Gəncədə baş vermiş dramatik hadisələrlə bağlı ziyalılarımızın və din xadimlərimizin açıqlamalarını izləməkdəyik. Bəzən bu hadisələrin kökü barədə fərqli yozumlara da rast gəlmək olar. Hər halda söz və fikir azadlığıdır və hər kəs öz yorumunu bildirməkdə azaddır.

YOZUMLARDAN BİRİ

Məsələn, bir yazar özəl TV-lərin birində Gəncədə baş vermiş terror aktlarına və kütləvi iğtişaşlara cəhdin kökündə “qısa şalvarlı” dini radikalların durmasını, xaricdən kiminsə bu hadisələrə İrandakı radikalların qarışmasına çalışdığını bildirib. Bu cür şəxsi şərhindən sonra yazar ona təhdidlərin gəlməsini bildirdi.

Yazara ünvanlı təhdidlərə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli  kəskin reaksiya verərək, öz fikrini bildirdiyinə görə hər hansı bir vətəndaşa qarşı təhdidlərin yolverilməz olduğunu vurğuladılar.

Ola bilsin ki, bu təhdidləri yazarın nəzərdə tutduğu “qısa şalvarlı”lar edirlər, ya da kimsə bu təhdidlərin “qısa şalvarlı”ların adına yozulmasına çalışır. Digər versiyalar da ola bilər, amma bu məsələ hüquq-mühafizə orqanlarının  fəaliyyət müstəvisindədir.

Lakin bu şərhdən və onunla bağlı məsələdən cəmi 3 gün keçməmiş APA öz mənbələrinə istinadən şok məlumatlar yaydı.

XARİCDƏN UZANAN ƏLLƏR

Belə ki, Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsd törətmiş Yunis Səfərovu hərbi təlimlər keçmək və döyüşlərdə iştirak etmək üçün Suriyaya göndərmiş Tohid İbrahimbəylinin bu istiqamətdə İranda dini təhsil alan azərbaycanlı tələbələrə xüsusi diqqət yetirdiyi məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, T. İbrahimbəyli 2015-ci ilin sonu, 2016-cı ilin əvvəllərində  Qum və Məşhəd şəhərində dini təhsil alan 14 nəfərə Suriya ərazisində İŞİD ilə mübarizə üçün azərbaycanlı tələbələrdən ibarət “Hüseyniyyun” (Hüseynçilər) adlı silahlı dəstə yaratmaq niyyətində olduğunu bildirib.

  1. İbrahimbəyli həmin 14 tələbəni əvvəlcə Qum şəhərində  İsgəndər Hüseynovun iş yerində (“Nur” Tərcümə Müəssisəsi) toplayıb, 1 gün gözlədikdən və təlimatlandırdıqdan sonra Suriyanın paytaxtı Dəməşq şəhəri yaxınlığında yerləşən hərbi hissəyə aparıb. Dəməşq şəhərində olarkən T. İbrahimbəyli onları təkcə İŞİD ilə mübarizəyə deyil, həm də Azərbaycanda silahlı münaqişəyə hazırlamaq niyyətində olduqlarını bildirib. 25 günlük təlimdən sonra onlar 4-5 nəfərlik qruplara ayrılıb, T. İbrahimbəyli bu qruplardan biri ilə Suriyanın Tedemor şəhərinə gedib. Həmin şəhərdə 20 gün qaldıqdan sonra T. İbrahimbəlyinin olduğu qrup Məşhəd şəhərinə qayıdıb. Bir müddətdən sonra T. İbrahimbəylinin təklifi ilə hərbi təlim keçmək üçün həmin qrup yenidən Suriyaya gedib. Həmin tələbələrdən biri olan Elmir Zahidov 10 gündən sonra hərbi təlimdən imtina edərək Məşhəd şəhərinə geri qayıdıb. E. Zahidov həmin təlimdən imtina etdiyinə görə təhsil aldığı Xoi mədrəsəsinin rəhbərliyi tərəfindən sıxışdırılıb və T. İbrahimbəyli tərəfindən təhqir edilib. E. Zahidov 2018-ci ilin iyun ayında təhsilini yarımçıq qoyaraq Azərbaycana qayıdıb. Digər tələbələr isə Suriyada hərbi təlimdə iştirak ediblər.

