Yanvarın 19-da radikal müxalifət partiyalarının və onların ətrafında olan təşkilatların rəhbərləri “Məhsul” stadionunda mitinq keçirərək dövlətə qarşı revanşist, dağıdıcı ab-havada çağırışlar ediblər. Bu pozucu qüvvələr hakimiyyəti qeyri-qanuni yolla zəbt etmək, Azərbaycanı 1990-cı illərin əvvəllərində olduğu kimi, yenidən uçuruma sürükləmək niyyətinə düşüblər. 
Müxalifət başçılarının və funksionerlərinin mitinqdəki çıxışları göstərdi ki, onlar cəmiyyətə yeni, faydalı, konstruktiv heç nə təklif edə bilmirlər. Bəli, 25 ildən çoxdur dəyişməyən eyni simalar, eyni şüarlar, eyni populist və mənasız çağırışlar, əsassız ittihamlar, yalan vədlər, çıxışçıların qulaqyorucu səs tembrləri yenidən təkrarlandı.
Radikal müxalifət “Məhsul mitinqi”ni internet resurslarında az qala şəksiz qələbə kimi təqdim etməyə cəhd edir. Halbuki mitinq öz xaotikliyi, təşkilatçılığın zəifliyi, sistemsizliyi ilə diqqəti çəkdi. Aksiyada heç bir ziyalı, cəmiyyətdə tanınan şəxsin iştirakı nəzərə çarpmadı.
Azərbaycanda hazırda düşünülmüş dərin iqtisadi islahatlar gedir. Görünən budur ki, Prezident İlham Əliyev rüşvət və korrupsiya ilə mübarizəni gücləndirdikcə, sistem xarakterli islahatların miqyasını genişləndirdikcə, Azərbaycan idarəetmə fəlsəfəsini dəyişdikcə özlərini ona opponent hesab edənlər daha da aqressivləşir və müqavimət göstərməyə çalışırlar.
Ermənistanla danışıqların yeni intensiv mərhələyə daxil olması ərəfəsində güclü mövqedən ­çıxış edən Azərbaycanın daxilində qarşıdurma yaratmağa çalışan bu qrupların məqsədi nədir? Bu və başqa suallara cavab tapmaq üçün ölkə ictimaiyyətinin bir sıra nümayəndələrinin fikir və mülahizələrini öyrənməyə çalışdıq. Bu rəylərdən bir neçəsini qəzetimizin oxucularının diqqətinə təqdim edirik.
Azər Verdiyev, Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri, politoloq:
– Mən gənc politoloq olaraq ölkəmizin ictimai-siyasi həyatında son günlər baş verən prosesləri diqqətlə izləyirəm. Bir sıra prinsipial məsələlər üzrə mövqeyimi bildirmək istəyirəm. Heç nədən səs-küy qoparmaq zəif, ədalətsiz siyasətçilərin şakəridir. Keçmiş “meydan liderləri” də məhz bu yolla gedirlər. “Məhsul mitinqi” radikal müxalifətin cəmiyyətdə ciddi sosial bazasının olmadığını bir daha aşkara çıxardı.
Hesab edirəm ki, AXC rəhbəri Əli Kərimlinin öz tərəfdarlarını 20 Yanvar –Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanına ziyarətə gələn insanların gözü qarşısında iqtidara qarşı “əzələ nümayiş etdirməyə” çağırış etməsi məsuliyyətsiz olduğu qədər, həm də mənəviyyatsız bir addım idi.
Şəhidlər xiyabanı xalqımızın milli istiqlal mübarizəsinin müqəddəs rəmzlərindən biridir. Bəli, belə bir ülvi məkanda siyasi məqsədlər üçün istifadəyə cəhd göstərilməsi həm qanunvericiliyə ziddir, həm də milli- mənəvi dəyərlərimizə, ənənələrimizə, milli mübarizə tariximizə böyük hörmətsizlikdir.
Yeri gəlmişkən, indiki “meydan liderləri” 1990-cı illərin əvvəllərində tarixdə oynadıqları mənfi rolu hər vəchlə unutdurmağa cəhd edirlər. Lakin bu, mənasız cəhddir.
Mehman İsmayılov, Fövqəladə Hallar Nazirliyinin Həmkarlar İttifaqının sədri: 
– Fikrimcə, hər şeyi öz adı ilə çağırmaq lazımdır. Azərbaycanda sabitliyi pozmaq istəyənlər bu ölkənin və xalqın düşmənləridir.
AXC sədri Əli Kərimli ölkə ictimaiyyəti arasında heç bir nüfuzu olmayan bir siyasətbazdır. Bu vaxta qədər bir nəfər də olsun normal təfəkkürlü, sağlam düşüncəli insan onun çağırışlarına qoşulmayıb və bundan sonra da qoşulmayacaq.
Əli Kərimli və ətrafındakılar iddia edirlər ki, iqtidar onlardan qorxur. Sual oluna bilər, hakimiyyət hansı səbəbdən uzun müddət təbliğat aparıb, bütün güclərini səfərbər edib meydana cəmi 3 minə yaxın adam yığa bilən siyasətbazlardan qorxmalı və çəkinməlidir?! Kim iddia edə bilər ki, bu kimi qabiliyyətsiz, gücsüz, aciz adamlar və onların ətrafındakılar hakimiyyətə alternativ ola və əzələ nümayiş etdirə bilərlər.
Azərbaycan xalqı qanuni yolla seçdiyi iqtidara sadiqdir və onun siyasətini tamamilə dəstəkləyir. Sadəcə, bu gün Azərbaycanın müstəqilliyi, söz sahibi olması regionda, dünyada müəyyən rəqib qrupları və koalisiyaları qıcıqlandırır. Yeri gəlmişkən, bir neçə gün əvvəl Avropa Parlamentinin qəbul etdiyi qərəzli qətnamə müstəqil siyasət yürüdən bir dövlətə qarşı, diktat cəhdidir. Lakin unudurlar ki, müstəqil Azərbaycan dövləti güclüdür, onunla heç bir qüvvə hədə və şantaj yolu ilə danışa bilməz.
Arif Məhidov, Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun elmi işçisi: 
– Azərbaycan xalqı müdrik və ədalətlidir. Xalq hər şeyi gözəl dərk edir, kimin kim olduğunu da yaxşı bilir. Radikal müxalifət 25 ildən çoxdur ki, eyni şüarları səsləndirir, eyni populist və mənasız çağırışlar edir. Bu insanlar normal, sivil qaydada tədbir keçirmək, ictimaiyyətə öz fikirlərini, ideyalarını çatdırmaq qabiliyyətində belə deyillər. Çünki, onlar hələ də 1990-cı illərin qaragüruhçuluq ab-havası ilə yaşayırlar.
Niyə bütün müsəlman aləmində öz sabitliyi, və tolerantlığı ilə seçilən Azərbaycanı qarışdırmağa çalışırlar? Fikrimcə, cavab bəllidir: Azərbaycan dövlətini öz iradələrinə tabe edərək, xalqımızın sərvətlərini, ələ keçirməyə cəhd edirlər. Niyyətləri gözlərində qalacaq!
Fikrimcə, bu il yanvarın 19-20-sində baş verənlər müvafiq dövlət orqanları tərəfindən araşdırılmayınca, ona qiymət verillməyincə, dağıdıcı qrupların kütləvi aksiya təşkil etməsi imkanları məhdudlaşdırılmalıdır. Bu, təkcə mənim fikrim deyil. Vətənini, millətini sevən insanların çoxu dağıdıcı qüvvələrin yerində oturdulmasını tələb edirlər.

 

Söhbəti qələmə aldı:
M.HACIXANLI,
“Xalq qəzeti”