Bir neçə gün bundan öncə milli KİV-də yayılmış xəbərə görə, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC informasiya təhlükəsizliyi sahəsində dünya liderlərindən biri sayılan “Kasperski Lab”ın rəsmi partnyoru olaraq kommersiya məqsədi ilə bazara daxil olur.

“Kasperski Lab” Azərbaycana gəldi…

Xəbərdə bildirlir ki, əməkdaşlığa əsasən, “AzInTelecom”un AZCLOUD bulud provayderi korporativ bulud infrastrukturunun, virtual mühit və fiziki serverlərin təhlükəsizliyinin qorunması üçün “Kaspersky Lab”ın həllərini əlverişli şərtlərlə korporativ müştərilərinə təklif edəcək. Dünya səviyyəsində tanınan bu həllər mərkəzləşdirilmiş idarəetmə, çevik lisenziyalaşdırma xüsusiyyətləri və infrastruktur xərclərinin tələb olunmaması kimi üstünlüklərə malikdir.

“Kasperksy Lab”ın statistik məlumatına əsasən, 2018-ci ildə Azərbaycanda 18,2% korporativ istifadəçi internetdə kibertəhlükələrlə qarşılaşıb. Sözügedən şirkətin təqdim etdiyi texnologiyalar dünyanın 400 milyondan çox istifadəçisinin və 270 min korporativ müştərinin informasiya təhlükəsizliyini təmin edir” – xəbərdə belə deyilir.

Əlbəttə, Azərbaycanın informasiya texnologiyaları sahəsində beynəlxalq əməkdaşlığı sevindirməyə bilməz. Amma bu strateji sahənin digər bir tərəfi də var. Bu da informasiya təhlükəsizliyi ilə bağlıdır. Çünki informasiya təhlükəsizliyi sahəsi müasir dövrdə milli təhlükəsizliyimizin prioritet sahələrindən biridir.

Hələ 2012-ci ildə AzərbaycanRespublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli 708 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yaradılmışdır. Daha sonra “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamını da xatırlada bilərik. Hətta Prezident İlham Əliyev fevralın 21-də  “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncamı imzalalmışdır. Göründüyü kimi Azərbaycan Respublikasında ən yüksək səviyyədə dövlətimizin informasiya təhlükəsizliyinə diqqət yetirilir.

“Kasperksy Lab”a gəldikdə isə, … Axı, bu kompaniyanın özü bir neçə ölkədən məhz informasiya sahəsində potensial təhlükə hesab edildiyindən çıxarılmışdır!!!

“Kasperski Lab”-ın müəmmalı dosyesi…

Bu beynəlxalq şirkət Rusiyada yaranıb. Onun yaranma tarixçəsi maraqlıdır. 1991-ci ildə şirkətin yaradıcısı Yevgeni Kasperski KAMİ Elmi-Texniki Mərkəzində AntiViral anti-virusunu tərtib edən qrupun rəhbəri olur. KAMİ Elmi-Texniki Mərkəzini isə, keçmiş SSRİ KQB-sinin Ali məktəbində 4-cü (texniki) fakültədə informasiya texnologiyalarından dərs deyən Aleksey Remizov 1989-cu ildə yaratmışdı. Hal-hazırda həmin fakültə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Kriptoqrafiya, Rabitə və İnformatika İnstitutu adlanır.

Ən maraqlısı isə budur ki, Yevgeni Kasperski 1987-ci ildə həmin keçmiş SSRİ KQB-sinin Ali məktəbinin 4-cü (texniki) fakültəsini bitirmişdir və 1989-cu ildə müəllimi Aleksey Remizovun təşkil etdiyi KAMİ Elmi-Texniki Mərkəzində çalışacaqdı. 1989-cu ilədək isə, Y.Kasperski SSRİ Müdafiə Nazirliyinin çoxproflli elmi-tədqiqat İnstitutunda çalışır.

Beləliklə, 1997-ci ildə “Kaspersky Lab” şirkətini təsis edənədək Y.Kasperski keçmiş SSRİ-nin və sonra Rusiyanın xüsus xidmət və müdafiə sənayesi sistemində elektron təhlükəsizlik problemləri ilə məşğul olan elitar çevrəyə daxil idi.