XəzərTV-nin məlumatına görə, 1996-cı il təvəllüdlü, Neftçala rayonunun Aşağı Surra kəndindən olan Elmir Savadxan oğlu Zahidovun həyat yoldaşı T.İbrahimbəlyinin bibisi qızıdır.

Xatırladaq ki, bundan əvvəl APA-nın hüquq mühafizə orqanlarından əldə etdiyi  məlumata görə, mütəmadi olaraq Azərbaycan dövlətçiliyi əleyhinə radikal çağırışlar edən Tohid İbrahimbəyli hələ 2017-ci ilin yanvarında radikal şiə təriqətçilərinə məxsus “nur-az.com” internet saytı vasitəsilə Elmar Vəliyevin öldürülməsinə çağırış edib.  Yunis Səfərovla bağlı məlumatın araşdırılması zamanı məlum olub ki, bır sıra Azərbaycan vətəndaşları 2013-2016-cı illər ərzində Tohid İbrahimbəyli tərəfindən İranın Qum şəhərində toplanaraq maddi maraq qarşılığında qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etmək üçün Suriya ərazisinə göndərilib. İstintaq zamanı Göyüşov Taleh Həsən oğlu və Tohid İbrahimbəylinin yaxın qohumları İbrahimli Həbib Əkbər oğlu, Musayev Pərviz Əlimusa oğlu, Ziyadov Elmir Savadxan oğlunun Yunis Səfərovla birgə İran İslam Respublikasının Qum şəhərində Tohid İbrahimbəyli tərəfindən təşkil edilmiş gizli toplantıda və Suriya ərazisində qanunsuz silahlı birləşmələr tərkibində döyüşlərdə iştirak etdikləri müəyyən edilib. Həmçinin müəyyən olunub ki, Taleh Göyüşov bu ilin 10 iyul tarixində Gəncədə polis əməkdaşlarına soyuq silahla hücum edilməsi ilə müşayiət olunan qanunsuz aksiyanın fəal iştirakçısı olub.

Qeyd edilən şəxslər 14 iyul tarixində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunublar.

CAVABINI GÖZLƏYƏN SUALLAR

Əgər təhdid edilən yazarın versiyasından çıxış edərək APA-nın ilk olaraq yayımladığı bu şokedici xəbəri təhlil etsək onda bir neçə versiya masanın üzərindədir. Birinci versiyaya görə, kimsə günahı “qısa şalvarlıların” üzərinə yıxmaq istəyir. Onda bu qüvvə kimdir?

İkinci versiyaya görə, Tohid İbrahimbəyli öz hərəkətləri ilə İran İslam Respublikasının imicini zərbə altına qoymaqdadır. Əgər təsəvvür etsək ki, Rusiyanın hansısa incik düşmüş vətəndaşı Azərbaycanda sığınacaq alıb, Rusiyaya qarşı terror əməlləri təşkil etsə, zərbə Azərbaycanla Rusiya arasındakı münasibətlərə dəyə bilər. İndi bu cür fəaliyyətlə T.İbrahimli Azərbaycan-İran münasibətlərini düşünülmüş və ya düşünülməmiş olaraq zərbə altına qoyur?

Üçüncü versiya budur ki, İrandakı hansısa qüvvə oradakı ekstremist qüvvəni himayə edir və Azərbaycanda terror aktlarına yaşıl işıq yandırır. Bu halda, həmin qüvvəni İranda kim təmsil edir?

Dördüncü versiya isə daha düşündürücüdür. İranla Azərbaycanın münasibətlərini korlamaq istəyən  hansısa üçüncü xarici ölkə kəşfiyyatı çox incə senari fikirləşib. Bu senariyə görə, İranda fəaliyyət göstərən ekstremist təşkilata üçüncü bir ölkə öz agentini yerləşdirib və ya bu təşkilatı himayə edən birbaşa üçüncü ölkə kəşfiyyatının agentidir. Lazım gəldiyi vaxtda, yəni, Azərbaycanla İranın münasibətlərinə kölgə gətirmək üçün  İrandakı özünün təsir agentinə/agentlərinə üçüncü bir ölkənin kəşfiyyatı “başla!” əmrini verib. Belə isə, bu hansı ölkənin kəşfiyyatıdır?

