15 iyul 2015-ci ildə İran və “altılıq” ölkələri (ABŞ, Fransa, İngiltərə, Almaniya, Çin və Rusiya) razılıq əldə elədilər. Bu razılıq siyasi tarixə Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) kimi daxil oldu. Razılığın mahiyyəti bundan ibarət idi ki, Qərb dövlətləri Tehranın nüvə proqramı üzrə bu ölkəyə qarşı sanksiyalardan imtina etməyi üzərlərinə götürürdülər. Razılığa əsasən İran öz nüvə obyektlərinə MAQATE inspektorlarını buraxmalı idi. Qərb dövlətləri isə, addım-addım İrana qarşı tətbiq etdikləri sanksiyalardan imtina edirdilər. Razılıq tərəflərin yüksək dövlət orqanları tərəfindən təsdiqlənməli və BMT Təhlkəsizlik Şurası tərəfindən razılıq almalı idi.

Razılığın əsas maddələri bunlar idi: 1) İranın zənginləşdirilmiş uranının böyük hissəsi ölkədən çıxarılmalıdır; 2) İranda hər hansı bir nüvə obyekti demontaj edilməyəcək; 3) Fordodakıyanacağın zənginləşdirilməsi zavodu uranın zənginləşdirilməsindən məhrum olan elmi-tədqiqat mərkəzinə çevrilməlidir; 4) MAQATE 20 il ərzində ölkə ərazisində bütün nüvə obyektlərinə daxil ola bilər; 5) ABŞ-ın, Avropa Birliyinin və BMT Təhlükəsizlik Şurasının sanksiyaları hərtərəfli razılaşma müqaviləsinin imzalanmasından sonra qısa müddətdə ləğv ediləcəkdir.

Bundan sonra Avropa Birliyinin nəhəng kompaniyaları sürətlə İranda öz filiallarını açmağa başladılar ki, ölkənin bazarının böyük bir hissəsini ələ alsınlar. Rusiya neftçiləri də İrana qayıtdılar.

Amma göründüyü kimi bu anlaşma uğurlu sonluqla bitmədi. İlk olaraq ABŞ daimbelə bir fikir irəli sürürdü ki, İran razılaşmanın müddəalarının reallaşmasından boyun qaçırır, gizli olaraq hərbi xarakterli nüvə proqramını davam etdirməkdədir.

2017-ci ilin oktyabrında ABŞ prezidenti Tramp bəyan etdi ki, BHFP-ni təsdiqləmək üçün Senatı daha dilə tutmayacaq. Bu cür qərar Səudiyyə Ərəbistanı və İsrail tərəfindən dəstəklənirdi. Amma Avropa Birliyi bəyan etdi ki, razılaşma bir ölkənin qərarı ilə ləğv edilə bilməz.

2018-ci ilin mayın 8-də isə, Tramp bildirdi ki, İran üzrə nüvə proqramından çıxmaq barədə qətiyyətdədir. ABŞ prezidenti bəyan etdi ki, əlində İranını öz hərbi gizli nüvə proqramını davam etdirmək barədə sübutlar vardır. Həmçinin, o bildirdi ki, Tehrana qarşı sanksiyaların bərpa edəcək.

Bu həftənin çərşənbə axşamı, yəni, avqustun 7-də isə, ABŞ prezidentinin sərəncamı ilə,  İrana qarşı sanksiyaların birinci mərhələsi qüvvəyə mindi. Bir gün əvvəl isə, ABŞ prezident administrasiyasının yüksək rütbəli rəsmisi jurnalistlərə verdiyi telefon brifinqində bunları bildirmişdi: “Birinci mərhələdə —  İran tərəfindən dollar əskinaslarının, alüminium, polad, qrafit, kömür, elektron proqram təminatı, hərbi və mülki təyyarə və təyyarə hissələrinin alınmasına, İrandan ixrac edilən neft, neft məhsulları, xalça, ərzaqlara, İran rialının bank dövriyyəsinə, dövlət borclarına görə qiymətli kağızlar əməliyyatına sanksiyalar tətbiq ediləcək. 5 noyabrdan başlanacaq sanksiyaların ikinci mərhələsində, göstərilmiş maddələr üzrə İranla elmi, ticari və bank əməliyyatları aparan kompaniyalara qarşı sanksiyalar nəzərdə tutulur”.

