Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Əlisəid Həsənov, Fərid Hacıyev, Orxan Məmmədli və Fərid Hüseynzadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bakıxeber.az-ın xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçiirlən prosesdə təqsirləndirilən şəxs F.Hüseynzadə ifadə verib.

O bildirib ki, ötən ilin yanvar ayında O.Məmmədli ilə birlikdə NZS qəsəbəsində yerləşən ərzaq dükanına basqın etməyi planlaşdırıblar.

F.Hüseynzadə həmin marketin sahibini tanıdığını qeyd edib: “Gecə saat 1-in yarısında dükana daxil olduq. Kassadan 800 manat pul və siqaretləri götürdük. Götürülən pulu Orxanla öz aramızda böldük”.

Daha sonra digər təqsirləndirilən Ə.Həsənov dindirilib.

O söyləyib ki, mart ayında Gəncə prospektinde yerləşən siqaret köşkünə üzlərində maska ilə basqın ediblər: “Satıcı bizi görüb qorxdu. O elə bildi ki, birdən ona nəsə edərik. Köşkdən 300 manat pul və bir qədər də siqaret götürdük. Götürülən siqareti sonradan satıb, pula çevirdik”.

Ə.Həsənov isə ifadəsində bildirib ki, aprel ayında Günəşli qəsəbəsində yerləşən marketə basqın edib, oradan 400 manat pul və saç lakı aparıblar.

Təqsirləndirilən şəxslər dindirilən zaman törətdiyi əməldən peşman olduqlarını söyləyiblər.

Məhkəmənin növbəti iclası fevralın 1-nə təyin edilib.

Qeyd edək ki, ötən il Xətai Rayon Polis İdarəsinə müraciət edən paytaxt sakini Qafqaz Qəhrəmanov General Mehmandarov küçəsində yerləşən işlədiyi marketə əllərində tapançaya bənzər əşya və bıçaq olan naməlum şəxslərin basqın etdiyini, daha sonra ona hədə-qorxu gələrək kassadan 230 manat pulu götürüb hadisə yerindən qaçdıqlarını bildirib.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Fərid Hacıyev, əvvəllər məhkum olunmuş Fərid Hüseynzadə və Orxan Məmmədli də müəyyən edilərək saxlanılıb. Onlar ifadələri zamanı törətdikləri cinayəti etiraf ediblər.

Araşdırma zamanı məlum olub ki, hadisə zamanı dəstə üzvləri zərərçəkəni əllərində olan oyuncaq tapança ilə qorxudublar.

Araşdırma zamanı dəstə üzvlərinin Xətai rayonunda daha bir mağazadan soyğunçuluq yolu tütün məmulatları, eləcə də NZS və Bakıxanov qəsəbələrində yerləşən iki marketdən oğurluq etdikləri də məlum olub. Daha sonra Əlisəid Həsənov da saxlanılıb.

Cinayət işində 5 zərərçəkmiş var.

Təqsirləndirilən şəxslərdən yalnız Ə.Həsənovun barəsində həbs qətimkan tədbiri seçilməyib.