Yuxarıdakı məlumatda göstərilir ki, hansısa bir saytda dini radikalçı Azərbaycandakı dövlət məmurunun öldürlüməsinə çağırış edib. Maraqlı suallar ortaya çıxır. Niyə bu və bunun kimi dini radikalçılar erməni işğalçılarına qarşı cihada çağırmırlar, ölüm fitvaları vermirlər? İstər şiə, istər sünnilərin ortaq müsəlman ata-baba yurdunu, torpaqlarını işğal edən, dinc müsəlman əhaliyə vəhşi divan tutan, müsəlmanın namusuna təcavüz edən erməni işğalçısı bəyəm, islamın düşməni deyil? Niyə erməni işğalçısına qarşı dini radikalçı çağırışlar etmir, firvalar vermir? Çəkinir ki, İranla qondarma “ermənistanın” münasibətləri korlansın?

Sözsüz, inanırıq ki, bizim hüquq-mühafizə və dövlət təhlükəsizliyi orqanları əməkdaşları bu çətin sualları çözəcəklər.

MÖVQEYİMİZ DƏYİŞMƏZDİR!

İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda Gəncə şəhərində baş verən hadisələri sabitliyin pozulmasına yönələn terrorçuluq aktı olduğunu deyib.

İlham Əliyev dini şüarlar altında törədilmiş hadisələri terrorçuluq aktı kimi xarakterizə edərək deyib ki, dinlə cinayəti “bağlamaq istəyənlər” dinə qarşı ən “böyük cinayət törədiblər”.

“Bu cinayətkarlar müsəlman deyillər və bu cinayətlər cavabsız qalmır”. Prezident cinayətləri törədən “terrorçu qruplaşmanın” Azərbaycanda sabitliyi pozmaq istədiyini deyib. “Bu cinayətlərin əsas məqsədi bundan ibarətdir”. İlham Əliyev xarici və daxili qüvvələrin Azərbaycana təsir etmək istədiyini bildirib.

İlham Əliyev deyib ki, keçmişdə də belə hadisələrin baş tutmamasına səbəb iqtidarla xalq birliyi olub.

“Bunun başlıca səbəbi ondan ibarətdir ki, Azərbaycanda xalq-iqtidar birliyi var. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişdim, bir daha demək istəyirəm, xalq-iqtidar birliyi sabitliyimizin əsas şərtidir. Xalq-iqtidar birliyini heç bir qüvvə – nə xarici, nə daxili qüvvə sarsıda bilməz”, – Azərbaycan dövlət başçısı hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə deyib.

Baş vermiş faciəli hadisələrə münasibətdə Prezident İlham Əliyevin mövqeyi tam obyektiv və milli maraqlarımıza uyğundur. Azərbaycan vətənpərvərləri olaraq bildiririk ki, Dövlətimizin əsaslarını sarsıtmaq, xalqımız içində qardaş qarşıdurması yaratmaq, Vətənimizi müasir Liviya, İraq, Suriyanın durumuna gətirib çıxarmaq niyyətində olan xarici qüvvələrin kimliyindən asılı olmayaraq, bədxahlar niyyətlərinə nail olmayacaqlar!

Əksinə, onların bu xain əməlləri yalnız Milli Birliyimizi birə yüz dəfə artırmaqdadır. Millətçi və Vətənpər qüvvələr isə, Millətimizə və Dövlətimizə qarşı bu həmlələrə cavab olaraq Dövlətçiliyimiz və Dövlət Başçımız ətrafında olmaqdadırlar! Çünki masa üzərində Dövlətimizin və Millətimizin mövcudluğu məsələsidir. Millət, Vətən və Dövlət — bizim Dinimizdən qaynaqlanan müqəddəs dəyərlərimizdir!

Qarxunlu

“Millətçilik” qəzeti