Bura Azərbaycandır, ermənipərəst Rusiyanın quberniyası deyil!

“Dağlıq Qarabağ konfliktinin həlli ilə bağlı razılaşmanı bu regionun əhalisinin razılığı olmadan əldə etmək mümkün deyil”. Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov erməni həmkarı Zöhrab Mnatsakanyanla birgə keçirdiyi mətbuat konfransında deyib. “Hər kəsə aydındır ki, Dağlıq Qarabağ xalqının, Dağlıq Qarabağ əhalisinin icazəsi olmadan heç bir razılaşmanı rəsmiləşdirmək olmaz. Ermənistan sadəcə bunu imzalamayacaq”, – deyə o bildirib.

LAVROVUN BƏYANATININ MAHİYYƏTİ HAQQINDA

Axar.az-a Sergey Lavrovun İrəvan səfəri zamanı Qarabağla bağlı açıqlamalarına münasibət bildirən politoloq Qabil Hüseynli bildirib ki, Lavrovun danışıqlar prosesinə “Dağlıq Qarabağ xalqı”nın cəlb edilməsi ilə bağlı açıqlaması siyasi həyasızlığın bariz nümunəsidir: “O, həmsədr dövlətin xarici işlər naziri olduğunu sanki unudurmuş kimi Dağlıq Qarabağ probleminin həllində “Qarabağ xalqı”nın iştirakını vacib saydı. Məgər Lavrov bilmir ki, Dağlıq Qarabağ əhalisinin 45 faiz azərbaycanlı hissəsi etnik təmizləməyə məruz qalıb? Rusiya rəsmisi açıqlamaları ilə ya referenduma və ya da danışıqlarda qondarma rejimin nümayəndələrinin iştirakına eyham vurub. O, nədənsə Dağlıq Qarabağ azərbaycanlılarının bu proseslərə qatılmasını vurğulamadan 4-5 erməni dığasının danışıqlar prosesində iştirakını vacib sayaraq, prosesin irəliyə doğru hərəkət edəcəyini söyləyir. Lavrovun açıqlamaları başdan-ayağa biabırçılıqdır. Həmsədr ölkənin xarici işlər naziri Azərbaycan torpağının işğalının de-yure tanınmasına yönəlmiş siyasi açıqlama verir. Vicdan əzabı çəkmədən 1 milyondan çox insanın qovulmasına və etnik təmizlənməyə məruz qalmasına əhəmiyyət belə vermir. Nəticə etibarilə ermənilərin dilinə dil verir. Bununla da məlum olur ki, Dağlıq Qarabağın tərəf kimi çıxış etməsi barədə fikirləri Ermənistan Baş naziri Nikol Paşinyanın leksikonuna Lavrov daxil edib. Hesab edirəm ki, Lavrovun bəyanatları qalmaqallıdır. Nizamlama prosesinə həddindən artıq ziyan vuracaq açıqlamalardır”.

Q.Hüseynli onu da qeyd edib ki, Rusiyanın Qarabağ probleminin həllində bu cür mövqe ortaya qoyması gözlənilən idi:

“Ermənilər Qarabağ probleminin beynəlxalq hüquq normalarına uyğun, obyektiv həllinə gələndə Lavrovu qabağa verirlər. O da danışıqlar prosesinin pozulması üçün əlindən gələni edir”.

Qeyd edək ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov erməni həmkarı Zöhrab Mnatsakanyanla birgə keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ konfliktinin həlli ilə bağlı razılaşmanı bu regionun əhalisinin razılığı olmadan əldə etməyin mümkün olmadığını söyləyib.

Azərbaycan XİN-in sabiq rəhbəri Tofiq Zülfüqarov isə hesab edir ki, Lavrovun Ermənistana səfərində əsas məqsəd Qarabağ münaqişəsində danışıqlar formatını dəyişməkdir. Bunu o, Axar.az-a açıqlamasında deyib. O, Rusiyanın Dalıq Qarabağı müstəqil tərəf kimi göstərməyə çalışdığını söyləyib.

“Belə görünür ki, Lavrovun İrəvana səfərinin əsas məqsədi danışıqlar prosesində 1998-ci ilə qədər olan formatı bərpa etməkdir. O vaxtlar format belə idi ki, Dağlıq Qarabağı münaqişədə müstəqil tərəf kimi qələmə verməyə çalışırdılar. Bəzi məqamlarda Rusiya siyasəti buna nail olurdu. Amma 1998-ci ildə Moskvada Ermənistan prezidenti Robert Köçəryan və Azərbaycan prezidenti Heydər Əliyev qərara gəldi ki, danışıqlar iki dövlət başçısı arasında aparılsın. Bu, çox vacib bir məsələdir. Paşinyanın ikili bəyanatları ona gətirib çıxarıb ki, artıq o, birmənalı olaraq işğal olunmuş ərazilərin Ermənistanın tərkib hissəsi olduğunu söyləyir. Lavrov isə deyir ki, Qarabağ müstəqil tərəfdir”.

