Moldovada yaşayan  azərbaycanlılar bu gün Azərbaycanın buradakı səfirliyinə gələrək, ölkəmizin ordusuna və prezidentinə dəstəklərini ifadə ediblər.
Bu barədə “Report”a Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov məlumat verib.

O bildirdi ki, azərbaycanlılar səfirliyə gələrək, Azərbaycan Ordusunun və Prezidentinin yanında olduqlarını bildirdilər:

“Soydaşlarımızı səfirlikdə qəbul etdik, səmimi bir ortamda fikir mübadiləsi apardıq. Diasporumuzun fəal üzvləri olan azərbaycanlılar bildirdilər ki, Ermənistanın Tovuz rayonu istiqamətində törətdikləri təxribatlardan hiddətləniblər. Onlar həmçinin, Prezident İlham Əliyevin çıxışlarını, o cümlədən Nazirlər Kabinetinin iclası zamanı etdiyi çağırışı dinləyiblər. Soydaşlarımız bildirdilər ki, ordumuza və Prezidentimizə dəstək məqsədi ilə könüllü şəkildə Azərbaycan Silahlı Qüvvələri tərkibində erməni işğalçılarına qarşı döyüşməyə hazırdırlar. Onlar rəsmi qaydada könüllü olaraq orduya getmək üçün müraciətlər etdilər, səfirliyin bunu rəsmiləşdirməsini istədilər, lazım olan anda Vətənə yola düşməyə hazır olduqlarını bildirdilər. Biz həmin şəxslərin müraciətlərini qəbul etdik və müvafiq dövlət qurumlarına təqdim edəcəyik”.
Səfir həmçinin qeyd etdi ki, soydaşlarımız Moldovada ermənilərin vəhşi hərəkətlərini, atəşkəs rejiminə əməl etməyərək, Azərbaycan ordusunun hərbçilərini və mülki əhalini gülləboran etməsini, General Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin və digər 10 hərbçimizin şəhid, 1 mülki şəxsin evinə atılan mərmi nəticəsində həlak olmasını, danışıqları pozmasını dünyaya çatdırmaq üçün əllərindən gələni edirlər:

“Bu barədə sosial şəbəkələrdə məlumatlar yayırlar və qarşıdakı günlərdə Moldovada beynəlxalq təşkilatların qarşısında aksiya keçirərək, onlara bəyənatlarını təqdim edəcəklər. Artıq bu aksiyalara razılıq verilməsi üçün müvafiq dövlət qurumlarına müraciət ediblər, cavab verilən kimi nümayişlər reallaşdırılacaq. Soydaşlarımız diqqətə çatdırdılar ki, mətbuat konfransı da təşkil edərək, Moldova KİV-lərini erməni təxribatlarına dair məlumatlandıracaqlar”.

Səfir bildirdi ki, Moldovada yaşayan soydaşlarımız arasında həm birinci Qarabağ savaşının, həm də Moldovada müharibədə döyümüş, hər iki döyüşdə şücaətlərinə görə mükafatlandırılan bir şəxs də var:

“Şöhrət Əhmədov əslən Lənkərandandır və iki müharibə görüb. Təsəvvür edin, pandemiyaya görə təyyarə tapa bilmir, israrla tələb edir ki, onu necəsə yola salaq, gedib Azərbaycanda döyüşmək istəyir”.