Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva onu İngiltərədəki sərvətinin mənbəyini ortaya qoymağa məcbur edən və ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) adlı qanunun ləğvi üçün məhkəməyə müraciət edib.

Virtualaz.org “The Guardian” nəşrinə istinadən xəbər verir ki, Hacıyeva dekabrın 12-də vəkili vasitəsilə Apelyasiya Məhkəməsinə müraciət edərək UWO-nun “müdaxiləçi” olduğunu bildirib. Qeyd olunur ki, Hacıyeva Apelyasiya Məhkəməsindən UWO-nu ləğv etmək cəhdini rədd edən Ali Məhkəmənin əvvəllər verdiyi qərarı dəyişdirməyi xahiş edir. 56 yaşlı Hacıyevaya qarşı qaldırılan ittiham aktında bildirilir ki, o, Avropadakı lüks butiklər, otellər, restoran və məşhur mağazalarda 15,5 milyon funt sterlinq xərcləyib. O, özünə, ailə üzvlərinə qızıl, daş-qaş alıb, 3 uşağının yüksək təhsil haqqını ödəyib. “Harrods”da isə 10 il boyunca 16 milyon funt sterlinq xərcləyib.

İNGİLİS UWO-su

“İzahedilməz Sərvət Sərəncamı” ilə bağlı hər şey 2018-ci ilin yanvarından başlayıb. O vaxt Britaniya hakimiyyəti izahedilməz sərvətlə bağlı sərəncam vermək hüququ əldə etmişdi. Bu, hüquq-mühafizə orqanlarına şübhəli aktivlərə həbs qoymaq səlahiyyəti verirdi. Həmin aktivlərin sahibləri onları əldə etmək üçün pulu haradan aldıqlarını izah etməlidirlər. Hökumət bəyan edib ki, sərəncam çərçivəsində 50 min funt sterlinqi keçən şübhəli aktivlərə həbs qoya bilərlər. Qeyd edək ki, Londonda bir evin dəyəri 50 min funt sterlinqdən aşağı deyil. Bununla belə, yeni qaydalardan yalnız qanunsuz yolla külli miqdarda vəsait əldə etmiş, vaxtilə yüksək vəzifə tutmuş və ölkələrində barələrində cinayət işi başlanmış şəxslər və onların ailə üzvləri narahat olmalıdırlar.

İngiltərənin Cinayətkarlığa qarşı Milli Mübarizə Agentliyinin (National Crime Agency, NCA) ölkədə istifadə edilən pulun qanuni olduğuna dair sübut təqdim edilmədiyi təqdirdə əmlakı ələ keçirmə səlahiyyəti var. NCA “çirkli pullar”a qarşı qanunların qüvvəyə minməsindən sonra gəlirlərin açıqlanmasına ikinci dəfədir ki, order almağa müvəffəq olub. Bu qanunlar “MakMafiya qanunları” (McMafia laws) kimi tanınır. 2018-ci ildə qəbul olunmuş “McMafia” qanununa görə, Britaniyanın hüquq-mühafizə və vergi orqanları siyasi önəmə malik şəxslərin (Politically Exposed Persons, PEP) varidatlarının mənşələrini araşdırmaq, habelə zərurət yaranarsa, bu əmlaka həbs qoymaq səlahiyyətləri əldə ediblər. Həmin adamlar Avropa Birliyinin iqtisadi məkanından xaricdə olduqlarından onların əməllərindəki rüşvətxorluq və korrupsiya hallarını Britaniyada araşdırmaq de-yure mümkün deyildi. Lakin artıq qanuni imkanlar yaranıb.

London polisinin məlumatına görə, Böyük Britaniyada hər il cinayət yolu ilə əldə edilmiş 100 milyard funt sterlinq yuyulur. Bu vəsaitlə Londonda daşınmaz əmlak və şirkətlər alınır.

Hətta, bu ay NCA, oxşar çirkli pul araşdırması apardıqdan sonra pakistanlı mülk kralına məxsus 190 milyon funt sterlinq dəyərində bir ev, o cümlədən 50 milyon funt sterlinqlik bir əmlakı ələ keçirib.

HACIYEVLƏRİN MÜƏMMALI KAPİTALI

Xatırladaq ki, Zamirə Hacıyeva Londonun “Harrods” mağazasında 16 milyon funt sterliqn xərclədikdən sonra Britaniya səlahiyyətlilərinin diqqətini çəkmişdi. O, 2018-ci ilin oktyabrında Böyük Britaniyanın “İzahedilməmiş Sərvət Sərəncamı”nın şərtlərinin ilk hədəfi olan şəxs kimi tarixə düşüb. Hacıyevanın 57 yaşlı əri Cahangir Hacıyev isə 2001-2015-ci illərdə ABB-nin rəhbəri olub və daha sonra dələduzluq maddəsilə 15 il həbsə məhkum edilib.

