İstipress.com saytının yazdığına görə, 28 mayda bir necə min gürcü fəal Gürcüstanla Azərbaycanın sərhəd zonasında yerləşən Keşikçidağ məbəd-kompleksinə yürüş edib. Sayt yazır ki, bu yolla onlar məbədə gürcülərin hüququ olduğunu iddia ediblər. Bütün qorxulara baxmayaraq “Qareca – Gürcüstandır. Qafqaz bizim evimizdir” şüarı altında başlayan yürüş dinc şəraitdə baş tutub. Bu ərəfədə iki ölkə arasında əldə edilən şifahi razılığa əsasən, Azərbaycan tərəfi yürüşə maneçilik törətməyib.

“Kommersant”ın məlumatına görə, minlərlə qadın və kişi əllərində Gürcüstan bayrağı ilə Azərbaycan ərazisinə keçib, kompleksə aid Çiçxituri qülləsini əhatəyə alıblar. Çox keçməmiş qüllədə səlib bayrağına bənzəyən beş xaçlı gürcü bayrağı qaldırılıb.

Keşikçidağ  monastırı ətrafında son iki ayda baş verənlər daim diqqətimizdədir. Məsələ faktiki boş yerdən doğdu. Daha doğrusu gürcü şovinistləri (sözsüz ki, erməni və Rusiya xüsusi xidmətlərinin rolunu da nəzərə alaraq) Keşikçidağ ətrafında vay-şivən qaldırdılar.

Hadisələrin qısa tarixçəsi belədir ki, aprelin sonlarında gürcü mediası Keşikçidağda gürcü zəvvarlarının ziyarəti üçün məbədə gedən yolun Azərbaycan sərhədçiləri tərəfindən bağlanması barədə vay-şivən qaldırdılar. Daha sonra ərazinin Gürcüstan tərəfinə düşən hissəsində gürcülər piket, bayrağ yelləmə və s. oyunbazlığa başladılar. Beləliklə, məsələ şişməyə başladı. Nəhayət, iki dövlətin rəsmiləri problem barədə danışıqlara başladılar.

SİYASİ OYUNLAR

Aydındır ki, Keşikçidağ məsələsi üzrə Azərbaycanla Gürcüstan arasında münasibətlərin korlanması istiqamətində fəaliyyət göstərən xarici qüvvələr var. İlk növbədə ermənilər. Ermənilərə Azərbaycanın başının gürcülərlə ərazi mübahisələrinə qarışması, düşmənçilik abu-havasının yaranması sərf edir. Belə gedişatda onsuz da arxa plana keçmiş torpaqlarımızın azad edilməsi məsələsi bir qədər də kənara atılacaq və çağdaş zamanda ermənilərə sərf edən Qarabağın işğalı məsələsində status-kvo qorunacaq.

Rusiyaya da Azərbaycan-Gürcüstan ərazi münaqişəsi sərf edir. Onsuz da Kreml gürcüləri Qərb idarəsi altına keçməsi yolunda can atdıqları üçün cəzalandırıb; Cənubi Osetiya və Abxaziya artıq təmamilə işğal edilib və Rusiya tərəfindən ayrıca dövlət kimi tanınmışdır. Keşikçidağ və ya ayrı bir problem üzrə Bakı və Tiflis arasında münaqişə Rusiya tərəfindən gürcülərin daha da cəzalandırılması kimi dəyərləndirilir. Həm də bu cür münaqişə Qərbə can atan keçmiş sovet müstəmləkələrinə bir dərs kimi Rusiya tərəfindən nəzərdən keçirilə bilər.

Gürcülərə gəldikdə isə, oradakı müxalifət və iqtidar qüvvələri Keşikçidağ məsələsinə hakimiyyət uğrunda mübarizənin bir oyunu kimi yanaşır. Amma konstruktiv mövqe nümayiş etdirən iqtidar rəsmiləri gürcü cəmiyyətinə bildirirlər ki, məsələ danışıqlar yolu ilə həll edilməlidir. Konkret bildirilmir ki, bu problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq. Yəni, gürcü iqtidarı öz cəmiyyətlərində belə bir illüziya yaradır ki, guya müzakirə mövzusu ərazi mübadiləsidir və ya Keşikçidağ məbədi ərazisi mübahisəlidir.