Əlbəttə, yüksək bilikli alimlərin hansısa ölkələrdə, nə zamansa müdafiə və xüsusi xidmətlərin sıralarında çalışması gizli bir fakt deyil. Amma sonrakı faktlar hələ də həmin bağ və işbirliyinin qalmasını göstərə bilər. Biz burada əsas məsələyə çatdıq…

2015-ci ildə Ukrayna Nazirlər Kabineti Xüsusi Rabitə və informasiya təhlükəsizliyi Xidmətinə göstəriş verdi ki, dövlət hakimiyyəti orqanlarında “Kaspersky Lab” şirkətinin proqram təminatının əldə edilməsi, yenilənməsi və istifadəsini yasaq etsin. Ukrayna Milli təhlkəsizlik və müdafiə Şurası da Rusiya proqram təminatının ölkə ərazisində istifadəsini qadağan etdi.

Əlbəttə, Ukrayna hökumət strukturlarının bu qərarını Kiyev-Moskva qarşıdurması fonunda qarşılıqlı sanksiyalarla izah etmək olar.

Amma…

“Kaspersky Lab” şirkətinin innovativ mühafizə proqramlarından biri Kaspersky Security Network (KSN) sistemidir. Yəni, siz şəxsi kompüterinizə KSN-i qoşanda faktiki müqavilədə “razıyam” xanasına “quş” qoymaqla bu sistemin sizin kompüterinizin məlumat bazasını skanlamağa razılıq verirsiniz. KSN sizin kompüterinizi skan edəndə şübhələndiyi faylları “Kaspersky Lab” şirkətinin analitiklərinin daxil ola bildiyi “buluda” yollayır. Şirkət analitikləri də sizin fayllarınızla tanış olur. Yəni, bir var ki, anti-virus sizin komptda şübhəli fayl tapıb sizə məlumat verir, bir də var ki, anti-virus proqramı şübhəli bildiyi sizin fayllarınızın kopiyasını şirkətə yollayır. Sizin xəbəriniz olmasa belə, sizin xoşunuza gəlməsə belə… Axı, siz KSN-i kompüterinizə yükləyəndə “razıyam” xanasına “quş” qoymusunuz…

2015-ci ildə ABŞ KİV-lərində qalmaqallı məlumatlar yer aldı. Belə ki, Shadow Brokers adlı haker qrupu İranın nüvə texnologiyaları sahəsindəki kompüterlərində gizlənmiş Stuxnet adlı gizli kəşfiyyat və təxribat virusunun (“soxulcan” tipli) Equation Group adlı digər haker qrupu tərəfindən yaradıldığını bildirdi. Shadow Brokers qrupunun açıqladığı materiallarla tanış olan və ilk dəfə Equation Group haker qrupunun mövcudluğu barədə xəbər vermiş “Kaspersky Lab” açıqladığı məlumatda aşkar bildirirdi ki, Equation Group haker qrupu ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi (MTA) ilə əlaqəlidir.

Beləliklə, ilk dəfə ABŞ xüsusi xidmətləri ilə əlaqəli olan Equation Group`unu “Kaspersky Lab” aşkar etmişdi. “Kaspersky Lab” bildirmişdi ki, İranın nüvə texnologiyalarının kompüter sistemini sıradan çıxarmış Stuxnet “soxulcan” virusunu Equation Group yaratmışdır.

Amma MTA-nın kompüter sistemini sındıraraq onun Equation Group ilə əlaqəsini ortaya çıxaran anonim Shadow Brokers haker qrupu oldu.

Belə olduqda, ABŞ KİV-i, xüsusilə Motherboard dərgisinin kompüter proqamları üzrə uzmanları belə bir nəticəni ortaya qoydular ki, ABŞ MTA-sının Equation Group`la əlaqəsini ortaya qoymuş Shadow Brokers qrupunun özü “Kaspersky Lab” vastəsilə Rusiya kəşfiyyat ilə əlaqəlidir. Çünki ilk dəfə Shadow Brokers`in ifşaedici məlumatları “Yandeks.Disk”də qoyulmuşdu. Edvard Snouden də bildirdi ki, Shadow Brokers haker qrupunun Rusiya xüsusi xidmətləri tərəfindən yaradılmasını sübut etmək çətin olsa da, amma onların əlaqəsi danılmazdır. Motherboard dərgisinin kompüter proqamları üzrə ekspertləri bildirdilər ki, hər hansı bir haker qrupu ABŞ MTA-sının elektron bazasına müdaxilə etmək gücündə ola bilməz. Burada söhbət iri dövlətin nəhəng proqram təminatı şirkətinin analitik qrupundan gedə bilər. Birbaşa dərgi ekspertləri “Kaspersky Lab”a işarə edirdilər.