Vəzifəsindən sui-istifadə etdiyinə görə 15 illik həbsə məhkum edilmiş Cahangir Hacıyevin xanımı Londonun Knightsbridge ərazisində mülklərə sahibdir. Ərinin dövlət işçisi kimi qazancı heç vaxt 70 min dolları keçməyən Hacıyevanın bu pulları haradan alması şübhə doğurub.

Qeyd edək ki, Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva bankirin həbsindən 1 il öncə ölkədən gedib. Zamirə Hacıyeva 2009-cu ildən 2015-ci ilədək Azərbaycan Beynəlxalq Bankından (ABB) 97 milyon dollar (76 milyon funt-sterlinq) vəsaiti mənimsəyən 37 nəfərlik mütəşəkkil cinayətkar qrupun üzvü olub. Azərbaycanda məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib,  axtarış elan olunub.

Z. Hacıyeva çirkli pulların yuyulması, bankın pullarının mənimsənilməsində günahlandırılır. 2018-ci ildə tutulan Zamirə Hacıyeva girov qarşılığında qismən azadlığa buraxılıb.

London Ali Məhkəməsinin qərarı ilə 500 min funt sterlinq məbləğində zaminliklə azadlığa çıxan Zamirə Hacıyeva gecə saatlarında polis şöbəsindən evə qayıdıb.

2019-cu ilin iyun ayında İngiltərənin Vestminster magistrat məhkəməsində Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın işi üzrə növbəti məhkəmə prosesində Azərbaycan hökumətini təmsil edən Helen Malkolm məhkəməyə Hacıyevanın adından verilən 10 kredit kartından 14,5 milyondan 15,5 milyon funt sterlinqə qədər pul xərclənib, digərləri isə ögey qızının və ərinin şəxsi mühafizəçisinin adına rəsmiləşdirildiyini deyib:

“Hacıyev 15 il həbs cəzası alıb və 39 milyon dolları (30,5 milyon funt sterlinq) geri ödəmək tapşırılıb. Bununla bağlı onlar apellyasiya şikayəti versələr də, rədd edildi”.

Məhkəmədə bildirilib ki, Hacıyevin dövlət qulluqçusu kimi gəliri 29-70 min dollar arasında olub. Bundan başqa onun qanuni gəlir mənbəyi olması ilə bağlı hər hansı sübut tapılmayıb. Zamirə Hacıyevanın isə hər hansı rəsmi gəliri olmayıb və o, qızıl sataraq yaşayışını təmin edib.

“Hacıyevaya qarşı açılan iş əriylə əlbir olub dələduzluq etməsinə görədir”, – deyə Malkolm bildirib.

Hacıyevanın vəkili Hüqo Keys QC isə ittihamları rədd edərək bildirib ki, Hacıyeva əri Azərbaycanda həbsdə olduğu üçün mühakimə edilir və pul xərcləmək heç də cinayət sayılmır.

Onun şəxsiyyət vəsiqəsi polisdə saxlanılır, qolunda elektron nəzarət qolbağı var. Hazırda Londondakı evində yaşayan Hacıyevaya şəhərdən çıxmaq qadağan edilib. 2019-cu ilin sentyabr ayında Vestminster şəhər məhkəməsində keçirilən prosesdə isə onun Azərbaycana ekstradisiya olunmayacağı barədə qərar qəbul edilib.

İndiki məhkəmənin qərarına görə, 7 gün ərzində Hacıyeva öz var-dövlətinin qanuni mənbəyi haqqında izahat verməlidir. Əgər bu baş tutmasa, NCA Hacıyevanın adına olan bütün mülkləri müsadirə edərək auksiona çıxaracaq. Əldə olunan pullar Böyük Britaniya xəzinəsinə köçürüləcək.

MİLLƏTİN PULU

Keçmiş sovet respublikalarında dövlət məmurları arasında dövlət büdcəsini çapıb-talayan və ya vəzifəsindən sui-istifadə edib qanunsuz şəkildə iri maliyyə ələ keçirən cinayətlkarların olması nadir hadisə deyil. Sabaha inanmayan və gec-tez öz millətinin mühakiməsi qarşısında duracağını anlayan bu tip cinayətkarlar yeganə çıxış yolunu oğurluq və qanunsuz kapitalını xarici bir dövlətə ötürmək və günün bir günü aradan çıxmaq kimi sadə plandgörürlər. Zamirə Hacıyeva nümunəsi bunu aşkar göstərir.

