Mayın 13-də Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” sammitində iştirak etmək üçün Brüsselə səfər edən ölkə prezidenti İlham Əliyev orada yüksək səviyyədə qarşılanıb.

ABŞ-Rusiya, Qərb-Rusiya və Qərb-İran qarşıdurması kontekstində Cənubi Qafqazda Qərbin strateji dairələrinin marağı Azərbaycanda cəmlənmişdir. Bu cür münasibətin olmasının bir çox səbəbləri var: Azərbaycan Gürcüstandan fərqli Rusiya ilə “körpüləri yandırmayıb” və “ABŞ-NATO-nun forpostu” deyil; Azərbaycan “ermənistan” adlı Rusiyanın hərbi-müstəmləkə bazası kimi İran və Bəşər Əsəd rejiminin dəstəkçisi deyil. Eyni zamanda da Azərbaycan həm əhalisinə, həm Ordusuna, həm iqtisadiyyatına görə Cənubi Qafqazda aparıcı mövqedədir. Beləliklə, Azərbaycan Qərb üçün asılılıq faktoru olmayan ideal tərəfdaş kimi təzahür edir. Bütün bu göstəricilərə isə, Dövlətimiz yalnız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı müdrik siyasət nəticəsində yiyələnib. Sözsüz ki, Azərbaycan da bu danışıqlarda öz mənafelərinin təmin edilməsi şərtilə çıxış edir.

Bizi əsasən bu danışıqlar deyil, “yuyulmamış çömçə” kimi Brüsseldə peyda olan, özünü “siyasi mühacir” kimi qələmə verən, məsləki qaranlıq marginallar maraqlandırır.

MARGİNAL-ŞOU

Orduxan Bəbirov Brüsseldə peyda olaraq, şəhərin mərkəzində ucuz şou təşkil etdi. Bu şou barədə milli KİV artıq yetərincə təhlillər vermişdir. Şounun ucuzluğu ondan irəli gəlirdi ki, Bəbirov Brüsselin küçələrində veyillənərək Azərbaycan iqtidarına öz etirazını populist tonda ifadə edirdi. Amma bu populizm bütün etik normaları aşaraq açıq-aşkar söyüşlərə, təhqirlərə keçirdi. Siyasi mədəniyyətdən uzaq pozğun bir küçə uşağının şousu! Adi mədəniyyəti olmayan birisi özünü “siyasi fəal”, “siyasi mühacir” kimi qələmə verməyə çalışır. Əgər bu kəs həqiqətən özünü müxalifətçi hesab edirsə, onun bu iyrənc şousu, əxlaqsız davranışı “müxalifət” anlayışına ən güclü zərbədir.

Diqqəti cəlb edən digər bir məqam odur ki, Avropada yaşayan müxaliflərin kütləsi bu şouda iştirakdan yayınmışdır. 1-2 nəfər özü kimilərlə Brüssel küçəsində vay-şivən salan Bəbirov sirk meydanına çıxan klounu xatırladırdı. Onun sözləri və hərəkətləri güclü psixi problemi olan xəstənin davranışına bənzəyirdi.

Əlbəttə, küçədə söyüş söyən, ermənilərin sevincinə səbəb olmuş “azərbaycanlı” klounada göstərən birisinə insanın yazığı gələ bilər, əgər bu adam müəyyən səbəblərdən psixi xəstəliyə düçar olubsa… Amma bu adama psixi anormal demək mümkün deyil! Bir sıra tutarlı faktlar və məntiq Brüsseldə şapito klounadası nümayiş etdirən klounun heç də psix olmadığını göstərir, merkantil maraqlardan çıxış edən agent və hətta ikili agent olduğuna işarə edir.

AGENT VƏ YA İKİLİ AGENT…

İlk növbədə, Bəbirovun hərəkətlərinin məntiqsizliyi gözə çarpır. Bu kəs bildirir ki, Azərbaycanda diktaturadır və Qərbin siyasi dairələri bu diktaturanı dəstəkləyir?! Daha sonra isə, Qərb ölkələrinin dünyada demokratiyanı dəstəklədiyini bildirir?! Klounun məntiqsizliyi göz qarşısındadır: Qərb dünyada nəyi dəstəkləyir: demokratiyanı, ya diktaturanı? Özünə “siyasi fəal” deyən kəsə bu qədər məntiqsizlik xas deyil, bu yalnız dar düşüncəli kəmsavada xasdır.

