Moldovada prezident seçkilərində səsvermə üçün bütün ölkə üzrə seçki məntəqələri fəaliyyətə başlayıb.

Bakıxəbər.az xəbər verir ki, respublika seçiciləri növbəti dörd ilə dövlət başçısını seçirlər.

Birinci turda seçicilərin 33,3 faizinin seçkidə iştirakı tələb edilir.

Yerli vaxtla saat 7:00-da (Bakı vaxtı ilə saat 9:00-da) Moldovada 2 000-dən çox seçki məntəqəsi açılıb, daha 139 məntəqə xaricdə fəaliyyət göstərir. Səsvermə yerlərində videomüşahidə kameraları qurulub. Pandemiya təhlükəsinə görə bütün seçicilərə qoruyucu maskalar veriləcək.

Prezident seçkiləri zamanı seçki məntəqələrində təhlükəsizliyin təmin olunması üçün təxminən 6 min polis əməkdaşı cəlb edilib.

Moldovada seçkilərin keçirilməsini 1 900 yerli və 309 beynəlxalq müşahidəçi izləyəcək.

Seçki məntəqələri saat 21:00-da bağlanacaq.

Şövkət Hüseyinova