Bu gün,yəni 26 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün
keçirdiyi mətbuat konfransı 4 saatdan çox davam etmişdir.Dövlət başçımız 35
media qurumunun 50-dək sualını cavablandırmışdır.
Məqaləmi başladığım ifadələri təsadüfi seçməmişəm. Belə ki,Böyük
Britaniyadan olan jurnalist Aynur Tattersal Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevə təşəkkürünü bildirərək qeyd etmişdir ki,mətbuat konfransının
uzunluğuna görə Siz artıq dünya rekorduna imza atdınız.
Bu mətbuat konfransı hər baxımdan bir çox suallara aydınlıq gətirdi.Bu
suallardan biri də Qarabağda rus dilinin rəsmi dil elan olunması iddiaları ilə bağlı
sual idi. Prezidentimiz ironiya ilə,özünəməxsus tərzdə qeyd etdi ki,suahili dilini də
Qarabağın rəsmi dili elan edə bilərlər.
“Bunun heç bir təsiri və nəticəsi ola bilməz.Dağlıq Qarabağ mövcud
deyil,hər kəs onu Azərbaycanın tərkib hissəsi kimi tanıyır.Düşünürəm ki,
bu,cinayətkar xunta rejiminin son nəfəsidir,cəhdidir ki,guya onlar dövlətdirlər.”-
deyən cənab Prezident vurğuladı ki,Azərbaycanda yeganə rəsmi dil Azərbaycan
dilidir.
Həmçinin dövlət başçımız onu da dünya ictimaiyyətinin nəzərinə çatdırdı
ki,Azərbaycan heç bir dilə qarşı məhdudiyyət qoymur:”Bu gün Sovet dövründən
fərqli olaraq Azərbaycanda rus dilində daha çox qəzet var.Rus dilində internet
saytları fəaliyyət göstərir.340-a yaxın rus bölməli məktəblərimiz var.Ermənistanda
isə bu rəqəm sıfırdır.”-deyə cənab Prezident bu məsələyə də aydınlıq gətirdi.
Həmçinin mətbuat konfransında Türkiyənin Anadolu Agentliyinin müvafiq
sualını cavablandırarkən dövlətimizin başçısı vurğulayıb ki,10 noyabr Bəyanatı
prinsip etibarilə icra olunur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xüsusi olaraq
qeyd etmişdir ki,Türkiyə- Rusiya birgə monitorinq mərkəzinin fəaliyyət göstərməsi
bu istiqamətdə atılmış çox önəmli addımdır.
Cənab Prezident onu da qeyd etmişdir ki,bəzilərinin gözləntiləri həddindən
artıq çoxdur,amma hər çeyin öz vaxtı,öz yeri var.Biz addım –addım öz hədəfimizə
çata bilmişik.Namümkünü 44 gün ərzində reallığa çevirməyimizə diqqət çəkən

cənab Prezident bunu bu gün təkcə bizim yox ,həm də beynəlxalq ekspertlərin də
qeyd etdiyini jurnalistlərin diqqətinə çatdırmışdır.
Dövlətimizin başçısı medianın nəzərinə çatdırmışdır ki, biz əməkdaşlığa açıq
ölkəyik.Azərbaycanda müxtəlif xalqların nümayəndələri əsrlər boyu bir ailə kimi
yaşayır.İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi.Bütün xalqların
nümayəndələri bir bayraq altında,bir yumruq kimi birləşdi və bu qələbədə
Azərbaycanda yaşayan hər bir xalqın qiymətli payı var.
Xocalı faciəsinin dəhşətlərindən danışarkən dövlət başçımız onu da qeyd
etdi ki, müharibənin yaraları sağalmayıb.Biz heç vaxt Xocalı soyqırımını
unutmayacağıq.Müharibənin yaralarının sağalması üçün vaxt lazımdır.
Bəli,Xocalının da qisası döyüş meydanında alındı.Bu gün biz bunu böyük
qürur hissi ilə Xocalı şəhidlərimizi anarkən abidənin önündə başıuca söyləyirik və
bir daha deyirik :
QARABAĞ BİZİMDİR!
QARABAĞ AZƏRBAYCANDIR!
“Demokratik İnkişafın Təşviqi “ İ B sədri ,
hüquqşünas Çingiz Dadaşov .