20 Yanvarın ən yeni tariximizə qara hərflərlə yazılan qəhrəmanlıq səhifəsi olduğunu yaşından asılı olmayaraq hər kəs dərk edir.

Həmin gün küçələri boyamış şəhid qanları bir anlamda milli məfkurəmizin oyanan günəşinin qırmızı şəfəqini simvolizə edirdi. Məhz həmin hadisələr bilavasitə nümayiş etdirdi ki, Azərbaycan xalqı azadlıq mübarizəsinə qalxmaq, pozulmuş hüquqlarının, suverenliyinin bərpa olunması uğrunda savaşmaq əzminə sahibdir.

Qədirbilən Azərbaycan xalqı Vətəni, azadlığı uğrunda qurban gedən şəhidlərimizi heç vaxt unutmur, onların əziz xatirəsini hər zaman uca tutur. Bu gün köməkçimiz və Goranboy rayon sakinləri ilə birlikdə pandemiya şərtlərinə uyğun olaraq şəhidlərimizin şərəfinə salınmış Xatirə Kompleksini ziyarət etdik, 20 Yanvar hadisələri zamanı şəhid olmuş Kərimli İlqar İsa oğlunun məzarı önünə gül qoyduq.
Artıq 20 Yanvar faciəsinin törədilməsindən 31 il ötür. İllər keçsə də ölümsüzlüyə qovuşmaqla xalqımızın təfəkkürünə əbədi mübarizlik, xoşbəxt gələcək naminə mübarizədə qətiyyətli olmağı öyrədən şəhidlər istək və arzuları ilə həmişə sıralarımızdadırlar.
Azərbaycanın qazandığı bütün uğurlarda, 44 günlük Vətən Müharibəsinin Şanlı Qələbə ilə başa çatmasında onların payı danılmazdır.
Tanrı bütün şəhidlərimizə rəhmət eləsin! Amin!