Ailə ilə birgə olmağın insanlar üçün dostlarla görüşmək qədər xoşbəxtlik gətirmədiyi məlum olub.

Bakıxəbər.az xəbər verir ki, amerikalı alimlərin bununla bağlı apardıqları araşdırma “Journal of Personality and Social Psychology” dərgisində dərc edilib.

Ailələri və dostları ilə birgə vaxt keçirən insanların xoşbəxtlik dərəcəsini tədqiq edən mütəxəssislərin təcrübəsində 400 nəfər iştirak edib. Onlardan ailə və dostlarla ünsiyyətdən hansı duyğular keçirdikləri soruşulub. İştirakçılar bu kimi görüşlər zamanı nə etdiyi və ballıq emosional şkala üzrə öz təcrübələrini dəyərləndirməli olublar.

Yekunda dostlarla birgə vaxtkeçirmənin subyektiv xoşbəxtlik səviyyəsinin ailədən daha yüksək olduğu ortaya çıxıb. Araşdırmaçılar bunu dost çevrəsində insanların dincəlməyə və boş vaxtlarını keçirməyə meyilli olmaları ilə izah ediblər. Yaxınlarla birgə keçirilən zaman isə gündəlik həyatla və heç də həmişə xoş olmayan rutinlə bağlıdır.

Dostlarla keçirilən vaxtın 65 %-nin ünsiyyətlə əlaqəli olduğu üzə çıxıb. Ailə ilə birgə belə hallar 28 % olub. Eyni zamanda təcrübə iştirakçıları ev öhdəlikləri xatırlanmadıqca öz yaxınları barədə müsbət danışıblar.

Şövkət Hüseyinova