Münhen Təhlükəsizlik Konfransı amerikalı senator Con Makkeynin adına mükafat təsis edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu təşkilatın mətbuat katibi Yohannes Şmid bildirib.

“Konfrans yaxın dostumuz və uzunmüddətli tərəfdaşımız Con Makkeynin xatirəsinə illik mükafat təsis etmək qərarına gəlib”, – deyə o vurğulayıb.

Y.Şmidin sözlərinə görə, mükafat Con Makkeynin ideyalarına yaxın mövzularda müxtəlif elmi səviyyələrdə dissertasiya işləri müdafə edən şəxslərə veriləcək. O cümlədən, söhbət Transatlantik münasibətlər, silahlı qüvvələrə parlament nəzarəti və Qərb ölkələrinin mənəvi məsuliyyəti məsələlərindən gedir.

Xatırladaq ki, ABŞ-ın Arizona ştatından olan senator Con Makkeyn avqustun 26-da 81 yaşında vəfat edib. O, uzun müddət beyin xərçənginin ağır formasından əziyyət çəkib.