Politoloqa görə, Lavrovun istəyi odur ki, Ermənistanın mövqeyini gücləndirmək üçün üçtərəfli danışıqlar formatını bərpa eləsin: “Lavrov üçtərəfli danışıqlar formatını bərpa etməklə Azərbaycanı torpaqlarımızın qaytarılacağına inandırmağa çalışır. Prezident İlham Əliyev Soçidəki ”Valday” forumunda çıxışı zamanı qeyd eləmişdi ki, Dağlıq Qarabağ xalqı anlayışı mövcud deyil. Azərbaycan və erməni əhalisindən ibarət olan bərabər hüquqlara malik Dağlıq Qarabağ əhalisi var. Prezident həmçinin ona işarə eləmişdi ki, biz Dağlıq Qarabağı danışıqlar tərəfi kimi tanımaq niyyətində deyilik. Lavrov ermənipərəst mövqeyindən irəli gələn bəyanatlar verir, danışıqların formatını dəyişməklə hansısa irəliləyişin mümkün olacağını göstərməyə çalışır. Guya Ermənistan bunun əsasında torpaqları qaytarmağa razılaşacaq. Amma təbii ki, bu, həqiqətdən uzaq bir məsələdir. Çünki format dəyişsə belə, ermənilər yenə də torpaqları qaytarmamaq üçün bəhanə tapacaqlar”.

Beləliklə, Lavrovun bəyanatı Rusiyanın Qarabağ münaqişəsi üzrə mövqeyini açıqlayır. Əgər politoloq Qabil Hüseynlinin dediyi kimi, Qarabağ ermənilərinin tərəf kimi danışıqlara əlavə edilməsi barədə fikir Moskvanın təşəbbüsü idisə, bunun məqsədi nədir? Bizcə bu, o qədər də məntiqə cavab vermir. Ermənilərin ağzı ilə ortaya əmma atan Moskva Azərbaycana təzyiq üçün digər vasitələrdən də istifadə edərdi. Onsuz da ABŞ-Rusiya qarşıdurmasında Minsk qrupu üzv dövlətlərinin siyasi dairələri Qarabağ məsələsinin indiki dövrdə həllinin tərəfdarı deyillər. İstəsə idilər, çoxdan bu məsələ həll olunardı.

Bizim qənaətimizcə, burada Kreml tərəfindən ermənilərin fikiri və mənafeyi  nəzərə alınıb. Belə ki, Dağlıq Qarabağdakı kolonist erməni əhalisinin tərəf kimi qəbul edilməsi ermənilərə sərf edir. Nəyə görə?

Birincisi, Dağqlıq Qarabağda yalnız ermənilərin qədim əhali olmasının bütün dünyaya hüquqi baxımdan qəbul etdirilməsi.

İkincisi, azərbaycanlıların bu ərazilərə gəlmə, guya yalnız köçəri olduqları üçün aran ərazilərdə yerləşməsini, aranda qədimdə yaşamış ermənilərin məcbur olub Qarabağın dağlıq hissəsinə çəkilməsi fikirini dünyaya aşılamaq. Gələcəkdə aran Qarabağının da ermənilərə məxsus olması və ərazi iddiaları üçün zəmin yaradılması.

Üçüncüsü, “Dağlıq Qarabağ respublikası/arsax respublikası” anlamının Azərbaycan Respublikasından kənar bir beynəlxalq subyekt kimi tanıdılması. Faktiki Azərbaycan xarici siyasətinin tam məğlubiyyəti anlamına gələn bu nəticə ermənilər üçün çox vacibdir.

Dördüncüsü, Azərbaycan Respublikasını möhkəm unitar dövlətdən, amorf, dayanıqlı olmayan konfederativ dövlətə çevirmək. Ermənilərin marağı ondadır ki, artıq onların xəyalda tutduğu “arsax respublikası” Bakıya nominal bağlı olan qurum olmalıdır. Bakının gələcək iqtidarlarının hər hansı bəhanə ilə revanş götürməsinin qarşısı bir tərəfdən “sülhməramlı beynəlxalq hərbi qüvvələr”, digər tərəfdən hüquqi öhdəliklə alınacaq.

