Prezident İlham Əliyev Azərbaycana rəhbərliyə başladığı ilk günlərdən  düşünülmüş, davamlı və uzaqgörən  siyasət yürüdüb. Məhz bu siyasət tarixinin ən qüdrətli Azərbaycanının  yaranmasına,  Vətən müharibəsində Ermənistanın darmadağın edilərək təsliminə, şanlı zəfər sayəsində  ərazilərimizin  işğaldan azad edilməsinə  səbəb oldu.

Azərbayan dövləti və xalqı Vətən müharibəsində qazanılan şanlı qələbə sayəsində qarşısında duran əsas problemin həllinə nail oldu. Artıq Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub və ölkəmizin ərazi bütövlüyü təmin edilib. Qarşıda isə bizi yeni mühüm vəzifə gözləyir ki, bu da işğaldan azad olunan ərazilərin bərpa edilməsi ilə bağlıdır.

Məlum olduğu kimi, minaları yerləşdirmək asan, təmizləmək isə olduqca çətindir. Minalı bölgələr insanların həyatı üçün təhlükə yaratmaqla yanaşı, bu torpaqlardan səmərəli istifadə işinə mane olur. Azərbaycan Respublikası da münaqişə bölgəsi olaraq ərazilərini minalardan təmizləmək uğrunda hər zaman mübarizə aparan çoxsaylı ölkələrdən biri olub. Torpaqlarımız azad olunduqdan sonra bir daha bəlli oldu ki, çox böyük miqyaslı minalanma həyata keçirilib. Mina problemi qarşımızda duran ciddi problemdir. Artıq xeyli müddətdir ərazilərin minalardan təmizlənməsi prosesi gedir.Əfsuslar olsun ki, son vaxtlarda işğaldan azad olunmuş ərazilərimizdə mütəmadi olaraq baş verən mina partlamaları nəticəsində mülki vətəndaşların həlak olma faktları artmaqda davam edir. Bunun da əsas səbəbi işğalçı dövlətin minalanmış ərazilərin xəritəsini verməməsidir. Bu isə birbaşa 10 noyabr üçtərəfli razılaşmanın şərtlərinin kobudcasına pozulması deməkdir.

Münaqişələr bitdikdən sonra  minalı sahələrin xəritələri qarşı tərəfə təqdim edilir ki,  həmin ərazilərə gələcək olan mülki əhali bundan zərər görməsin. Ancaq mənfur düşmən  işğalda saxladığı Azərbaycan torpaqlarının minalanmış xəritələrini nəinki təhvil vermir, hətta bu ərazilərdə hərbi təyinatı olmayan torpaqları belə minalayıb.  Bu isə qərəzli şəkildə minalanmış ərazilərdə mülki vətəndaşların bilərəkdən həlak olması deməkdir. Təbii ki, bu zaman yaralanan və həlak olan hər bir mülki vətəndaşımıza və hərbçilərimizə görə erməni terrorçuları cavab verməlidirlər.  Lakin yenə də beynəlxalq ictimaiyyət buna göz yumur, terrorçuya qarşı heç bir sanksiya tətbiq etmir. Belə olduğu təqdirdə isə biz beynəlxalq dəstəyi daha da gücləndirməli, terrorçu ölkənin faşist mahiyyətini daha geniş şəkildə faktlarla dünya ictimaiyyətinə təqdim etməliyik.

Düşmənin  təxribatlarına baxmayaraq isə Azərbaycanın işğaldan azad edilən ərazilərdə bərpa planları kifayət qədər genişdir. Prezident İlham Əliyev bu məsələ ilə bağlı hədəfləri cəmiyyətimizə  çatdırıb. Güclü dövlət olan Azərbaycan işğaldan azad edilən torpaqlarımıza həyatı qaytarmaq, bu əraziləri dirçəltmək əzmindədir.

Anar MƏMMƏDOV

Milli Məclisin deputatı