Gürcü rəsmiləri nəyə görə öz cəmiyyətlərinə Keşikçidağ monastırının yerləşdiyi ərazinin heç bir zaman mübahisəli olmadığını, Azərbaycanın ərazi güzəştinə və ya mübadiləsinə getməyəcəyini demir? Hətta, Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfovun açıqlamalarından sonra da gürcü rəsmilərinin öz xalqlarına ünvanlı yekun açıqlaması olmadı.

Gürcü müxalifəti isə, az qala bu ərazinin Azərbaycandan alınması işində gürcü iqtidarını güzəştdə, yetərincə sərt mövqe tutmamaqda ittiham edir. Əslində, gürcü iqtidarının və ya müxalifətinin səmimi olmasını təyin etmək çətindir. Gürcüstanda demokratik azadlıqlar oturuşmuş olduğundan onların iqtidarı belə bir bəhanə gətirə bilir ki, müxalifət, siyasi fəallar ictimai rəyi körükləyir. Yəni, baş verənlər bizə aid deyil. Avtoritar rejimlər isə, ictimai fikirə, müxalifətin mövqeyinə istinad edə bilmirlər. Çünki onlara irad tutulur ki, idarəçilik bütünlüklə onların əlindədir və “cəmiyyətdəki narazılıq” iqtidarın özünün oyunudur.

Digər tərəfdən, biz konkret halda, Gürcüstanın arxasında Qərbin durduğunu görürük. Gürcü siyasiləri sabah Qərbdəki himayədarlarından xahiş edə bilərlər ki, Keşikçidağ məsələsində Azərbaycanı güzəştlərə məcbur etsinlər. Xristianpərəstlik, islamofobiya və anti-türkçülük Qərbin siyasi elitalarında həmişə “dəbdədir”. Avropa və ABŞ Gürcüstana görə Rusiya ilə qarşıdurmaya getmədi və indi də getmir. Amma Azərbaycana qarşı təpkisini artıra bilər.

POPULİST KARTVELİZM

Bu yaxınlarda gürcü jurnalisti Tengiz Ablotiya “Exo Kavkaza” saytında dərc etdiyi “Rezin dovşan ovçuları” başlıqlı məqaləsində gürcü cəmiyyətində hay-küyçü, ortada arana qarışdırıb, kənarda duran bəzi gürcü millətçiləri və onların küyünə gedən sadəlöhvləri rişxənd atəşinə tutmuşdu.
Bu hay-küyçülərdən biri, keçmiş prezident Mixail Saakaşvilinin dönəmində Gürcüstanın müdafiə naziri postunda çalışmış korrupsioner İrakli Okuruaşvilini göstərmək olar. Siyasətdə ölü  can olan bu kartvelin açıqlaması da bu qəbildən olub və ancaq ölkələr arasındakı münasibətlərə xələl gətirmək məqsədini güdüb. O, “Gürcü arzusu”nun lideri Bidzina İvanişviliyə Azərbaycanla bağlı “məsləhətlər” verərək bildirib ki, nazır kimi çalışdığı dövrdə Azərbaycanla hansısa bir məsələdə problem yaranıbmış. O vaxt Azərbaycanın daxili işlər naziri ilə sərhəddə görüşdüyünü, ertəsi günü bu problemin gürcülərin xeyrinə qərar verilərək həll olunmayacağı təqdirdə Batumiyə gələn Azərbaycan üçün strateji yüklə dolu gəmilərin blok ediləcəyi,500 min azərbaycanlını “Qırmızı körpü”də qarşılamalı olacağını xatırladıb.

Sözün düzü, mədə sisteminin sıradan çıxması zamanı ətrafı biədəb gurultularla və üfünətlə dolduran insan bədənin bir orqanını xatırladan həmin İrakli populist kartvelizm ruhunda istədiyi qədər guruldaya bilər. Amma onun sözlərində Borçalı azərbaycanlıları, həmçinin, Azərbaycanın beynəlxalq sulara çıxışının yeganə qısa yolu olan Batumi limanı ilə rəsmi Bakını şantaj etməsi, gürcülərin yetişdirdiyi donuzların peyni ilə dolu onun kəlləsinin təkcə məhsulu deyil. Bu şantaj predmetləri həmişə gürcü şovinistləri tərəfindən səsləndirilməkdədir. Bu şantaj predmetlərini necə neytrallaşdırmaq olar?

