Magistral yollarımız ölkə iqtisadiyyatının şaxələndirilməsinə, regionlarımızın sürətli inkişafına, ən əsası isə, xalqın sosial rifahının yüksəldilməsinə öz töhfəsini verməkdədir. Bir sözlə, müasirləşən yol şəbəkəsi infrastrukturu insanlara həm rahatlıq verir, həm də turizmin və regionların sosial-iqtisadi inkişafı üçün mühüm amilə çevrilir.
“Azərbaycanda ən müasir nəqliyyat-yol infrastrukturu yaradılacaq”, – deyən ölkə başçısı İlham Əliyevin sərəncamları və tapşırıqları ilə ölkəmizdə yol infrastrukturu ildən-ilə müasirləşir. Ölkə iqtisadiyyatının infrastruktur sahələri olan enerji, rabitə, təhsil, səhiyyə ilə yanaşı, nəqliyyat cəmiyyətin həyat fəaliyyətinin ilkin tələbatını təmin etməklə sosial, iqtisadi, xarici siyasət və digər dövlət prioritetlərinə nail olmaq üçün mühüm rol oynayır. Bu baxımdan nəqliyyat şəbəkəsinin təkmilləşdirilməsi və inkişafı ölkə üçün xüsusi əhəmiyyət daşıyır. Nəqliyyat sektorunun formalaşdırılması ölkənin beynəlxalq aləmə çıxışını təmin etməklə yanaşı, Azərbaycan məhsullarının xarici bazarlara çıxışını reallaşdırır. Artıq Azərbaycan beynəlxalq nəqliyyat sistemində əhəmiyyətli rol oynayan ölkəyə çevrilib. Buna ölkəmizin yerləşdiyi coğrafi mövqe və iqtisadi potensialı zəmin yaradır. Elə ölkə daxilində yeniləşdirilən yol infrastrukturu da dövlətin prioritet məsələlərindən hesab olunur. Beynəlxalq standartlara cavab verən bugünkü magistral yollarımız ölkəmizin simasını başdan-başa dəyişdirib. Respublika iqtisadiyyatının qüdrətini artıran bu yollar indi Avropa ölkələrinin yollarından heç də geri qalmır. Fərəhlidir ki, avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ilbəil artır. Hazırda ölkədə yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi hesabına da irimiqyaslı layihələr icra olunur.
Dünyada neftin qiymətinin aşağı düşməsinə və iqtisadi çətinliklərə baxmayaraq, ölkəmizdə dövlət başçısının rəhbərliyi ilə sosial-iqtisadi inkişafla bağlı nəzərdə tutulan bütün işlər uğurla və vaxtında icra olunur. Hətta demək olar ki, Azərbaycanda yol infrastrukturunun inkişafı dövlətin əsas prioritetlərindən birinə çevrilib.
Məlum olduğu kimi, dünən Prezident İlham Əliyev Mərdəkan-Zuğulba avtomobil yolunda yerüstü piyada keçidinin açılışında iştirak etdi. Həyata keçirilən məqsədyönlü işlər nəticəsində yol-nəqliyyat kompleksinin ayrı-ayrı qurğuları yüksək keyfiyyətlə tikilərək istismara verilir. Ümumiyyətlə Bakı şəhərində 113 piyada keçidi tikilib istifadəyə verilib. Onlardan 41-i yerüstü piyada keçidi, 72-si yeraltı piyada keçididir. Ölkəmizin respublika əhəmiyyətli magistral yollarında 64 yeraltı və yerüstü piyada keçidi, rayon və şəhərlərin daxilində 3 ədəd, ümumilikdə isə bu günədək ölkədə180 ədəd piyada keçidinin tikilərək istifadəyə verilməsi yol infrastrukturunun yaxşılaşdırılması sahəsində çox mühüm və ardıcıl işlərin həyata keçirilməsinin göstəricisidir. Bu gün ölkəmizdə avtomobil yollarında hərəkətin təhlükəsizliyini və vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə kompleks tədbirlər icra olunur. Bu baxımdan, yerüstü və yeraltı piyada keçidlərinin tikintisi işləri xüsusi əhəmiyyəti ilə seçilir. Görülən işlər ümumilikdə paytaxtımızın nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə töhfə verir və ölkəmizin artan iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, Azərbaycanda dövlət səviyyəsində sosial sahəyə olan diqqəti də aydın göstərir.

Anar MƏMMƏDOV
Milli Məclisin deputatı