Kembric universitetinin (Böyük Britaniya) nüfuzlu “Antiquity”  jurnalında Azərbaycan-Almaniya beynəlxalq ekspedisiyasının 2009-2015-ci illərdə Mil-Qarabağ bölgəsində apardığı tədqiqatların nəticələrinə həsr olunan “İnsan mobilliyi və erkən oturaq həyat tərzi: Azərbaycanın cənub hissəsinin Son Neolit dövrü landşaftı” adlı məqalə dərc edilmişdir (Ricci A., D´Anna M.B., Lawrence D., Helwing B., Aliyev T. Human mobility and early sedentism: The Late Neolithic landscapes of soutern Azerbaijan  // Antiquity, volume 92, Issue 366 (2018), pp. 1445-1461.

Qeyd olunan ekspedisiyanın Azərbaycan tərəfindən rəhbəri və məqalə müəlliflərindən biri olan AMEA Arxeologiya və Etnoqrafiya İnstitutununun “Çöl tədqiqatları sektoru”nun müdiri, arxeoloq, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyevin sözlərinə görə, Mil düzünün landşaftında bütün təbii və antropogen xüsusiyyətlər aydın görünür. Bu landşaftın son vaxtlaradək dəyişməz qalması burada ilk əkinçi icmaların mobil fəaliyyətini və onların yaranmaqda olan oturaq həyat tərzinə uyğunlaşma prosesini öyrənmək üçün əlverişli, unikal imkanlar açmışdır.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən saytımıza verilən məlumata görə, məqalədə göstərilir ki, son onillikdə “Qədim Kür” və “Kür hərəkətdədir” beynəlxalq layihələri çərçivəsində Cənubi Qafqazın tarixəqədərki dövrünün araşdırılması, Neolit dövrü həyat tərzinin yayılma dinamikasının öyrənilməsi sahəsində mühüm addımlar atılmışdır. Gürcüstan ərazisindəki Aruxlo Neolit yaşayış yerində, Azərbaycanda – Tovuz rayonu ərazisindəki Göytəpə və Mentəştəpə abidələrində, Mil düzündə, Ağcabədi rayonunda Kamiltəpə Neolit məskənində kompleks və ardıcıl tədqiqatların nəticələri erkən əkinçi və maldar tayfaların bu regionda məskunlaşması ilə bağlı təsəvvürləri daha da genişləndirmişdir.

Mil düzündə aparılan tədqiqatlar zamanı müxtəlif dövrlərə aid 174 abidə qeydə alınmışdır. Onlardan 65-i e.ə.VI minilliyə – Son Neolit dövrünə aiddir. Bu yaşayış yerlərinin hamısında əhalinin eyni vaxtda məskunlaşması baş verməsə də, onların sıxlığı, bir-birinə yaxın (200 m -2,5 km arası) məsafədə yerləşməsi diqqəti cəlb edir. Arxeoloji qazıntılar göstərir ki, Son Neolit dövründə Mil düzü sakinləri tez-tez öz yaşayış yerlərini dəyişmişlər. Qazıntı materiallarından əldə olunan 23 radiokarbon analizin nəticələri göstərir ki, bu bölgədə erkən məskunlaşma Neolit dövrünün sonlarında, e.ə. 5650 – 5350-ci illər arasında baş vermişdir.

Məqalədə Qarasu hövzəsində tədqiq edilən Qarabel təpə (MPS 18) və Kamiltəpə qədim yaşayış yerlərindən ətraflı bəhs olunur. Qarabel təpə Mil düzünün landşaftında digər abidələrlə müqayisədə daha geniş sahəni (8 ha-a yaxın) əhatə etməsi ilə seçilir. Burada aparılan qazıntı zamanı çiy kərpicdən inşa olunmuş və daxili arakəsmələri olan dairəvi planlı iki otaq, boyanaxışlı qablar da daxil olmaqla zəngin dulusçuluq məmulatı aşkar edilmişdir. Bu tikililərdən altda daha iki çiy kərpic divarın qalığına, Şimal-Qərbi İranda Hacı Firuz abidəsi üçün səciyyəvi naxışlı saxsı qab nümunələrinə rast gəlinmişdir.

Bəhs olunan məqalədə Kamiltəpə Neolit yaşayış məskənində ardıcıl tədqiqatlar zamanı açılan kərpic platforma haqqında geniş danışılır və qeyd edilir ki,  hündürlüyü 2,6 m, diametri isə 24 m olan bu tikilinin inşası üçün çox böyük işçi qüvvəsi və əmək sərf olunmuşdur. Cənubi Qafqazda bu monumental abidə ilə müqayisə olunacaq başqa bir tikili məlum deyil. Hesab etmək olar ki, Kamiltəpə e.ə. VI minilliyin ortalarında Mil düzü məskənləri arasında mərkəz rolunu oynamışdır. Mobil şəkildə burada toplaşan və möhkəmlənən icmalar iri tikililər ucaltmış, platform üzərindəki meydançada birgə yeməklər hazırlayıb şənlik və digər ritual tədbirlər həyata keçirmişlər. Bütövlükdə isə intensiv tədqiqatar və arxeoloji qazıntılar nəticəsində əldə olunan zəngin materiallar  e.ə. VI minilliyin ortalarında Mil düzündə ilk məskunlaşmanın rekonstruksiyasına imkan vermişdir.

Onu da xatırladaq ki, Kamiltəpə və onun ətrafında aparılan tədqiqatlar haqqında xarici ölkələrdə iki kitab və onlarla məqalə dərc olunmuşdur.

Qeyd edək ki, məqalənin digər həmmüəllifləri olan Almaniyanın Kristian Albert ad. Kil Universitetinin əməkdaşı, doktor Andrea Riççi, Azad Berlin Universiteti (Freie Universität Berlin) Yaxın Şərq Arxeologiyası departamentinin əməkdaşı Maria Bianka D`Anna və Sidney Universitetinin (Avstraliya) Arxeologiya Departamentinin əməkdaşı doktor Barbara Helvinq Mil-Qarabağ bölgəsində azərbaycanlı həmkarları ilə birgə artıq uzun müddətdir ki arxeoloji tədqiqatlar aparmaqdadırlar.