Müdafiə nazirinin təsdiq etdiyi illik fəaliyyət planına əsasən, Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissədə ictimaiyyət nümayəndələrinin hərbçilərlə görüşü keçirilib.

“Report” xəbər verir ki, Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi və AMEA Mərkəzi Elmi Kitabxanasının nümayəndələri hərbi hissədə şəxsi heyətin həyat və məişət şəraiti ilə tanış olublar.

Tədbirdə iştirak edənlər əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və şəhid olanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Şəxsi heyətlə görüşdən sonra hərbi hissənin kitabxanasına üç yüzdən artıq kitab hədiyyə edilib. Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.

Qonaqlar şəxsi heyətlə birlikdə nahar etdikdən sonra xatirə şəkli çəkdirilib.