Hələ may ayında ABŞ-ın bu qərarından Avropa Birliyi narazılığını açıq ifadə etdi və Vaşinqtonun beynəlxalq sanksiyalarını adlaya biləcək qanunun təsdiqlənməsi üzrə prosedura başladı. İndi isə, Avropa Birliyi avqustun 7-dən ABŞ sanksiyalarına qarşı Bloklaşma qanunu fəallaşdırdı. Bu qanun Avropa şirkətlərini müdafiə etməlidir, hətta sanksiyalardan aldığı ziyanı ABŞ-ın ödəməsini nəzərdə tutur. Qeyd edək ki, bu qanunu hələ 1996-cı ildə Kubada işləyən avropalı kompaniyaların müdafiəsi üçün qəbul etmişdilər, amma Brüsseldəki ABŞ lobbisi həmin qanunun tətbiqini durdurmuşdu.  Bu qanun nə qədər effektiv olacaq, İrana görə Avropa Birliyi ilə ABŞ arasında iqtisadi və hətta siyasi qarşıdurmaya gətirəcək— bunu proqnozlaşdırmaq çətindir.

MƏQSƏD

Rəsmi olaraq Ağ Ev bildirir ki, sanksiyalarla ABŞ heç də İrandakı rejimin devrilməsini əsas məqsəd kimi qarşısına qoymayıb. Əsas məqsəd — rəsmi Tehranın dünya meydanında davranışını dəyişməyə məcbur etməkdir.

Əslində sanksiyaların tətbiqi üçün irəli sürülən ittihamların arxasında ABŞ-ın Suriyada istədiyinə nail olmaqda, yəni, Bəşər Əsədi devirməkdə rəsmi Tehran tərəfindən nümayiş etdirilən müqavimətdən doğan hiddət durmaqdadır. Rəsmi Tehran tərəfindən Bəşər Əsədin çılğın müdafiəsi ABŞ-ın planlarına ciddi zərbə vurdu.

Tətbiq edilən sanksiyalar öz dərin mahiyyətində heç də Tehran rejimini mülayimləşməyə istiqamətlənməyib. Bu cür sanksiyalar dalğası ilə İran dövləti 1977-1978-ci illər islam inqilabından sonra üzləşməmişdi. Sanksiyalar dövlətin maliyyə və iqtisadi əsaslarını dağıdılmasına istiqamətlənib. 7 avqust sanksiyalarına qədər artıq ABŞ-ın tətbiq etdiyi ilkin sanksiyalar artıq İran əhalisi üçün acı nəticələrini verməkdədir.

7 AVQUST SANKSİYALARINA QƏDƏR  KƏSKİNLƏŞMİŞ DURUM

İranda gündəlik tələbat mallarının sürətlə bahalaşmasına, həyat səviyyəsinin aşağı düşməsinə və hökumətin siyasətinə etiraz olaraq başlayan nümayişlər ara vermir. “Alman dalğası”ı xəbər verir ki, artıq avqustun 4-5-də ölkənin daha bir neçə şəhərində, o cümlədən Tehran, Şiraz, Kərəc və Qumda insanlar küçələrə çıxaraq antihökumət şüarları səsləndiirblər. Aksiyalarda yüzlərlə insanın iştirak etdiyi bildirilir, təhlükəsizlik qüvvələri etirazçılara müdaxilə edib.