TÜRK HƏMRƏYLİYİ

Azərbaycanın bəzi zəngin adamları Gürcüstana yatırımlar edib. Eynilə də Türkiyənin iş adamlarının bu ölkədə iri maliyyə yatırımları var. Amma bu yatırımlara rəğmən gürcü siyasətçiləri ölkədə müsəlman-türk əhalisinin sıxışdırılmasını, türk və müsəlman yer adlarının, pasportlarda soyadların gürcüləşdirilməsini  rəsmi dövlət siyasəti səviyyəsinə qaldırıblar. Hətta, Türkiyənin islamçılıq xətti üzrə, “neo-osmanizm” barədə bar-bağıran rəsmiləri Gürcüstanda müsəlman əhalinin sıxışdırılması mövzusu üzərindən sükutla keçirlər.

Yeganə olaraq Gürcüstanda ermənilər tam milli və dini hüquqlara malikdirlər. Çünki onların arxasında “ermənistan” adlı dövlət durur. Hər il Gürcüstanda “qara siyahıya” bu ölkədə azərbaycanlıların acınacaqlı durumuna etiraz edən onlarla Azərbaycan ziyalısının adını daxil edirlər. Əslən Borçalıdan olan nə qədər Azərbaycan vətəndaşına Gürcüstan ərazisinə keçmək yasaq edilib. Gürcüstanda dövlət səviyyəsinə qaldırılmış anti-Azərbaycan siyasətinə qarşı isə, bizim aidiyyatı dövlət orqanlarından heç bir etiraz səsi də eşidilmir. Çünki  əvvəla, ya aidiyyatı qurumlarda  oturan adamlar bu vəzifələr layiq deyillər, ya da onların özlərinin və ya yaxınlarının Gürcüstanda yatırımı, “obyekti” var. Bunu yalnız belə izah etmək olar!

Digər tərəfdən, gürcülərin əlində həmin o şantaj predmetləri var: 1) Qara dənizə yolu bağlamaq; 2) azərbaycanlılara qarşı sıxışdırma siyasətini gücləndirmək.

Rəsmi Bakı gürcülərə nə qədər güzəştə gedib?! Ucuz qaz, ucuz neft, Azərbaycan xalqının boğazından kəsilib Gürcüstanın abadlaşdırılması, avtomobil, dəmir yollarının çəkilməsi üçün milyonlarla neft-dollarlar… Hələ, boynuyoğun sümürücülərimizin yatırımlarını demirik…   İndi bu qədər güzəştin qarşılığında bizə qarşı, Borçalıdakı soydaşlarımıza qarşı bu qədər nifrət?!

Bəs, niyə, Gürcüstana cırıq bir lari yatırım etməyən “ermənistan”a münasibətdə, Gürcüstanda ermənilərə bu qədər sayğı, bu qədər hörmət göstərilir?! Görünür, “ermənistan” adlı qurumun aidiyyatı orqanlarında həmin vəzifələrə layiq, millətini sevən peşəkarlar oturublar ki, Gürcüstanda yaşayan ermənilərə bizdən çox hörmət sərgilənir…

Amma bir dəfə gürcü populist siyasətçilərinə real gücümüzün çox cüzi bir hissəsini göstərmək lazımdır! Yəni, günün bir günü Azərbaycan və Türkiyə millətçiləri, islamçıları Gürcüstana gedən yolları həm Türkiyədən, həm Azərbaycandan bağlamalıdırlar. Lazım gəlsə, Gürcüstana gedən gəmiləri Bosforda da müxtəlif bəhanələrlə dayandırmaq olar.