Vaxtilə, özünü “islamçı” adlandıran birisi əcnəbi telekanala müsahibəsində bildirirdi ki, “Hizbul Təhrir əl İslami” partiyası islam xilafətinin bərpası üçün çalışır və bu partiya islam ölkələrindəki Qərbin agentləri olan hakimiyyətlərlə mübarizə aparır. Əcnəbi jurnalist ona çox sadə sual verdi ki, bəs, islam xilafətini bərpa etməyi qarşısına məqsəd qoymuş partiyanın mərkəzi ofisi harada yerləşir. “İslamçı” isə, çox şaşırdı və güclə “Londonda” cavabını verdi. Belə olduqda, jurnalist “hücuma” keçdi: “— Necə olur ki, xilafətin bərpasını qarşısına məqsəd qoymuş bir partiyanın mərkəzi ofisi, islam xilafəti olan Osmanlı xanədanlığını müharibə ilə məhv etmiş və siz buyurduğunuz kimi islam ölkələrini kuklaları vasitəsilə idarə edən bir xristian ölkəsinin paytaxtında yerləşir?”. Bu suala cavab verən “islamçı” cildinə girmiş kəmsavad dili topuq vura-vura, əsəbi tərzdə İngiltərədəki demokratiyadan bəhrələnməkdən dəm vurmağa başladı…

İndi də, oxşar məntiqsizliyi kloun Bəbirov da nümayiş etdirir. Bir tərəfdən Azərbaycanda “diktaturanı” dəstəkləyən Qərbdən, Avropadan dəm vurur, digər tərəfdən həmin Avropanı tərifləyir, həmin Avropada “siyasi mühacir” olur, “siyasi sığınacaq” tapdığını bildirir. Bu, lap şeytana iman aparmağa oxşadı…

Digər bir qaranlıq məqam, bu klounun özkeçmişindədir. “Müsavat” qəzetinin jurnalisti Elşad Məmmədli ötən ilin sentyabrın sonunda bu kəsin qaranlıq keçmişinə işıq salır. Jurnalistin təhqiqatından bir neçə maraqlı parçaya diqqət yetirək.

“Bəbirov Orduxan Teymurxan oğlu 23.09.1969-cu ildə  Cəbrayıl rayonunun Horovlu kəndində anadan olub. Doğulduğu kənddə orta təhsil alıb və daha sonra 1987-1989-cu illərdə sovet ordusunda, Ukraynanın Odessa vilayətinin Bolqrad şəhərində yerləşən 98-ci qvardiya hava-desant diviziyasında (“ВДВ”) qulluq edib.

Elə onun “verbovka”sı da hərbi xidmət dövründən başlayıb…

… o, sovet ordusunun sıralarında Azərbaycan xalqının milli-azadlıq hərəkatına qarşı hərbi fəaliyyətlərdə iştirak edib!

Qaynağın verdiyi ilkin informasiyalar və onun əsasında apardığımız araşdırmalar nəticəsində bəlli olub ki, 98-ci diviziyanın Bolqradda dislokasiya olunmuş 217-ci paraşüt-desant alayının şəxsi heyəti Cənubi Qafqazda xüsusi “dövlət tapşırıqları”nı yerinə yetirib. Ən şokedici məlumat isə odur ki, Orduxanın xidmət və təlim keçdiyi, azərbaycanlılara və Azərbaycana qarşı əksər əməliyyatlarında iştirak edən həmin alayın şəxsi heyəti 1988-1990-cu illərdə Bakıda və Azərbaycanın müxtəlif iri şəhərlərində –  Sumqayıt, Gəncədə “konstitusion qaydanın təmin olunması” adı altında Azərbaycan xalqının milli-azadlıq hərəkatına qarşı mübarizədə aktiv iştirak edib!..

Digər bir fakt isə ondan ibarətdir ki, 16 yanvar – 16 mart 1990-cı ildə Bakı şəhərində Azərbaycan xalqına qarşı əməliyyatlar üçün dislokasiya edilmiş  98-ci diviziyanın şəxsi heyəti 20 yanvar faciəsinin törədilməsində bilavasitə iştirak edib!

