji dilemma qarşısındadır. Siyasi baxımdan alyansın hərbi imkanlarına investisiya həyata keçirmək getdikcə çətinləşir. Təhdid siyasətinin gələcəkdə inandırıcılığını qoruyub saxlaması və lazım olduğu təqdirdə effektini nümayiş etdirməsi üçün pula ehtiyac var”, – məqalədə deyilir.

“İkincisi, blokun iki dövlətlə münasibətdə perspektivli strategiyası yoxdur. Rusiya ilə bağlı yeni debatların keçirilməsini tələb edən Fransa prezidenti haqlıdır. Lakin Çinin rolu barədə NATO-da böyük fikirayrılığı yaşanır: Amerika üçün Pekin düşməndir. Almaniya və Fransa isə ilk növbədə Çinin ticarət tərəfdaşı kimi təklif etdiyi imkanları vurğulayır. Əsas ziddiyyət də elə budur. (…) Almaniya ilə Fransa Pekini əsasən kommersiya baxımından nəzərdən keçirdikləri üçün onun özü ilə daşıdığı təhlükəni lazımınca qiymətləndirmirlər. Çin investisiyaların və iqtisadi gücünün hesabına regionda siyasi təsirə nail olmaq istəyir. (…) Çin hərbi imkanlarını o qədər artırıb ki, Avstraliya, Cənubi Koreya, Yaponiya və Tayvan kimi ölkələrdə Amerikanın qarant dövlət rolu getdikcə daha çox şübhə doğurur. Bütün bunlar Avropanın təhlükəsizliyinə, rifahına faciəvi təsir göstərə bilər”, – Şilts yazır.

“Üçüncüsü, alyansın daxilində sabitliyi pozan və bununla da Rusiyanın maraqlarına xidmət edən qüvvələr var. Türkiyə prezidenti Ərdoğan birtərəfli qərarlar (S-400, Şimali Suriya) verməyə başlayıb. Müdafiə xərclərinin artırılmasını tələb edən ABŞ prezidenti Tramp (Donald Trump) haqlıdır. Lakin onun institut kimi NATO-a sadəqəti bəzən şübhə doğurur”, – jurnalist qeyd edir.

“Alyansa “beyin ölümü” diaqnozu qoyan, avropalıları “strateji muxtariyyətə” səsləyən Makron (Emmanuel Macron) hərbi blokun birliyini təhlükəyə atıb, amerikalıları hirsləndirib, Şərqi Avropa sakinlərini özünə qarşı çıxarıb. Nəticədə NATO-ya üzv olan Şərqi Avropa ölkələri ABŞ-a daha çox sığınacaqlar, eyni zamanda AB daxilində Fransanın üstünlüyünü və amerikalı tərəfdaşlardan fərqli xüsusiyyətlərini nəzərdə tutan hər şeyə mane olacaqlar, – məqalədə deyilir.

“Bundan başqa, Parisdə yerləşən Strateji Araşdırmalar Fondunun (FRS) təhlükəsizlik məsələləri üzrə eksperti Fransua Heysburqun (François Heisbourg) fikrincə, Makron 5-ci maddəyə müvafiq şəkildə kollektiv müdafiə təminatı ilə bağlı şübhələrini açıq şəkildə ifadə etdikdən sonra Moskva bu maddənin təsirini sınaqdan çıxarmaq üçün aktiv fəaliyyətə keçə bilər. (…) Bunun üçün Baltikyanı ölkələr və ya Qara dəniz regionu, yəni, NATO-ya üzv olan böyük ölkələrdən uzaq yerləşən, regional məhdud ərazilər ən ideal yer olar”, – nəşr qeyd edir.

Şilts yeni formata ehtiyacın olduğunu düşünür: “Alyans daxilində etimad doğuran yeni əlaqələr qurmaq lazımdır”.

BİRGƏ BƏYANAT

NATO daxilində fikir ayrılıqlarına baxmayaraq, dekabrın 4-də sammit iştirakçıları birgə bəyanat qəbul etdilər. Bəyanatın ümumi ibarələri yenə də Avropa və Şimali Amerika arasındakı transatlantik ittifaqın önəmi vurğulanırdı və qarşılıqlı əməkdaşlıq prinsipinə sədaqətin bundan sonra da davam edəcəyi göstərilirdi.