İranda inflyasiyanın yeni dalğası ABŞ-ın bu ölkəyə qarşı sanksiyaları yenidən bərpa etməsi ilə bağlıdır. ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsi bir çox Qərb şirkətlərini bu ölkədəki bizneslərini dayandırmağa məcbur edib. Ölkədən kapital axını sürətlənib. Milli valyutanın dollarla müqayisədə kəskin dəyərdən düşməsi nəticəsində inflyasiya sürətlənib, gündəlik tələbat mallarının kəskin bahalaşması iranlıların sosial vəziyyətini ağırlaşdırıb.

Prezident Həsən Ruhaninin hökuməti yerli valyuta bazarında vəziyyəti sabitləşdirmək üçün uğursuz cəhdlər edir. Bu ilin aprel ayından, yəni ABŞ prezidenti Donald Trampın İrana qarşı sanksiyaları bərpa etmək qərarından bəri ölkənin milli valyutası rial dollarla müqayisədə iki dəfədən çox dəyərdən düşüb. Ötən bazar günü 1 dollar 115 min riala satılırdı. İran Mərkəzi Bankı isə rəsmi məzənnəni 1 dollar üçün 42 min rial səviyyəsində müəyyən edib, amma dolların qara bazar məzənnəsi sürətlə artır.

İqtisadiyyatın acınacaqlı durumda olmasına baxmayaraq İran hakimiyyəti Suriya və Livandakı əməliyyatlara hər il milyardlarla dollar xərcləyir, “Hizbullah”a ildə bir neçə yüz milyon dollar verir. Bu da iranlılar arasında narazılığı artıran səbəblərdən biridir. Ötən ilin sonlarından başlayaraq ölkədə güclü antihökumət etirazları baş qaldırıb, o cümlədən etirazçılar dini liderin əleyhinə sərt şüarlar səsləndirirlər.

Hətta Tehrandan qərbdə yerləşmiş Eştehad şəhərində etirazçılar hökumətin tərəfdarlarının ocağı hesab edilən dini məktəbə hücum etmişlər, nəticədə, 500 nəfər dini xadim xadim və tələbə döyülmüş və şəhəri tərk etmişlər.

Sanksiyalardan çəkinərək İran bazarını tərk edən xarici şirkətlər içərisində Adidas, Nike, Total, Engie, Maersk, Peugeot, General Electric, Baker Hughes, Honeywell, Boeing, Reliance, Dover, Robert Bosch GmbH, Airbus, Shell, Daimler, Siemens və hətta Rusiyanın Lukoil şirkətləri də vardır.

İranın məşğuliyyət naziri Əli Rəbiyənin sözlərinə görə, sanksiyalar nəticəsində  bir milyon iranlı işsiz qala bilər. İranın keçmiş prezidenti Məhəmməd Hatəmi isə, baş verən proseslərin İslam Respublikasının süqutu kimi dəyərləndirir.

AZƏRBAYCAN MƏNAFELƏRİ VƏ TƏHLÜKƏSİZLİYİ

ABŞ öz sanksiyalarında müəyyən güzəştlərə gedir. Məsələn, Hindistan rəsmiləri ilə danışıqlardan sonra bu ölkənin İrandan neft alacağına Ağ Ev loyal yanaşdığını bildirdi. Amma digər bir problem həll edilməmiş qalır. Əgər İrana qarşı maliyyə-bank sistemi üzrə sanksiyalar sərtləşirsə, Hindistan aldığı neftə görə ödənişləri həyata keçirə bilməyəcək!

Türkiyə də bəri başdan bildirdi ki, ABŞ-ın sanksiyalarına görə, rəsmi Ankara öz xalqını qışda yanacaqsız qoymaq fikrində deyil.

Azərbaycanın İranla iqtisadi əməkdaşlıq üzrə nəhəng layihələri vardır. Bunlardan biri də “Şahdəniz-2” yatağı üzrədir. Sanksiyalar Xəzərdə Azərbaycanın “Şahdəniz-2” yatağında İranın NİOC şirkəti ilə ortaq şəkildə hasilat həyata keçirən BP şirkətini, o cümlədən Azərbaycanın özünü də vura bilərdi.

