İsrail parlamenti İsrail dövlətinin yalnız yəhudilərə aid olması haqqında Konstitusiya qanununu qəbul edib.

Bakıxəbər.az xəbər verir ki, parlamentdə qəbul edilən qanuna əsasən, İsrail bundan sonra yəhudi xalqının evi sayılır və yalnız yəhudilər dövlətin hüdudlarında öz milli müqəddəratını həll etmək haqqına sahib olurlar.

Qanunda həmçinin yalnız ivrit dilinin dövlət dili hesab edildiyi və ərəb dilinə isə xüsusi status verildiyi bildirilib.

İsrail Baş naziri Benyamin Netanyahu da qanunla bağlı çıxış edib:

“Bu, sionizm və İsrail dövlətinin tarixində həlledici andır. Biz qanunla öz mövcudluğumuzun baza prinsiplərini gücləndiririk. İsrail yəhudi xalqının milli dövlətidir və o öz vətəndaşlarının fərdi haqlarına hörmətlə yanaşır. Yaxın Şərqdə yeganə olaraq bu haqqa hörmətlə yanaşan bizik”.

Yeni qanun ərəblər arasında kəskin narazılığa səbəb olub. Qanunun parlamentdə qəbulu zamanı ərəb deputatlar nümayişkaranə şəkildə bunun diskriminasiyaya səbəb olacağını bildiriblər. Onlar həmçinin Netanyahuya qarşı “aparteid” şüarları səsləndiriblər.

Qanun layihəsinin əleyhinə ərəblərlə bərabər sol və mərkəzçi partiyalar da qarşı çıxıb.