Azərbaycanda fəaliyyət göstərən sahibkarlarla Dövlət Vergi Xidməti arasında mübahisələr davam edir. Kiçik və orta sahibkarların hüquqi fəaliyyət meyarlarına ciddi maneələr yaradılır. Sahibkarlıq sahəsində Dövlət Vergi Xidmətinin qanunsuz müdaxilələri əsas problemə çevrilib. Yaranmış problemlə bağlı iqtisadçı Orxan Şükürov və vəkil Vüqar Cavadov “İslahat.az” xəbər portalına münasibət bildiriblər.

“AMV Consulting” şirkətinin direktoru, iqtisadçı Orxan Şükürov açıqlamasında qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları təsdiq edilmişdir. İqtisadçı həmçinin Vergi Məcəlləsində sahibkarlıq kateqoriyalarına görə bəzi azadolmalar və güzəştlər müəyyən edilməsini vurğulayıb: “Azadolma və güzəştlərin sırasında ən çox imtiyazlar mikro sahibkarlıq subyektlərinə şamil olunub. Bu dövlətimizin iqtisadi inkişafı üçün aparılmış düzgün siyasətdir. Belə ki, mikro sahibkarlara dəstək verilməsi bir başa onların inkişafına və böyüməsinə zəmin yaradır, bu da öz növbəsində ölkədə işsizlik səviyyəsinin azaldılmasına və büdcəyə vergi daxil olmalarının həcminin artmasına səbəb olur.

Mikro sahibkarlıq subyektlərini bu güzəştlər arasında ən çox sevindirən onların gəlir, mənfəət və əmlak vergilərinə tətbiq edilən böyük güzəştlərdir. Lakin əfsuslar olsun ki, bu meyarların müəyyənləşdirilməsi qaydaları nazirlər kabineti tərəfindən 2018-ci ildə təsdiqlənsə də mikro sahibkarlarla Dövlət Vergi Xidməti arasında indiyə qədər mübahisələr davam edir”.

Mütəxəssisin fikrincə qanunda qeyd olunan məsələ olduğu kimi icra edilməlidir: “556 nömrəli qərarda qeyd edilir ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, yeni yaradılan və ləğv olunan sahibkarlıq subyektlərinin, habelə il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin illik gəlirləri barədə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin işçilərinin orta siyahı sayı barədə məlumatın hesabat ili başa çatdıqdan sonra növbəti il aprelin 20-dən gec olmayaraqreal vaxt rejimində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülməsini təmin etsin. Həmçinin Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə tapşırılsın ki, mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsünün bu meyarlara uyğun olaraq təşkilini və bu siyahının hər növbəti il mayın 10-dan gec olmayaraq, real vaxt rejimində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə ötürülməsini təmin etsin. Sonda Qərarın Qeydlər bölməsinin 4-cü bəndində qeyd olunur ki, Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkarlara aid edilməsi Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülən həmin sahibkarlıq subyektləri haqqında məlumatlar əsasında müəyyənləşdirilir və il ərzində dəyişməz qalır”.

Müsahibimiz onu da vurğulayır ki, qərardan aydın olur ki, müvafiq nazirliklər tərəfindən ötürülən məlumatlara əsasən bu meyarları müəyyən edən qurum Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsidir və aydın olaraq qeyd edilir ki, bu meyyar il ərzində dəyişməz qalır: “Yəni, misal olaraq sahibkar mikro sahibkarlıq kateqoriyasına aiddirsə o cari il ərzində qeyd edilən ölçü meyarını aşırsa həmin ildən deyil növbəti ildən kiçik sahibkarlıq kateqoriyasına aid edilir. Həmçinin əksinə kiçik sahibkarlıq kateqoriyasına aid olan sahibkar cari il ərzində müəyyən edilmiş ölçülərdən daha aşağı nəticə göstərmişdirsə həmin ildən deyil, növbəti ildən mikro sahibkarlıq subyektinə aid edilməlidir”.
 “Bütün bunlara baxmayaraq hazırda sahibkarlarla Dövlət Vergi Xidməti arasında mübahisələr davam edir. Belə ki, kateqoriyanı müəyyən edən qurum Dövlət Vergi Xidməti olmadığı halda, bu kateqoriyanı özü səhv müəyyən edir, meyarların ölçü göstəriciləri dəyişən sahibkarların növbəti ildən deyil həmin ildən kateqoriyasının dəyişdiyini bildirir və sahibkarlara xüsusən də mikro sahibkarlara güzəştlərdən yararlanmağa imkan vermir. Bu problemin həlli məqsədi ilə dəfələrlə Dövlət Vergi Xidmətinə şikayət olunub, hətta Dövlət Statistika komitəsindən sahibkarın hansı kateqoriya aid olmasına dair arayış alınıb vergilər nazirliyinə təqdim olunsa da Dövlət Vergi Xidməti bu arayışı nəzərə almır və sahibkarların hüquqlarını pozmağa davam edir”, – İqtisadçı Orxan Şükürov deyib.

Digər həmsöhbətimiz Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Vüqar Cavadovun sözlərinə görə, “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli, 556 nömrəli qərarına əsasən sahibkarın mikro, kiçik, orta və iri sahibkarlıq subyektinə aid olması, sahibkarlıq subyektlərinin dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən həmin hesabat ilinin sonunadək olan dövr ərzində nəticədə Dövlət Statistika Komitəsinin təqdim etdiyi arayış əsasında müəyyən olunur: “Həmin qərarın “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü” hissəsinin qeydlər bölməsinin 4-cü bəndində qeyd olunmuşdur ki, Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkarlara aid edilməsi Azərbaycan Respublikasının Vergilər Nazirliyi (indiki Dövlət Vergi Xidməti) və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülən həmin sahibkarlıq subyektləri haqqında məlumatlar əsasında müəyyənləşdirilir və il ərzində dəyişməz qalır”.

Hüquqşünas Vüqar Cavadov əlavə edərək vurğulayır ki, istənilən yanaşma absurd və qanunvericiliyin tələblərinə zidd olmamalıdır: “Bu o anlama gəlir ki, sahibkarın mikro, kiçik, orta və iri sahibkarlıq subyekti hesab edilməsi üçün ayrı-ayrılıqda Dövlət Vergi Xidməti və ƏƏSMN tərəfindən Dövlət Statistika Komitəsinə ötürülən sahibkarlar haqqında məlumatlara əsasən müəyyən olunur və eyni zamanda sahibkarların bu meyarlar üzrə bölgüsü il ərzində dəyişməz qalır. Əksər hallarda Dövlət Vergi Xidməti hesab edir ki, sahibkarların bu cür bölgüsünün aparılması onların səlahiyyətinə aiddir. Bu cür yanaşma absurddur və qanunvericiliyin tələblərinə ziddir”.

Qeyd edək ki, yaranmış problemlə bağlı aidiyyatı qurumların mövqelərini dərc etməyə hazırıq.

AMVPRESS.AZ