Sonrakı tədqiqatlar göstərdi ki, ABŞ MTA-sının yüksək çinli vəzifə sahibinin evindəki kompüterində həmin yuxarıda qeyd etdiyimiz KSN anti-vurusu varmış. “Kaspersky Lab”ın yaratdığı KSN anti-virusu da ABŞ yüksək vəzifəli məmurunun kompüterində dövlətin strateji məxfi məlumatlarını “Kaspersky Lab”ın analitiklərinə ötürüb. Bu məlumatların əksəriyyəti “gizli”, “tam məxfi” və “məxfi” sözləri ilə başlayır. Belə alındı ki, “Kaspersky Lab”ın yaratdığı KSN istənilən idarənin və şəxsin kompüterlərində nəinki virusları, həmçinin, ingiliscə və ya ayrı dillərdə “tam məxfi”, “məxfi” və ya “gizli” sözü işlənən (bəlkə başqa açar sözlər də ola bilər; ölkədən asılı olaraq) faylları da “Kaspersky Lab”a yollayır…

Beləliklə, ABŞ KİV-ləri və eksertləri belə bir nəticəyə gəldilər ki, əslində ABŞ MTA-sının Equation Group`la əlaqəsi, həmçinin, MTA-nın bazalarına daxil olmaq yolları barədə məlumata “Kaspersky Lab” yiyələnmişdi. Bu məlumatların sonradan Shadow Brokers haker qrupuna necə gedib çıxmasını bilmək üçün dərin təhlilə ehtiyac yoxdur…

2016-cı ilin oktyabrında “Kaspersky Lab” bu insedentlə bağlı daxili təhqiqatının nəticələrini dərc etdi. Açıqlamada “Kaspersky Lab” bildirirdi ki,  Equation Group öz virusları ilə məhz ilk dəfə onların sisteminə hücum etmişdir. Ola bilsin ki, bu qrupun “Kaspersky Lab”ın məhsullarına yeritdiyi viruslar belə təəssürat yaradır ki, guya məhz “Kaspersky Lab” kəşfiyyatçı və təxribatçı virusların yaradılması ilə məşğuldur. Amma bu belə deyil, çünki “Kaspersky Lab” heç bir zaman müştərilərinin kompüterlərində ziyanverici olmayan faylların “tam məxfidir” və ya “məxfi” açar sözləri ilə axtaran proqramlar yaratmayıb.

2017-ci ilin iyulunda Bloomberg analitik dərgisi anonim mənbədən aldığı məlumatları dərc etdi. Məxfi məlumatlardan aydın olur ki, sənədlər “Kaspersky Lab” şirkəti əməkdaşlarının daxili yazışmasıdır. Məlumatlara görə, “Kaspersky Lab” şirkəti Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) ilə fəal əməkdaşlıqdadır. Həmçinin, yazışmadan belə nəticə alınır ki, “Kaspersky Lab” şirkəti əməkdaşları FTX ilə hakerlərin izlənməsi və həbsində birgə iştirak edir. Şirkətin FTX ilə əməkdaşlığını himayə edən, yəni, kurator — “Kaspersky Lab” şirkətinin təhlükəsizlik və hüquqi məsələlər üzrə məsul əməkdaşı İqor Çekunov idi.

Bundan sonra elə həmin ayda ABŞ dövlət strukturları “Kaspersky Lab” şirkətini dövlət orqanlarına texniki avadanlıq və informasiya məhsulları sata bilən təchizatçılar siyahısından çıxardılar. Yəni, 2017-ci ilin iyulundan ABŞ dövlət təsisatları “Kaspersky Lab” şirkətindən artıq heç bir məhsul almırlar.

2017-ci ilin sentyabrında ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin sərəncamı ilə ABŞ dövlət orqanları və müəssissələrinə “Kaspersky Lab” şirkətindən informasiya məhsulları almaq yasaq edildi. Səbəb kimi göstərilirdi ki, bu şirkətin məhsulları ABŞ dövlət orqanlarının kompüterlərindən dövlət əhəmiyyətli materialları Rusiya FTX-sına ötürə bilər.

