Belarus nümayəndəsi Stanislav Zas Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi olaraq təsdiqlənib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, o, səlahiyyətinin icrasına 2020-ci il yanvarın 1-dən başlayacaq.

Qeyd edək ki, noyabrın 28-də Qırğız Respublikasının paytaxtı Bişkekdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammiti keçirilib. Toplantıda Rusiya prezdenti Vladimir Putin, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Belarus prezidenti Aleksandr Lukaşenko, Qırğız Respublikasının prezidenti Sooronbay Jeenbekov, Tacikistan prezidenti Emomali Raxmon və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak edib.

Xatırladaq ki, daha əvvəl KTMT baş katibi vəzifəsini tutan Ermənistan nümayəndəsi Yuri Xaçaturov vəzifədən azad edilib, onun müavini Valeri Semerikov vəzifəni müvəqqəti icra edib. Ermənistan müstəntiqləri Xaçaturova qarşı 2008-ci il martın 1-də keçirilmiş etiraz aksiyalarını dağıtmaqla bağlı cinayət işi üzrə konstitusiya quruluşunu devirməklə əlaqədar ittiham irəli sürüb. Ötən il noyabrın 8-də Astanada keçirilmiş sammitdə qərara alınıb ki, Ermənistanın nümayəndəsinin ardından KTMT-nin baş katibi vəzifəsini Belarus nümayəndəsi icra edəcək.

KTMT-yə Belarus, Ermənistan, Qazaxıstan, Qırğız Respublikası, Rusiya və Tacikistan daxildir.