Hətta Orduxanı tanıyan qaynaq bu iddianı da səsləndirir ki, Azərbaycan mənşəli olduğu üçün hələ 1988-ci ildə SSRİ hərbi əks-kəşfiyyat orqanlarının xətti ilə Azərbaycan DTK-dən  konfidensial əməkdaşlığa namizədliyi öyrənilən Bəbirovla bağlı “ilkin öyrənilmə materialları” sorğu edilib…

…Görünür, bu fəaliyyətə cəlb edilməsi Orduxan Bəbirovun ürəyincə olub və o, hərbi xidməti başa vurduqdan sonra SSRİ-nin dağılmasından, o ərəfədəki qarışıqlıqdan istifadə edərək, geriyə – Azərbaycana qayıtmaqda maraqlı olmayıb. Hansı ki, həmin dönəmdə əksər vətənpərvər azərbaycanlılar sovet ordusunda qulluqdan imtina edərək, vətənə dönürdülər…

… 1988-1991-ci illərdə Azərbaycanın ağır, həssas günlərində, ictimai-siyasi həyatında ciddi proseslərin getməsi, o cümlədən Ermənistanın Dağlıq Qarabağla bağlı iddialar irəli sürməsi fonunda O.Bəbirov Sovet hərbi kəşfiyyatındakı kuratorunun tapşırıqlarının icrasını “uğurla” davam etdirib. Orduxanın da vaxtilə xidmət etdiyi 98-ci diviziyanın da iştirakı ilə törədilmiş 20 yanvar faciəsi və xalqımıza qarşı kütləvi silahlı zorakılıq ilə əlaqədar SSRİ-nin müxtəlif yerlərində yaşayan azərbaycanlıların həmin dövrdə etiraz aksiyaları təşkil etməsinə, hərbi xidmət yerlərini tərk edərək Vətənə dönməyə cəhdlər göstərmələrinə baxmayaraq, Bəbirov sovet hakimiyyətinə loyallığını qoruyub və orada sevgi-sayğı ilə missiyasını davam etdirib…”.

SSRİ dağıldıqdan sonra onun Murmanskda “bizneslə”, əslində isə, rus FSB-sinin çətiri altında reketlə məşğul olan qrupda cinayətkar fəaliyyəti barədə də E.Məmmədli yazıb.

Jurnalist E.Məmmədlinin araşdırması artıq bu kloun barədə bir çox qaranlıq məqamlara aydınlıq gətirməkdədir. Əvvəla, onun FSB ilə bağlı keçmişi aydın olur. “Keçmiş agentlər olmur” kimi misal əsasında deyə bilərik ki, kloun yenə də rus kəşfiyyatı ilə bağlıdır.

Məsələ ondadır ki, Rusiya kəşfiyyat analitikləri Azərbaycana qarşı “avropalıların” əli ilə hücumlar təşkil etməkdə maraqlıdır. Bu ilk növbədə Azərbaycanın Qərblə siyasi və xüsusilə də, karbohidrogen nəqli layihələri üzrə əməkdaşlığının qarşısını alır, Azərbaycanı Rusiya-MDB orbitinə sıx bağlanmasını təmin edir. Adi bir misal çəkək ki, Azərbaycan qazının İtaliyaya nəql edilməsinə qarşı çıxan italiyalı partiyaların Moskvadan gizli maliyyələşdiyi barədə dəfələrlə beynəlxalq KİV-də xəbərlər yayılıb.

İkinci bir tərəfdən, Qərbin müəyyən dairələrinin Azərbaycana təzyiq üçün marginal qüvvələrdən istifadə etməsi gün kimi aydın gerçəklikdir. Yuxarıda qeyd etdiyimiz kimi Azərbaycan Qərblə danışıqlarda ilk növbədə öz milli mənafelərinin təmin edilməsini şərt kimi gündəmə gətirir. İri dövlətlərin daim siyasəti belə olub: hər hansı dövlətin hakimiyyət nümayəndələrini gülərüzlə qarşılamaq, digər tərəfdən isə, həmin dövlətin destruktiv qüvvələrinə dəstək vermək; “dovşana qaç, tazıya tut demək” siyasəti. Sözsüz, bu oyunda hansısa marginal elementin psixi durumu, savadı, hansısa başqa bir kəşfiyyata işləməsi Qərbin dövlətüstü (daha doğrusu, “dərin dövlət”) strukturunun analitiklərini narahat etmir. Əsas odur ki, hədəf etdikləri millət içindən kimsə onlara işləsin, pula hərisliyi, psixi durumu, digər kəşfiyyatın xırda agentciyi olması o qədər də vacib deyil.

Əlbəttə, ola bilsin ki, kimsə bu klounun fikirlərinə qahmar çıxır. Amma nəzərə alsaq ki, gənclik dövründə, fiziki və hərbi hazırlığı olan bir kəs, doğulduğu diyarın işğal edilməsinə qarşı döyüşlərdən qaçıbsa, ən azından, o fərraridir, qorxaqdır. Fərrariyə “qəhrəman” deyən, elə özü də onun kimi “qəhrəman” olar…

Alptegin

“Millətçilik” qəzeti