Digər tərəfdən, gürcü siyasilərinin qorxduğu bir mövzu var ki, Avropa Birliyi strukturlarında bu ölkədə dini və milli azlıqların sıxışdırılması barədə həqiqətlər gündəmə çıxarılsın. Sözün qısası, Azərbaycan və Türkiyə QHT-ləri Avropa Birliyinə Gürcüstanda müsəlmanların sıxışdırılması, gürcüləşdirilməsi barədə şikayətlər təşkil edə bilərlər.

İDEOLOJİ SAHƏDƏ DAİMİ ZƏİF NÖQTƏMİZ

Keşikçidağ məbədi ilə bağlı problem bizim ideoloji sahədə zəif nöqtəmizi bir daha vurğuladı. Havanı üfunətlə dolduran insan orqanının digər bir tipik nümayəndəsi, yəni Gürcüstan Liberal Partiyasının sədri Şalva Natelaşvili aprelin 25-də Azərbaycan-Gürcüstan sərhəddində yerləşən Keşikçidağ bölgəsində Azərbaycan sərhədçilərinə üz tutaraq deyib ki, “sizin əcdadlarınız Orta Asiyada yaşayanda bizim əcdadlarımız burada bu mədəniyyəti qurublar. Siz Orta Asiyadan gəlibsiniz. Sizin Qafqazla heç bir əlaqəniz yoxdur”.

Sözün düzü, bu sözləri Azərbaycan xalqı daim ermənilərdən, ruslardan, farslardan, sadvalçılardan, avropalılardan və s. ermənisifətlərdən eşitməkdədir. Doğrudur, AMEA Tarix İnstitutu bu iddialara cavab yazıb. Amma həmin cavabda da Azərbaycan dilinin, yəni türk dilinin qədim bir ləhcəsinin Azərbaycan və ya bütövlükdə Cənubi Qafqazda qədim olmasını göstərən bir fakt və ya ədəbiyyat istinad kimi göstərilmir.

Tanış bir arxeoloq bildirib ki, beynəlxalq konfranslarda yalnız Azərbaycan arxeoloqları Azərbaycan xalqının qədim olmasını göstərə bilirlər. O da yalnız antropoloji, bioloji və ya maddi mədəniyyət sarıdan. Amma Azərbaycan dilinin bu ərazidə qədim olmasını göstərə biləcək elm sahələri qədim tarixdir, dilçilikdir. Bu sahələr üzrə isə, bizim nə ingilisdilli alimlərimiz, nə də bu alimlərdən ibarət elmi ocaqlarımız yoxdur. Bizdə qədim ölü dillər, qədim mənbələr tarixi üzrə mütəxəssislər yoxdur, qədim türk dilləri ilə müqayisəli dilçi analiz apara biləcək səviyyədə dilçilərimiz yoxdur, Hind-Avropa, Ural, Dravid dilləri üzrə alimlərimiz yoxdur. Buna görə də, arxeoloqlarımız durub deyəndə ki, Azərbaycan ərazisində tunc dövrü, dəmir dövrü, hətta antik dövrdə türk dilində danışan tayfalar var idi, onda dünya dilçiləri deyirlər ki, türk dilin yalnız 2200 il əvvəl Altayda mövcud idi və hunların törəmələrinin ilk orta əsrlərdə gəlişi ilə erkən türk dilləri Azərbaycan ərazisinə gəlib çıxıb.

Erməni, gürcü, rus, fars şovinistləri, qərbli anti-türkçülər də bizdə dilçilik və qədim tarix elminin olmadığından istifadə edib iki fikir söyləyirlər: 1) siz bura gəlməsiniz, bu ərazidəki islama qədər mədəniyyətin sizə aidiyyatı yoxdur; 2) siz türkləşmiş gürcüsünüz, ermənisiniz və ya farssınız, biz sözlə insi-cinsiniz  bilinmir…

Dərisinin rəngindən, dilindən və dinindən asılı olmayaraq bütün düşmənlərimiz bizim bu zəif nöqtəmizə vurmaqdadırlar. Bu elmi və ideoloji təxribatı dəf edə biləcək ya alimlərimiz yoxdur, ya da mövzunu bilən alimlərimizi bir yerə toparlayıb elmi və ideoloji strategiya qurmaq qabiliyyəti olan vəzifə sahibimiz yoxdur…

Qarxunlu

“Millətçilik” qəzeti