İraqın Baş naziri Adel Abdel Mahdiilə Prezident Donald Tramp arasında ABŞ dövlət başçısının Bağdada səfəri zamanı keçirilməsi planlaşdırılan görüş təşkilatçılıqla bağlı fikir ayrılığına görə baş tutmayıb.

Bakıxəbər.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə İraq Baş nazirinin mətbuat xidmətinin məlumatında deyilir.

Məlumata görə, görüşün təşkilatçılığı il bağlı yaranmış fikir ayrılığı tərəflərin telefon danışığı ilə kifayətlənməsinə gətirib çıxarıb. Danışıqlar zamanı A.Mahdi və D.Tramp təhlükəsizlik məsələlərini və ABŞ Prezidentinin Amerika qoşunlarının Suriyadan çıxarılmasına dair fərmanını müzakirə ediblər. İraqın Baş naziri ABŞ Prezidentini Bağdada, Tramp isə Mahdini Vaşinqtona səfərə dəvət edib.

Bu arada Ağ evin nümayəndəsi Sara Sanders bildirib ki, ABŞ Prezidenti Bağdada səfəri zamanı təhlükəsizliklə bağlı problemlərə görə İraq baş naziri ilə görüşməyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp dünən İraqa əvvəlcədən elan olunmamış səfər edib və orada hərbçilərlə görüşüb. Trampın İraqa səfəri onun Amerika qoşunlarının Suriyadan çıxarılmasını elan etməsindən bir həftə sonra baş tutub.