Beşincisi, konfederativ bir quruma çevrilmiş Azərbaycanda digər, öz “respublikaları”nın yaradılması uğrunda yeni silahlı münaqişə ocaqlarının peyda olması. Çünki Azərbaycan torpaqlarında etnik təmizləmə, işğalçıya dəstək vermiş Dağlıq Qarabağın erməni kolonsitlərinə rəsmi Bakı siyasi subyekt statusu verəcəksə, etnik separatçıların “bəs bizə niyə həmin status verilmir?” tələbinin ortaya çıxmasına şərait yaradılır.

Beləliklə, Qarabağda ermənilərə hər hansı formada konfederativ, federativ və ya geniş hüquqlu muxtariyyətin verilməsi — elə ermənilərin qələbəsi demək olacaq!

RUSİYA ERMƏNİLƏRDƏN QORXUR, BƏS BİZDƏN?

Deyirlər ki, guya “ermənistan”da ABŞ-ın bioloji laboratoriyaları var və Moskva bunda hürküb. Buna inanmaq olmur. Bu “ermənistan” adlı ərazi tam Rusiyanın nəzarətindədir. Əgər burada ABŞ-ın hansısa bir laboratoriyası varsa, bunun mövcud olmasına elə Kremlin özü razılıq verib.

Amma çox maraqlıdır ki, “ermənistan respublikası” adlı ərazidə rus dilinə bu qədər nifrətlə yanaşırlar, Njde kimi hitlerçilərlə əməkdaşlıq edənə heykəl ucaldırlar, bu ərazidə anti-rusiya və qərbyönlü təşkilatlar geninə-boluna fəaliyyət göstərir, Rusiya və ruslar əleyhinə açıq və üstüörtülü çıxışlar olur, amma niyə Lavrov İrəvanda durub ermənilərin tələblərinə züy tutur?!

Görünən budur ki, Kreml ermənilərin hər bir nazı ilə oynamağa hazırdır. Çünki Kreml ermənilərdə güc, prinsipiallıq və təpki görür.

Göründüyü qədər Kreml ilə hansı dildə danışmağı ermənilər bizdən daha yaxşı mənimsəyiblər. Hətta Kremldən daha nə isə qoparmaq üçün hakimiyyətə qərbyönlü qüvvələri gətirmək, Rusiya ilə şantaj dili ilə danışmağı ermənilər ən düzgün yol hesab edirlər. Bu cür siyasətləri də nəticə verir!

Lavrovun İrəvanda bəyanatı bir daha göstərdi ki, Bakıda 20 Yanvar canisi Primakovun xatirəsinin anımı, Gürcüstan və həmin o “ermənistan”da ingilisdilli təhsilin gücləndiyi bir zamanda Azərbaycanda xalqımızın pulu hesabına süni surətdə, heç bir mənafeyimizə uyğun olmayaraq rus dilinin tədrisinin böyük miqyasda saxlanılması və s., yəni, Moskvaya reverans siyasəti artıq heç nəyə yaramır!

Kreml bizim bu cür reveranslarımızı bizim zəifliyimiz kimi görür. Rusiya ilə danışıq tərzimizə yenidən baxmalıyıq. Elə çıxır ki, bölgədə Azərbaycanın heç bir çəkisi yoxdur?! Kreml bizi öz quberniyalarından biri kimi görür, deyəsən?! Kreml bizim nazımız ilə oynamalıdır, ermənilərin deyil! Ona görə də Kreml ilə sərt sima ilə danışmağın zamanı gəlib çatıb!

İlk addım kimi, 1-2 məktəb istisna olmaqla, rus dilinin Azərbaycan dövləti hesabına məktəblərdə tədrisi ləğv olunmalıdır! 1-2 kinoteatr istisna olmaqla, qalanlarında ingilisdilli və d. Qərb filmləri yalnız Azərbaycan dilində səsli dublyaj və ya subtitrlərlə müşayət olunmaldır! Rus dilində dublyajlı, subtitrli filmləri Moskva gedib, İrəvandakı ermənilərin gözünə dürtsün!

Azərbaycanda kabel televiziyalarında 1-2 rusdilli kanal saxlanılmalı, qalanları yığışdırılmalıdır! Ruslaşdırma siyasətini ermənipərəst Kreml ermənilərə tətbiq etsin, bizə bu lazım deyil! Onsuz da Azərbaycanda kabel televiziyasında nümayiş etdirilən Rusiyanın teleproqramları anti-Azərbaycan, anti-türk, ermənipərəst çirkabla gənclərimizin beyinini zəhərləyir.

Kremlin ermənilər xoşuna gəlirsə, getsin rus dilini “ermənistan” adlı qondarma qurumda tədris etsin. Bura Azərbaycandır, ermənipərəst Rusiyanın quberniyası deyil!

Qarxunlu

“Millətçilik” qəzeti