İştirakçı ölkələr eyni zamanda etiraf edirdilər ki, NATO müxtəlif çağırış və təhlükələr qarşısında durmuşdur. Xüsusilə, bəyanatda “bütün formalarında terrorizmdən” və “Rusiyanın aqressiv hərəkətlərindən” söz açılırdı. Amma bununla yanaşı göstərilirdi ki, NATO tərəfindən Rusiya ilə dialoq dayandırılmayacaq. İlk dəfə olaraq Alyans ölkələri öz bəyanatlarında güclənməkdə olan Çini NATO üçün bir “çağırış” kimi dəyərləndirirlər. Amma eyni zamanda bəyanatda Çini NATO ölkələri üçün təhlükə kimi göstərməyiblər.

ABŞ prezidenti Donald Trampın dəfələrlə qeyd etdiyi kimi üzv ölkələrin təşkilat üçün xərclərinin artırılması məsələsi də bəyanatda öz əksini tapıb. NATO ölkələri bəyanatda belə bir müddəa ortaya qoyublar ki, üzv dövlətlər xərclərin artırılmasından boyun qaçırmır, lakin ölkələrin imkanları əsasında xərclərin ağırlığı bölüşdürülməlidir. Qeyd edək ki, Tramp əvvəllər bir sıra alyans üzvlərini, xüsusilə Almaniyanı tənqid edirdi ki, bu ölkə NATO –dakı xərc payını artırmaq niyyətində deyil.

Yekun bəyanatda bildirilir ki, NATO üzvləri öz hərbi əməliyyatlarını Alyans üzrə müttəfiqləri ilə razılaşdırlmalıdırlar. Qeyd edək ki, noyabrın əvvəlində Fransa prezidenti Emmanuel Makron “The Economist” jurnalına intervyusunda qalmaqallı müsahibə vermişdi. Belə ki, ABŞ –la Türkiyə öz aralarında əldə etdikləri razılaşmadan sonra Pentaqon ordusunu Suriyanın müəyyən ərazilərindən çıxarmışdı, bu isə Türkiyənin hərbi əməliyyatları üçün geniş şərait yaratdı. Bu olay Fransanın siyasi dairələrini olduqca narahat etməkdədir. Makron “The Economist” jurnalına müsahibəsində şikayət edirdi ki, Vaşinqton və Ankara Avropa partnyorları ilə yetərli məsləhətləşmələr aparmadan hərbi qərarlar qəbul edirlər. Makrona görə bu, NATO –nun “beyninin ölümü”dür.

Qeyd edək ki, ABŞ-ın Türkiyə ilə Suriya məsələsində razılaşmaya gəlməsi təkcə Fransanın mənafeyinə zidd deyildi. Almaniya da Türkiyənin hərbi əməliyyatları üçün ABŞ-ın yaşıl işıq yandırmasına çox əsəbi yanaşıb. Faktiki bu hadisə göstərdi ki, Türkiyə ən azından regional problemdə Fransa və Almaniyanı üstələyib birbaşa ABŞ-la siyasətini qurur.

TÜRKİYƏNİN NATO-DA DURUMU DƏYİŞİR

Faktiki olaraq 2000-ci illərin əvvəlindən başlayaraq, Türkiyə nəinki dünya miqyasında regionda, həmçinin NATO –da öz sözünü deməyə başlayıb. 70-ci illər Kipr böhranından sonra Türkiyə ikinci dəfə öz prinsipial mövqeyini və milli mənafelərini ortaya qoymaqdadır. Lakin bu dəfə Quzey Kipr problemində olduğu kimi Türkiyənin prinsipial mövqe nümayişi lokal xarakter daşımır. Burada artıq Türkiyənin siyasi dairələrinin uzun müddətli yeni bir milli strategiyanın dünyaya qəbul etdirilməsi işində israrlı olduğu görünür.

