İyunun 1-də Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin ərazilərinin xüsusilə təhlükəli yoluxucu xəstəliklərin ölkəyə “gətirilməsi” və yayılmasından sanitar mühafizəsi üzrə Koordinasiya Şurasının videokonfrans formatında bu il ərzində 3-cü iclası baş tutub.

“Report” Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidmətinin (Rospotrebnadzor) rəsmi saytına istinadən xəbər verir ki, iclas COVID-19 pandemiyasının yayılmasına qarşı mübarizəyə həsr olunub.

İclasda Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğız Respublikası, Moldova, Tacikistan, Özbəkistanın profil qurumlarının, habelə MDB İcraiyyə Komitəsinin və ÜST-nin Avropa Regional Bürosunun nümayəndələri iştirak ediblər. Mayın 29-da keçirilmiş MDB Hökumət Başçıları Şurasının iclasında qəbul edilmiş qərarların həyata keçirilməsi, o cümlədən yoluxucu xəstəliklərin yayılmasına qarşı MDB-yə üzv dövlətlərin ortaq müddətli birgə tədbirlər planının hazırlanması ilə bağlı addımlar müzakirə edilib. Epidemiyalara qarşı mübarizə üzrə kollektiv potensialın artırılmasını təmin edən sənədin layihəsi “Rospotrebnadzor” tərəfindən hazırlanaraq tərəfdaşlara göndəriləcək.

Videokonfrans zamanı həmçinin MDB ölkələrində infeksiyanın yayılmasının qarşısının alınmasına yönəlmiş epidemiya əleyhinə kompleks tədbirlər nəzərdən keçirilib.

Qeyd olunub ki, Avrasiya məkanında COVID-19 üzrə epidemioloji vəziyyəti, o cümlədən MDB ölkələrinin göstərdiyi qarşılıqlı yardım sayəsində stabilləşdirmək mümkün olub.