İkinci Dünya müharibəsindəki Qələbənin 75-ci ildönümü münasibətilə MDB Parlamentlərarası Assambleyası “Xatirə sətirləri” adlı xüsusi layihəyə start verib.

Bakıxəbər.az xəbər verir ki, layihə Birlik ölkələrində hazırlanan poetik videomesajların təqdim edilməsini özündə ehtiva edir.

Videoçarxların hər birində şairlərin müharibəyə həsr olunmuş şeirlərini parlamentarilərlə birlikdə veteranlar, məşhur yazıçılar, aktyorlar, musiqiçilər, idmançılar, jurnalistlər və tələbələr oxuyur. Aksiyaya hər kəs qoşula bilər.

MDB ölkələrinin Gənclər Parlamentlərarası Assambleyasının təşəbbüsü ilə həyata keçirilən layihə MDB üzvü olan dövlətlərin Parlamentlərarası Assambleyası Şurasının sədri, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko tərəfindən dəstəklənib.

Azərbaycan Respublikasından layihədə Azərbaycanın xalq artisti, dirijor Yalçın Adıgözəlov, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov, Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayev və Olimpiya çempionu, sərbəst güləş üzrə üçqat Avropa çempionu Namiq Abdullayev iştirak edib. Onlar birlikdə Süleyman Rüstəmin 1941-ci ildə yazdığı “And” şeirini oxuyublar.

MDB parlamentariləri tərəfindən başladılan beynəlxalq aksiyaya hər kəs dəstək ola bilər. Bunun üçün xalq şairinin Böyük Vətən Müharibəsi haqqında şeirini (rus dilində) oxumalı və videonu #строкипамятиСНГ həştəqi ilə “Instagram”a yerləşdirmək lazımdır.

Xatırladaq ki, 2020-ci il MDB ölkələrində Böyük Vətən Müharibəsində (1941-1945-ci illər) Qələbənin 75-ci ildönümü ili elan edilib.