NATO Sammiti ərəfəsində də Türkiyə bir mövqe ilə tədbiri bütünlüklə  poza biləcəyini xüsusi nümayiş etdirdi. Belə ki, NATO sammitində müzakirə edilən məsələlərdən biri Rusiyanın mümkün aqressiv addımlarını önləmək üçün əsasən Polşa və Baltikyanı dövlətlər olmaqla bir sıra Şərqi Avropa ölkələrində NATO-nun hərbi təmsilçiliyinin artırılması nəzərdə tutulurdu. Bu cür tədbirin həyata keçirilməsi üçün NATO üzvlərinin həmrəyliyi tələb olunurdu. Amma Türkiyə Rusiyaya qarşı Şərqi Avropada hərbi təmsilçiliyin artırılması məsələsində razılıq vermək üçün mühüm bir şərt qoydu. Belə ki, NATO üzvləri YPG-PKK qüvvələrini terrorçu kimi tanımalı və onlarla əməkdaşlıqdan imtina etməli idilər. Aydın məsələdir ki, Londondakı NATO Sammitində Türkiyəni bu yoldan çəkindirməyi yalnız ABŞ edə bilərdi.

Belə də oldu… ABŞ Prezidenti Donald Trampla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Londonun “The Grove Hotel”ində görüşüb. Görüş NATO liderlərinin iclasından dərhal sonra baş tutub. Görüşün mətbuata qapalı keçirildiyi və yarım saat davam etdiyi bildirilib.

Görünür ki, hoteldə təkbətək görüşdə ABŞ –la Türkiyə arasında bu məsələdə nə isə bir bazarlaşma baş tutub. Çünki NATO Baş katibi Yens Stoltenberq Türkiyə də daxil olmaqla ittifaqa üzv digər dövlətlərin Baltikyanı ölkələr və Polşa üçün hazırlanan müdafiə planının təsdiq olunduğunu açıqlayıb. Latviya hökumətinin yaydığı açıqlamada da Türkiyənin də NATO-nun müdafiə planını qəbul etdiyi bildirilib.

Türkiyənin və ABŞ-ın bağlı qapılar arxasında hansı qarşılıqlı güzəştə getmələrini artıq sonrakı hadisələr göstərəcək.

AZƏRBAYCAN

Yaxin zamanlarda Baltikyanı ölkələr və Polşada NATO-nun müdafiə planı gerçəkləşməyə başlayacaq. Bu isə ilk növbədə həmin ərazilərdə NATO hərbi qüvvələrinin və hərbi texnologiyasının yerləşdirilməsi deməkdir. Bu, Rusiya ilə münasibətlərin ciddi kəskinləşməsi və nəticədə ilk növbədə Rusiya üçün ağrılı fəsadların meydana çıxmasına səbəb olacaq.

Rusiya Ukrayna, Gürcüstan, Moldova problemində və digər böhranlı məsələlər üzrə güzəştə getmək məcburiyyətində qalacaq.

Rusiyanın ən böyük problemi odur ki, o, Qərb qarşısında istər geri çəkilsə, istərsə də dirəniş göstərsə, hər iki halda ciddi geopolitik məğlubiyyətlə üzləşə bilər; əgər hər hansı bir möcüzə baş verməsə…

NATO və Rusiya qarşıdurmasında Azərbaycanının yeri özünəməxsusdur. Ciddiləşməkdə olan qlobal qarşıdurma gec-tez Azərbaycanı da seçim qarşısında  qoya bilər.

Amma biz unutmuruq ki, Qərb, xüsusilə ABŞ,  ermənipərəst, xristianpərəst mövqeyində heç də Rusiyadan fərqlənmir. Ona görə də bu qarşıdurmada bizim seçimimiz bu iki qlobal ermənipərəst, xristianpərəst və antitürk qüvvə ilə ehtiyatlı davranmaqdır.

Biz yalnız çalışmalıyıq ki, Türkiyə ilə ilk növbədə hərbi əməkdaşlığı maksimal dərəcədə gücləndirək.

Qarxunlu

“Millətçilik” qəzeti