Türkiyənin Qara dəniz bölgəsində türk ordusunun çavuşu Əli Cevizcini şəhid edən terrorçu dəstəsinin rəhbəri və yanındakı digər 2 terrorçunun axtarışları davam edir.

Bakıxəbər.az xəbər verir ki, axtarışların davam etdiyi bir vaxtda türk ordusu terrorçuların PKK liderləri ilə rabitə danışığını aşkar edib.

“Zap” kod adlı Barış Önər PKK rəhbərliyindən ərazini tərk etmələri üçün dəstəyə dərhal kömək edilməsini tələb edib. Terrorçu türk əsgərlərinin hər yerdə onları axtardığını və çarəsiz halda küncə sıxışdırıldıqlarını qeyd edib.

Əməliyyata Bursadan “Timsahlar”, Ankaradan “JÖAK”, Bulancakdan “Qartallar” komandosları və xüsusi təyinatlı polis dəstələri ilə yanaşı, Diyarbəkir və Tuncelidən göndərilmiş “Super Kobra” savaş helikopterləri də cəlb olunub.