Polis əməkdaşları insanların sağlamlığına zərər vuran, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

DİN-dən Trend-ə verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları dekabrın 22-də bu məqsədlə keçirdikləri növbəti tədbir zamanı Mehdiabad qəsəbəsinin ərazisindəki mağazaların birindən 2300 ədəd müxtəlif çeşiddə yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürüblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə Maştağa qəsəbəsində partlayıcı və tezalışan maddələrin topdan satışı ilə məşğul olan paytaxt sakini Əsəd Quliyev müəyyən edilərək saxlanılıb. Onun yaşadığı evdən anbar kimi istifadə olunan yarımtikilidən satış üçün nəzərdə tutulan 2500 ədəd müxtəlif çeşiddə yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülüb.

Qeyd edilən faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 442.ci ( İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib.