İran Silahlı Qüvvələrinin nümayəndəsi briqada generalı Əbülfəz Şəkərçi bildirib ki, Tehran raket sınaqlarını davam etdirmək niyyətindədir və bunun üçün xarici dövlətlərin icazəsinə ehtiyac yoxdur.

“Report” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, o, bu sınaqların müdafiə xarakteri daşıdığını deyib.

“İran İslam Respublikasının müdafiə sənayesinin raket və digər vasitələrinin sınağı müdafiə və təhlükənin qarşısının alınması üçün nəzərdə tutulub, hər şey olduğu kimi davam edəcək”, – deyə agentlik Şəkərçinin sözlərini sitat gətirib.

Onun sözlərinə görə, sözügedən məsələ dövlətin milli təhlükəsizlik sahəsinə aiddir.

“Biz buna görə heç bir ölkədən icazə istəməyəcəyik“, — deyə briqada generalı əlavə edib.

Bundan əvvəl İran raket proqramı ilə BMT qətnamələrini pozmadığını bəyan edib.