Ötən gün prezident İlham Əliyev Nahid Bağırovu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Mirhəsən Seyidovu Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib. Dövlət başçısı görüşdə Neftçala rayonunda rüşvətxor və korrupsioner məmurların həbsindən də danışıb.

Neftçalanın həbs edilən keçmiş başçısı İsmayıl Vəliyevin hərəkətlərinin “xalqda nifrət oyatdığını” deyib. Sitat:

-Korrupsiyaya və rüşvətxorluğa qarşı dözümlülük sıfır səviyyəsində olmalıdır. Neftçalanın keçmiş icra başçısının biabırçı hərəkətləri xalqda nifrət hissi oyadır. Kabinetdə müxtəlif adamlardan rüşvətin alınması biabırçı mənzərədir. Bir də ki, o adamın iş otağındakı hərəkətləri, onun əynindəki geyim, cinsdə, ev paltarında adam iş otağında ola bilər? Rəhbər iş otağında bu geyimdə hansı nümunə göstərir bütün məmurlara? Ona görə bu biabırçı kadrlar, əlbəttə, onu göstərir ki, bu insanın və buna oxşar insanların mənəvi deqradasiyası nə dərəcədədir. İndi operativ məlumat toplanılıb və toplanılır. Əlbəttə ki, mən istintaqa qarışmaq istəmirəm, istintaq hər şeyi özü göstərəcək. Son sözü məhkəmə deyəcək. Ancaq artıq aşkar olunan faktlar onu göstərir ki, Mərkəzi Rayon Xəstəxanasında bütün şöbələr baş həkimə aylıq haqq ödəyir. Məktəblərdə rüşvətxorluq kütləvi xarakter alır. Məktəb direktorlarından haqq tələb olunur, bələdiyyələrdən rüşvət tələb olunur, ictimai əsaslarla ödənişli iş yerlərinə insanlar cəlb edilmir, onların ödəniş kartları götürülür və icra başçısı tərəfindən o pullar çəkilir. Eyni zamanda, dövlətdən maaş alan və ödənişli ictimai yerlərdə işləməli olan həmin vətəndaşlar icra başçısına aid bir çox kommersiya obyektlərində və təsərrüfatlarda qul kimi işlədilir.

Yəni, bir daha demək istəyirəm ki, bu, mənəvi deqradasiyanın pik həddidir və bu, hər kəsə dərs olmalıdır. İstisna olunmur ki, onun kimi icra başçıları və digər mərkəzi və yerli icra orqanlarının rəhbərləri ona oxşar hərəkətlər edir. Onların hər biri araşdırılacaq. Heç kim toxunulmaz deyil və bu hadisələr bir daha onu göstərir.

İlham Əliyev deyib:

-Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Azərbaycanda ən ciddi formada aparılır və bunun təzahürləri göz qabağındadır. Bu siyasət şüurlu siyasətdir və bundan sonra da davam etdiriləcək. Qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazları yoxdur, heç kimin keçmiş xidmətləri nəzərə alınmayacaq. Hər kəs keçmiş xidmətlərə görə dövlətdən layiqli qiymət alıbdır. Bundan sonra əgər kimsə dövlət işində, xüsusilə icra başçısı vəzifəsində işləmək istəyirsə, bax, bu prinsiplər əsas olmalıdır.

Əfsuslar olsun ki, hələ də bunu dərk etməyən insanlar var. Neftçala rayonunda aparılmış xüsusi əməliyyat onu bir daha göstərdi. Xalqın gözü önündə bu biabırçı mənzərə bir daha göstərdi ki, əfsuslar olsun, bizim bəzi yüksək ranqlı məmurlar nəinki xalqın, dövlətin etimadını doğru, sadəcə olaraq, bəzi məqamları işıqlandırır. Ancaq Neftçala rayonunda rüşvətxorluq və korrupsiya sistem xarakter daşıyırdı, sistemli əsasda həll olunurdu və demək olar ki, rüşvətxorluq və korrupsiya bütün qurumları sarsıtmışdı.

Təsəvvür edin, rayonun ən zəngin insanlarından biri Mərkəzi Rayon Xəstəxanasının baş həkimidir. Onun varidatı haqqında indi hüquq mühafizə orqanları məlumat əldə ediblər. Bu adam nəyin hesabına varlanıb? Bu, biznesmendir? Yox. Bu, ixtiraçıdır? Yox. Buna böyük miras qalıb? Yox. Nəyin hesabına? Xəstələrin boğazından kəsilən pullar hesabına. Yazıq xəstələr məcbur olub bu tamahkar insanlara pul veriblər ki, öz sağlamlıqlarını təmin etsinlər. Ona görə bu yolla gedən hər bir adam bilməlidir ki, bunun axırı olacaq.

SOVETİN AĞIR MİRASI: BUNUN SONU OLMALI İDİ

Bu gün bəziləri belə bir fikir söyləyirlər ki, icra hakimiyyəti sistemindəki korrupsiya halları guya “milli mentalitetlə” bağlıdır. Ermənilərin bizim xalq barədə xaricdə yaydığı yalan şaiyələrin bir hissəsi də məhz belə bir mövzudadır ki, “azərbaycanlılar korrupsioner kimi dünyaya gəlirlər”.

Bütün ölkələrdə əgər ictimai nəzarət, hüquq-mühafizə orqanlarının professionallığı və obyektivliyi olmasa, söz azadlığı təqib edilirsə, korrupsiya yağışdan sonra göbələk kimi çoxalacaq. Dövlət orqanlarında korrupsiya və rüşvətxorluq ABŞ-da da var, Fransada da var. Yəni, korrupsiya milli mentalitetlə bağlı deyil. XX əsrin 20-ci illərində Almaniyada korrupsiya, rüşvətxorluq, vəzifədən sui-istifadə adi bir hal idi. Çünki dövlət müharibəni uduzmuşdu, kasıblıq, iqtisadi tənəzzül, siyasi xaos baş alıb gedirdi. Yəni, korrupsiyanı bütün dövlətlərdə doğuran və gücləndirən sosial-siyasi və iqtisadi amillər var, korrupsiya və vəzifədən sui-istifadə milli mentalitetlə bağlı deyil.  Korrupsiya və vəzifədən sui-istifadənin yalnız milli çalarları var.

Məsələn, vəzifədə olan alman korrupsioneri XX əsrin 20-ci illərində də belə, adi vətəndaşa qarşı kobudluq, dikbaşlıq, saymazlıq, “simasında daimi zəhrimar” nümayiş etdirməzdi. Əksinə, nəzakət, qayğıkeşlik, sadəlik maskası daim onların simasında idi. Digəl ki, sovet imperiyasında mentalitet tam ayrı idi. Belə ki, Mingəçevir SES-inin tikintisində iştirak edən alman əsirləri sovet rayon partiya rəhbərlərinin adi kolxozçularla, fəhlələrlə, yəni sıravi sovet vətəndaşları ilə kobud rəftarlarına, söyüş dolu dil ilə danışdıqlarına təəccüb edirdilər. Bunu bizə Mingəçevir SES-inin tikintisində elmi tədqiqatlar aparan qocaman arxeoloqlar danışmışdılar…

Düşmənin bizdəki naqisliklərdən öz təbliğat və təxribat məqsədləri üçün istifadə etməsi mövzusunu kənara qoyaq. Bildirək ki, rayon başçısı sistemindəki korrupsiya öz kökləri ilə sovetlər dönəminə gedib çıxır. Xüsusilə Brejnev dövründən başlayaraq, indiki icra hakimiyyəti başçısı statusuna uyğun olan rayon kommunist partiya katibləri arasında rüşvətxorluq və korrupsiya adi hala çevrilmişdi. Yaşlı nəsil üçün sirrr deyil ki, hər hansı rayona təyin edilmiş rayon kommunist partiya başçısı ilk dəfə kabinetinə girən kimi yerli dövlət orqanları başçılarını (baş həkimi, təhsil şöbəsinin, mağaza və dükan direktorlarını, hətta bəzi yerlərdə milis rəislərini) çağırıb, onlardan kommunist biletlərini alırdı və “get gör, hər ayda nə edirsən” deyib, aylıq rüşvət sistemini qururdu və ya artıq mövcud korrupsiya “burulğanını” davam etdirirdi.

Qorbaçov dövründə sadəcə eyni sistemin “dekommunizasiyası” getdi, dünənki raykom katibi icra hakimiyyəti başçısına çevrildi və korrupsiya sistemi Qorbaçov SSRİ-sində və sonra yaranmış müstəqil dövlətlərdə də ayaq tutdu.

Azərbaycanda korrupsiyaya ən birinci və böyük zərbə “Asan-Xidmət” sisteminin tətbiqi ilə başladı. Lakin dövlətimizdə korrupsiya sisteminin yaşamasını istəyən qüvvələrin olması istisna deyildi. Yüksək vəzifəli şəxslərin maaşlarına uyğun olmayan var-dövlətləri, “obyektləri” barədə KİV-lərdə dəfələrlə məlumatlar yayımlanırdı. Amma nə fayda? Bu cür qeyri-sağlam mühitin aradan qaldırılması üçün məhz Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin məlum kadr və sistem islahatlarını başlaması üçün nümayiş etdirdiyi iradə oldu.

Respublika Prezidentinin apardığı bu islahatlarını dəstəkləməliyik!

Qarxunlu

“Millətçilik” qəzeti