Vəzifədən istifadə edərək cinayət yolu ilə əldə edilən qanunsuz pullar bu millətin puludur. Vəzifə sahibi olmuş bu tip cinayətkarlar belə bir fikirdədirlər ki, onlar bu pulları öz ailələri üçün çırpışdırıblar. Hətta bir çox bu tip məmurlar öz övladlarını xarici bir dövlətdə yaşamasını, vətəndaşlıq almasını təmin edirlər. Çünki anlayırlar ki, əgər Azərbaycanda qalsalar, bu qanunsuz pulların hamısını və ya bir hissəsini millətimiz gec-tez dövlət büdcəsinə qaytarılmasını tələb edəcək. 90-cı illərdən nə qədər keçmiş məmurun və “dövlət xadiminin” oğurladığı pullarla aradan çıxdığının, xaricdə yaşayan övladlarına ötürdüyünün şahidiyik. İndiyə qədər oğurluq pulların çox cüzi hissəsi dövlətimizə qayıtması təmin edilib.  

Amma hadisələrin gedişi göstərir ki, onlar bu pulu öz ailələri üçün deyil, əslində yad millət üçün oğurlayıblar. Bizim millətdən oğurlanan pulun yad millətə qismət olmasının iki senarisi var. Birinci halda, cinayətə baş vurmuş vəzifəli şəxs millətimizdən oğurladığı pulu xaricdəki övladına ötürür. Övladı və ya nəvəsi isə, xarici dövlətdə yaşadıqca, yad millətin mühitində boya-başa çatdıqca özgələşir, yad millətin nümayəndəsi ilə ailə qurur və hər bir variantda bu pullar artıq yad millətin milli kapitalına çevrilir.

İkinci variant isə, Z.Hacıyevanın nümunəsidir. Azərbaycan xalqından oğurlanmış pulları yad ölkə müsadirə edir və öz xəzinəsinə keçirir.

Vəzifəli şəxslər içində olan bəzi cinayətkarlar öz millətindən oğurladığı pulun son nəticədə ayrı millətə qismət olacağını öncədən bilirdi və ya bilmirdi — bu ritorik problemi həll etmək fikrində deyilik. Fakt odur ki, MİLLƏTİMİZDƏN pul oğurlayan və xaricə ötürən, məmurların arasına daxil olmuş bəzi cinayətkarlarla, torpaqlarımızı işğal etmiş erməni işğalçısı arasında fərq yoxdur! Hər ikisi MİLLƏTMİZƏ və DÖVLƏTİMİZƏ məxsus sərvəti talan edir!

Xaricə övladını, ailəsini və oğurluq pulu ötürən cinayətkar artıq asayişə təhlükə olan sıradan bir cibgir, ev oğrusu, quldur deyil. Bu tip cinayətkar MİLLƏTİMİZİN VƏ DÖVLƏTİMİZİN DÜŞMƏNİDİR! Onun cəzalandırılması milli qeyrət və milli təhlükəsizlik məsələsidir!

Özünə hörmət edən güclü millətlər həmişə bu məsələyə ciddi yanaşmışlar. Ermənilər (və bəzi başqa millətlər)  öz millətlərinin pulunu oğurlamış soydaşlarını ailəliklə cəzalandırırlar. Ona görə də, “öz millətinə atmaq” məsələsi bu millətlərdə ciddi tabu qoyulub. Arada milli diasporlar, milli xüsusi xidmət və milli-dini mərkəz var. Dünyanın elə bir yeri yoxdur ki, öz millətindən oğurluq etmiş erməni qaçıb gizlənə bilsin. Öz millətindən oğurluq etmiş erməni anlayır ki, əgər İnterpoldan qaçıb gizlənə bilsə də, özü erməni diasporundan, kriminalından və kilsəsindən gizlənə bilməyəcək. Özü də olmasa, övladları, nəvələri və nəticələri milli qisasın hədəfi olacaq. Söhbət təkcə pulun qaytarılmasından getmir, söhbət millətin birliyini qoruyub saxlamağa yönlənmiş prinsipdən gedir!

Biz isə böyük təhlükə ilə üz-üzəyik! Sıradan bir azərbaycanlı görür ki, yüksək vəzifə tutan kimsə dövləti və milləti soyub-talayır, oğurluq pulları xaricdə yaşayan ailəsinə ötürür və rahatlıqla xaricdə yaşamaq üçün “təqaüdə” çıxır. Bu sıradan bir azərbaycanlıdan MİLLƏTƏ VƏ DÖVLƏTƏ SEVGİ GÖZLƏMƏK OLACAQMI?!

Bu böyük təhlükədir! Bu, milləti içəridən ideoloji cəhətdən məhv edən mənəvi və ideoloji xərçəng xəstəliyidir.

Biz dünyaya göstərməliyik ki, Azərbaycan “banan respublikası” deyil! Biz dünyaya göstərməliyik ki, Azərbaycan Türklüyü “yamyam tayfa yığını” deyil, öz milli mənliyi olan MİLLƏTDİR!

Qarxunlu

Millətçilik” qəzeti