2017-ci ilin oktyabrın 10-da ABŞ-ın aparıcı dərgiləri The New York Times, The Washington Post, The Wall Street Journal dərc etdikləri materiallarda bildirilirdi ki, “Kaspersky Lab”ın əməkdaşları ABŞ MTA-sının məxfi fayllarını ələ keçirmişlər. Bu məlumat, “Kaspersky Lab”ın şəbəkəsinə və yaddaş bazasına gizli daxil olmuş İsrail xüsusi xidmət orqanlarının hesabatlarından məlum olmuşdur. İsrailli xüsusi xidmət orqanlarının fikrincə “Kaspersky Lab”ın yaratdığı anti-viruslar personal kompüterlərdə faylları skan edərək, məxfi məlumatlar olan qovluqları ələ keçirə bilirlər.

Beləliklə, aydın oldu ki, 2016-cı ilin oktyabrında “Kaspersky Lab”ın daxili təhqiqatının nəticələrinə əsaslanaraq verdiyi açıqlama həqiqətə uyğun deyil, ictimaiyyəti aldatmaq məqsədini güdürmüş.

 2017-ci ilin dekabrında prezident Tramp Daxili Təhlükəsizlik Nazirliyinin həmin sərəncamına qanun statusu verdi. “Kaspersky Lab” şirkəti şikayət məktubu ilə ABŞ federal məhkəməsinə müraciət etdi ki, ittihamlar əsassızdır. Məsələ hələ də məhkəmədədir. Həmçinin, elə 2017-ci ilin dekabrında “Kaspersky Lab” şirkətinin Vaşiqntondakı ofisi bağlandı.

Qonağı qarşılayaq, yoxsa yola salaq?

Əlbəttə, deyə bilərik ki, Azərbaycan nə ABŞ, Çin, Fransa və nə də hər hansı bir NATO ölkəsi deyil ki, “Kaspersky Lab” dövlətimizin sirlərinin ovuna çıxsın. Biz balaca dövlətik, həmçinin, Rusiyaya və NATO ölkələrinə də loyalıq.

Amma…

Biz erməni işğalları ilə üzləşmişik. Hər an da ya 2016-cı il aprel döyüşləri təkrarlana və ya uzun müddətli müharibə qızışa bilər. Azərbaycanın dövlət təsisatlarında  “Kaspersky Lab” şirkətinin “həlləri”nin (anti-virus proqramlarının və d.) ələ keçirdiyi materialları ermənilərə ötürə bilməzmi?

Axı, erməniləri bizim iqtisadi durumumuz, bank sistemimiz, dövlət yazışmaları, rəhbər vəzifə sahiblərimizin ailə durumu, maddi təminatı, ən əsası isə, hərbi tədbirlərimiz, istər silah-sursat, istər İsrail və Türkiyə ilə hərbi əməkdaşlığımız və d. barədə məlumatlar ciddi maraqlandırır. Onlar bu cür materialları əldə etmək üçün “Kaspersky Lab”ın xidmətlərindən istifadə etmək istəməzlər? Axı, “Kaspersky Lab” “beynəlxalq” brendi ilə işləsə də Rusiya ilə bağlıdır və göründüyü kimi Rusiya xüsusi xidmətləri ilə əlaqələri dərindir. Rusiya isə, işğalçı erməniləri himayə edir. Məsələn, martın 5-6-da Moskvada  “Lazarev klubu”nun növbəti yığıncağı keçiriləcək. Bu klubun təşəbbüskarı və təşkilatçısı olan Rusiya Dumasının MDB, Avrasiya inteqrasiyası və soydaşlarla iş üzrə komitə sədrinin müavini Konstantin Zatulindir. Martın 5-6-da keçiriləcək həmin klubun tədbirinə işğal olunmuş torpaqlarımızda qurulmuş qondarma “arsaxın” nümayəndələri də dəvət edilib. Düşmənimizin dostunun elektron informasiya proqramları şirkəti dostumuz ola bilərmi? Biləndə ki, Azərbaycanda “Kaspersky Lab”ın  həllərindən geniş istifadə edilir, istər evdə, istərsə də işdə, hansı ölkə hərbi, hərbi-sənaye və strateji iqtisadi sahədə bizlə əməkdaşlıq edəcək?

Qarxunlu