ABŞ-ın “S&P Global” mediaholdinqi bildirir ki, Cənub Qaz Dəhlizinin və “Şahdəniz” yatağının ABŞ-ın sanksiyalarından kənarda qalacağı prezident Donald Trampın imzaladığı fərmanda əksini tapıb. Hərçənd fərmanda konkret olaraq bu layihələrin adı çəkilmir.

Məlumatda deyilir ki, BP ABŞ hökumətinə Azərbaycanın “Şahdəniz” yatağının işlənməsi layihəsinin sanksiyalardan kənarda saxlanılması üçün müraciət edib. İranın NİOC şirkəti bu konsorsiumda 10 faizlik paya malikdir. Lakin Trampın fərmanında Cənub Qaz Dəhlizinə işarə ilə bildirilir ki, “təbii qaz layihəsi istisnadır”. Və ardınca fərmanda 2012-ci ildə qəbul edilmiş Akta istinad edilir. Həmin Aktda “Azərbaycanda qaz hasilatının,  Türkiyəyə və Avropaya təbii qazın nəqlinin sanksiyalardan azad edilməsi” nəzərdə tutulur. Bu qanuna əsasən Cənub Qaz Dəhlizi Avropanın Rusiyadan energetika asılılığını azaltmağa xidmət etdiyi üçün istisna təşkil edir.

Amma Azərbaycanın İranla həmçinin nəqliyyat üzrə layihələri var. Təkcə İranla Azərbaycan arasında dəmir yolunun çəkilməsinə 500 milyon dollar vəsait ayrılıb. Millət vəkili Vahid Əhmədov bu barədə nikbin fikirlər bildirir ki, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların Azərbaycana ciddi təsiri olmayacaq. Çünki Bakının həyata keçirdiyi layihələr Avropa üçün lazımlıdır və özəlliklə ABŞ-ın dəstəklədiyi layihələrdir.

Əlbəttə, millət vəkilinin nikbinliyi ilə bölüşmək istərdik. Amma son dövrün təcrübəsi göstərir ki, İrana qarşı sanksiyalara əhəmiyyət verməmək hüququna bölgədə yalnız “ermənistan” adlı xristian forpostu malikdir. Ola bilsin ki, Qərb İranla bağlı itkilərinə görə Paşinyan iqtidarına, maliyyə və s. kompensasiya təklif edsin. Amma İrana qarşı sanksiyaların bizə toxunmayacağı fikrinə bir qədər diqqətli yanaşmaq lazımdır.

Sözsüz ki, Azərbaycan üçün cənub qonşusu ilə bağlı iki model daha əlverişlidir. 1-cisi, İranda islam rejiminin qalması. Çünki bu halda Azərbaycan Qərbin gözündə önəmli bir strateji yer tutur, əhəmiyyətə malik potensial tərəfdaş kimi dəyərləndirilir. 2-cisi, İranda tam demokratik rejim qurulur, milli azlıqlar, xüsusilə də, ölkənin ikinci milləti olan Azərbaycan türklüyü  demokratiyanın bütün vasitələrindən istifadə etmək hüququna yiyələnirlər. Bütün digər variantlar, məsələn, İranda uzunmüddətli xaosun və vətəndaş müharibəsinin başlanması, Tehranda hakimiyyətə istər hərbi, istər demokrat, istər şahçı, istər Qərb yönlü, istərsə də Qərb əleyhinə fars şovinsitlərinin hakimiyyətə gəlməsi Azərbaycan üçün ciddi təhlükələr törədə bilər. Ona görə, sanksiyaların İranda törədəcəyi fəsadların kəskinləşməsi fonunda, Azərbaycan ilk növbədə Türkiyə ilə vahid strategiyasını müəyyənləşdirməlidir. Çünki İranda siyasi proseslərin gedişində göstərilən variantlar Türkiyə üçün də ciddi təhlükə doğuracaqdır.

Qarxunlu

“Millətçilik” Qəzeti