Muxtar respublikada müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu ilk dəfə olaraq mərkəzləşdirilmiş qaydada test imtahanları vasitəsilə keçirilir

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün iyulun 17-də elan edilmiş müsabiqənin test imtahanlarına start verilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, müsabiqədə hər bir namizədə, ümumilikdə, 80 olmaqla, ixtisas üzrə 40, tədris metodikası və təlim strategiyalarına aid 25, informasiya və kommunikasiya texnologiyalarına aid 15 test tapşırığı təqdim edilir. Onlara test tapşırıqlarının yerinə yetirilməsi üçün 120 dəqiqə vaxt verilir və hər bir düzgün cavab bir balla qiymətləndirilir.

Stimullaşdırıcı tədbirlər tətbiq olunan müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 60 faizini (48 bal), digər müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 80 faizini (64 bal) düzgün cavablandıran namizədlər keçid balını toplamış sayılır. Həmin namizədlərdən ən yüksək bal toplamış şəxs müvafiq vəzifəyə təyin olunacaq.

Test imtahanı bitdikdən dərhal sonra hər bir namizədə cavab kartı və nəticəyə dair arayış təqdim edilir. Nəticələr gündəlik olaraq komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilir.

İmtahanlar sentyabrın 12-dək davam edəcək.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının məlumatına görə, müsabiqəyə 165 vakant vəzifə çıxarılıb. Ən çox vakant vəzifələr Şərur rayonu (48 yer), Şahbuz rayonu (29 yer) və Ordubad rayonu (27 yer) üzrədir.

Müsabiqədə iştirak etmək üçün müraciətlər müsabiqə elan edildiyi gündən etibarən 30 gün ərzində komissiyanın internet portalı vasitəsilə elektron formada qəbul olunub və 527 namizəd sənəd təqdim edib. Ən çox müsabiqə vəziyyəti ibtidai sinif müəllimliyi (166 müraciət), ingilis dili (84 müraciət), riyaziyyat (43 müraciət), coğrafiya (42 müraciət) və tarix (41 müraciət) ixtisasları üzrə qeydiyyata alınıb.

Muxtar respublikada müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu ilk dəfə olaraq mərkəzləşdirilmiş qaydada müsabiqə və şəffaflıq əsasında, elektron proqram təminatı tətbiq olunmaqla test imtahanları vasitəsilə keçirilir.