Müdafiə sahəsində əməkdaşlıq iki ölkə arasında münasibətlərdə yeni səhifə aça bilər. Ancaq bu məsələdə əsas söz sahibi yenə İtaliya prezidenti deyil, hökumətidir. Ona görə də İtaliya prezidentinin Azərbaycanla bağlı dediklərinin bu ölkənin baş nazirinin də təsdiqinə ethiyac var. Bu baxımdan İtaliyanın baş nazirinin də Azərbaycana rəsmi səfərə gəlməsi və deyilənləri təsdiq etməsi zəruridir.

Bakıxəbər.az xəbər verir ki, bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin analizində yer alıb:

“Bu, İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana ilk səfəridir. İtaliya ilə əməkdaşlıq Azərbaycan üçün bir neçə baxımdan vacibdir.

Birincisi, İtaliya hazırda ATƏT-ə sədrlik edir. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu məşğul olur. İtaliya birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Buna görə də rəsmi Bakı ümid edir ki, İtaliya ATƏT-ə sədrlik etdiyi dövrdə Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışacaq. İtaliya prezidenti də çıxışında bu məsələyə diqqət ayırdı. Doğrudur, İtaliyanın ATƏT-ə sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həll olunacağını proqnozlaşdırmaq çətindir. İtaliyadan əvvəl digər dövlətlər də ATƏT-ə sədrlik ediblər. Həmin dövlətlər İtaliya kimi Azərbaycanın strateji tərəfdaşlarıdır. Ancaq həmin dövlətlər də münaqişənin həllinə nail ola bilmədilər. Buna baxmayaraq, İtaliyanın münaqişənin həllində fəallığını artırması Azərbaycan üçün az əhəmiyyət daşımır”.

Analizdə qeyd olunur ki, Azərbaycan-İtaliya arasında əməkdaşlığın ikincisi mühüm əhəmiyyəti Romanın Bakının Avropa İttifaqı və NATO ilə əlaqələrinə dəstəyidir:

“İtaliya Brüssellə Bakı arasında strateji tərəfdaşlıq sazişinin qısa müddətdə imzalanmasına çalışır. Azərbaycanın Avropa İttifaqının 9 ölkəsi ilə strateji tərəfdaşlıq sazişi var, bunlardan biri İtaliyadır. İki ölkə arasında saziş 2014-cü ildə imzalanıb. Üçüncüsü, Avropa İttifaqı dövlətləri arasında Azərbaycanın əsas ticarət tərəfdaşı məhz İtaliyadır. İtaliyanın bir neçə şirkəti Azərbaycanda fəaliyyət göstərir, fabrik və zavodların tikintisində yaxından iştirak edirlər. Azərbaycan sənayesi İtaliyanın texnologiyalarına ehtiyac duyur”.

Qeyd edək ki, İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ölkəmizdə səfərdədir.