AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, İnstitutun aparıcı elmi işçisi, t.ü.f.d. Ceyhun Eminlinin rəhbərlik etdiyi Antik dövr üzrə Lerik arxeoloji ekspedisiyası nəzdində respublikanın Ali təhsil müəssisələri tələbələrinin iştirak etdiyi Arxeoloji düşərgə  elmi-tədqiqat fəaliyyətinə başlamışdır.

          Qeyd edək ki, tələbələrin Arxeoloji düşərgəsi Gənclər və İdman nazirliyi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə layihəsi kimi gerçəkləşdirilməkdədir. Arxeoloji düşərgələrin təşkilində əsas məqsəd — Azərbaycan gənclərində vətənpərvərlik ruhunun tərbiyəsi, onlara Azərbaycan tarixi barədə əyani məlumatlandırma, elmi-tədqiqat fəaliyyətinə marağın aşılanmasıdır.

          Gənclərimizə Vətən tarixinə sevgini aşılayan Ali təhsil müəssisələrinin tələbələrindən ibarət Arxeoloji düşərgələrin təşkili Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın müvafiq bəndinə (Gənclərin elm, texnika, mədəniyyət, incəsənət sahəsindəki bacarıqlarını və təşəbbüskarlığını stimullaşdıran tədbirlər həyata keçirmək) və “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.5.6 bəndinə (Yay tətili müddətində ali və orta ixtisas təhsili müəsissələri tələbələrinin iştirakı ilə arxeoloji və digər ixtisas qrupları üzrə təcrübə düşərgələrinin təşkil edilməsi) uyğun olaraq gerçəkləşir.

          Arxeoloji düşərgə üzvü olan tələbələr Lerikin Gürdəsər kəndi yaxınlığındakı Piboztəpə antik dövr nekropolunda tədqiqatlar aparan ekspedisiyanın rəhbəri, arxeoloq, t.ü.f.d. Ceyhun Eminlinin diqqəti altında arxeoloji qazıntılarda bilavasitə iştirak edir, arxeologiya elmi, bölgənin və respublikamızın tarixi barədə geniş bilgilərə yiyələnir, Vətənimizin füsunkar bölgələrindən biri olan Lerikin gözəl təbiəti, tarixi abidələri, qədim keçmişi və etnoqrafik irsi ilə tanış olurlar.

          Tələbələrin Arxeoloji düşərgəsi iyulun 20-dək tədqiqatlarda iştirak edəcəkdir. Düşərgədə fəaliyyət göstərmiş tələbələrə Gənclər və İdman nazirliyi tərəfindən sertifikatlar təqdim ediləcəkdir.

          Ümumiyyətlə, hələ 2012-ci ildən etibarən Gənclər və İdman nazirliyi tərəfindən tələbələrin Arxeoloji düşərgələri təşkil edilməkdədir. Bu mühüm layihə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən də bütünlüklə dəstəklənmişdir. Belə ki, 2012-2015-ci illərdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, arxeoloq, t.ü.f.d. Ceyhun Eminlinin rəhbərliyi altında həm Qəbələ, həm də Lerik arxeoloji ekspedisiyalarının nəzdində  respublikanın Ali təhsil müəssisələri tələbələrinin iştirak etdiyi Arxeoloji düşərgələr fəaliyyət göstərib.