01 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Dövlət Turizm Ağentliyinin maliyyə dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Lahıc arxeoloji ekspedisiyası Lahıc qoruğu ərazisində, Bədöyün məscıdində arxeoloji tədqiqat işlərinə başlamışdır.

Xüsusi olaraq vurğulayaq ki, 03 oktyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Lahıca səfər etmişdir. Lahıclılarla görüş zamanı qəsəbənin ağbirçək sakini Püstə Əliyeva Mehriban xanıma Bədöyün məscidinin acınacaqlı vəziyyətdə olması haqqında məlumat vermişdir. Məscidi ziyarət edən Birinci xanım abidənin dərhal təmir edilməsi haqqında tapşırıq vermişdir.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərviz Qasımovun saytımıza verdiyi məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Dövlət Turizm Ağentliyi və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu arasında imzalanmış memoranduma əsasən abidədə təmirdən əvvəl arxeoloji tədqiqat işlərinin aparılması qərarlaşdırılmışdır.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Lahıc arxeoloji ekspedisiyasının rəisi t.ü.f.d. Akif Quliyevin məlumatına görə, Bədöyün məscidində aparılan araşdırmalar abidənin tikilmə tarixi, ilkin memarlığı və s. məsələlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Turizm Ağentliyinin reyestrinin qeydiyyat nömrəsinə (İnv.№ 4381) görə abidə 1791-ci ildə inşa edilmişdir. Abidənin üzərində 8 kitabə mövcuddur. Bunların yeddisi ərəb dilində, biri isə ərəb qrafikası ilə Azərbaycan dilindədir. İki kitabədə əks olunmuş dini hədis mətnlərindən sonra, hicri1295-ci il (1878-ci il) və hicri1323-ci (1905-ci il) tarixləri qeyd edilib.