15 iyul 2020-ci il tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində fəaliyyət göstərən magistratura pilləsində “Arxeologiya və etnoqrafiya” və “Antropologiya” ixtisaslaşmaları üzrə təhsil alan I kurs tələbələrinin yay imtahan sessiyası “İslam arxeologiyası”, “Paleoantropologiya (Bioarxeologiya)” fənlərindən sonuncu imtahanları keçirilmişdir. Tələbələrin cavablarını fənn müəllimləri — İnstitutun  “Orta əsrlər arxeologiyası” şöbəsinin müdiri, tarix elmləri doktoru Tarix Dostiyev və Antropologiya mərkəzinin elmi əməkdaşı Vüsal Həsənov qiymətləndirmişlər.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərviz Qasımovun saytımıza verdiyi məlumata görə, ümumilikdə, yay imtahan sessiyası çərçivəsində bu iki ixtisaslaşma üzrə təhsil alan tələbələr 7 imtahan vermişlər. Bunlardan üçü qeyri-ixtisas fənləri (“Ali məktəb pedaqogikası”, “Fəlsəfə”, “Psixologiya”), digərləri isə ixtisas fənlərindən (“Antropologiya” ixtisaslaşması üzrə — “Antropologiyanın müasir problemləri”, “Sosial antropologiya”, “Odontologiya”, “Paleoantropologiya (Bioarxeologiya)”, “Arxeologiya və etnoqrafiya” ixtisaslaşması üzrə — “Azərbaycan etnoqrafiyası”, “Azərbaycanın azsaylı xalqları”, “Arxeologiyanın müasir problemləri”, “İslam arxeologiyası”) olmuşdur. İmtahan nəticələrinə uyğun olaraq magistrantların hər üçü 2019-2020-ci tədris ilinin yaz semestrini ən yüksək qiymətlərlə başa vurmuşdur.

Qeyd edək ki, COVİD-19 pandemiyası ilə əlaqədar ölkəmizdə elan edilmiş karantin rejiminin tələblərinə uyğun olaraq semestr ərzində dərslər onlayn şəkildə baş tutmuşdur. Karantin rejiminin tələblərinə uyğun olaraq imtahanlar da “Skype” proqramı vasitəsilə onlayn formada həyata keçirilmişdir. Bundan başqa bütün imtahanların video qeydiyyatı aparılmışdır. İmtahanların gedişatına AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Tədris və beynəlxalq əlaqələr” şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Səfər Aşurov nəzarət etmişdir.