Son illərdə Azərbaycan ­Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə ölkədə genişmiqyaslı sosial islahatlar aparılır. Keçən il dövlət başçısının irəli sürdüyü iki sosial islahatlar paketi 4 milyondan artıq vətəndaşımızın rifahının yaxşılaşması ilə nəticələndi. Bu, bir daha onu göstərir ki, Prezident İlham Əliyev, Azərbaycan hökuməti daim öz vətəndaşının yanındadır.

Dünən Azərbaycan Prezidenti  Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edərkən də bu məsələlərə toxundu və bildirdi ki, əhalinin sosial müdafiəsi sahəsində bir il də addımlar atılır və atılacaq. Prezident qeyd etdi: “Pensiyaların artırılması təmin edildi. Bu, bir daha onu göstərir ki, ötən il həyata keçirilən ciddi sosial paket bizim məqsədyönlü seçimimizdir. Əminəm ki, vətəndaşlarımızın sosial vəziyyəti ildən-ilə daha da yaxşılaşdırılacaqdır”.
Bundan əlavə, Azərbaycan liderinin təşəbbüsü ilə keçən il ünvanlı sosial yardım mexanizmi ciddi şəkildə genişləndirildi. Əgər 2019-cu ilin əvvəlində 40 min ailə bu proqramdan yararlanırdısa, ilin sonunda onların sayı 72 minə çatdı. Yəni, təqribən 60-70 faiz artdı. Bu il üçün dövlət büdcəsindən ayrılmış vəsait çərçivəsində 85-90 min ailənin ünvanlı sosial yardımla əhatə olunması planlaşdırılır.
Keçən il şəhid ailələri və müharibə veteranlarına qayğı kifayət qədər artıb. Prezidentin tapşırığı ilə bu il onlar üçün daha çox ev tikilməsi nəzərdə tutulur. Dövlət başçısı dedi: “Biz bu vətəndaşların sosial təminatını ildən-ilə yaxşılaşdırırıq. Keçən il 934 ailəyə ev verilib. Mən göstəriş vermişdim ki, biz bu həcmi artıraq və bu il 1500 ailə üçün evlərin təqdimatı nəzərdə tutulur”.
Prezident, eyni zamanda, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması, əmək haqqının artırılması, icra strukturlarında mənəvi təmizlik və s. kimi məsələlərlə bağlı da narahatlıqlarını bildirdi və müvafiq göstərişlərini verdi. Bütövlükdə, əminik ki, insanlarımızın rifahının yaxşılaşdırılması daim dövlət başçımızın diqqət mərkəzindədir.

 

Azər VERDİYEV,
politoloq, Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri