Azərbaycan Mətbuat Şurası (MŞ) ilə Rusiya Federasiyasının Udmurtiya Respublikasının Jurnalistlər İttifaqı arasında anlaşma memorandumu imzalanıb.

Qurumdan APA-ya verilən məlumata görə, sənədə MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və Udmurtiya Jurnalistlər İttifaqının sədri Yelena Kapitonenko imza atıblar.

Memorandumda birgə konfransların və qarşılıqlı səfərlərin təşkili, jurnalistika sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi, eyni zamanda media ilə bağlı kitabların nəşri nəzərdə tutulub.

MŞ sədri Ə.Amaşov bildirib ki, mətbuat xalqların bir-birinə yaxınlaşmasında, dostluq və qardaşlıq ənənələrinin təbliğində son dərəcə mühüm vasitədir və imzalanmış memorandumda nəzərdə tutulan məsələlərin reallaşdırılması bu baxımdan zəruri əhəmiyyət daşımaqdadır.

Y. Kapitonenko isə çıxışında Azərbaycan Mətbuat Şurası ilə imzalanmış anlaşma memorandumunun rəhbərlik etdiyi təşkilat üçün xüsusi önəm kəsb etdiyini vurğulayıb və əmin olduğunu bildirib ki, sənəd perspektiv əməkdaşlığın daha dinamik formalarının seçilməsi üçün baza rolunu oynayacaq.

İmzalanma mərasimində çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının viste-prezidenti, millət vəkili, akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycanla Udmurtiyanın qarşılıqlı əməkdaşlığında elmi və yaradıcılıq müstəvisindəki birgə fəaliyyət mühüm əhəmiyyət kəsb edir.

Udmurtiya Respublikasının Mətbuat və Kütləvi Kommunikasiya Agentliyinin rəhbəri vəzifəsini icra edən Nazilə Abaşeva Azərbaycan Mətbuat Şurası ilə Udmurtiya Jurnalistlər İttifaqı arasında imzalanmış anlaşma memorandumunun əhəmiyyətindən danışarkən bildirib ki, Rusiyanın regionlarının ölkə və dünya arealına inteqrasiyası vacibdir.