????????????????????????????????????

03 noyabr tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova Türkiyənin Qars şəhərindəki Qafqaz Universiteti Dövlət Konservatoriyasının professoru, Türk xalq musiqisi kafedrasının müdiri, həmyerlimiz Rafiq İmranini, Qars Mədəniyyət və Sənət Dərnəyinin (Kars Kültür ve Sanat Derneği) başqanı Vedat Akçayözü və onun xanımı Gül Akçayözü qəbul etmişdir.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova qonaqları salamlayaraq rəhbəri olduğu İnstitutun apardığı tədqiqatlar barədə danışdı.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərviz Qasımovun saytımıza verdiyi məlumata görə, professor Rafiq İmrani bildirdi ki, Türkiyənin Qars bölgəsi, xüsusilə də qədim Aninin yerləşdiyi ərazi mədəni və tarixi baxımdan Cənubi Qafqazla, xüsusilə Azərbaycanla bağlıdır. Bir çox dövlətlər bu ərazinin mədəni tarixinin araşdırılmasına maraq göstərməkdədirlər və bu baxımdan ölkəmizin elm adamlarının bu bölgədə elmi araşdırmalar aparması, Qars çevrəsinin tarixində Azərbaycan türklərininəks olunduğu mədəni irsinin öyrənilməsi baxımından məqsədə uyğundur. Ani bölgəsinin 2016-cı ildə UNESCO-nun Ümumdünya Mədəniyyət Mirası siyahısına daxil edilməsində əməyi olmuş Qars Mədəniyyət və Sənət Dərnəyinin başqanı Vedat Akçayöz bölgənin tarixi abidələri, özünün apardığı tədqiqatlar barədə görüş iştirakçılarına geniş məlumat verdi.

Türkiyəli qonaqlarla aparılmış fikir mübadiləsində gələcəkdə Qars vilayəti və xüsusilə, Ani abidələrində aparılan tədqiqatlarda azərbaycanlı alimlərin təmsil olunması üçün Qarsdakı Xəzər Universiteti və d. elmi-tədqiqat mərkəzləri ilə  AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu arasında əməkdaşlıq barədə razılaşmanın bağlanması təklifi irəli sürüldü.

Türkiyəli qonaqlarla görüşdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, professor Nəcəf Müseyibli, İnstitutun şöbə müdirləri tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimli, tarix üzrə fəlsəfə doktoru Səfər Aşurov, İnstitutun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Sevil Ağamalıyeva iştirak edirdilər.