Bu yaxnılarda Azərbaycanda və dünyada böyük marağa səbəb olmuş, Azərbaycan
–Alman dostluq münasibətlərinə həsr olunmuş “Şollerin arxivi” filminin təqdimat
mərasimi keçirilirdi. Bizi təqdimata dəvət edən filmin ssenari müəllifi və
quruluşçu rejissoru Cəlaləddin Qasımovun çəkib araya-ərsəyə gətirdiyi bu film
doğrudan da kifayət qədər ciddiliyi, Azərbaycan xalqını humanist, insansevər bir
xalq olduğunu təbliğ edən, cəmiyyətə maarifləndirici mesajlar ötürməsi ilə son
illərin filmlərindən xeyli fərqlənir. Qeyd edim ki, filmi Azərbaycanın Xalq Artisti
Rasim Balayev səsləndirib. Cəlaləddin Qasımovun uzun illər polis sistemində
çalışması və indi film sənayesinə müraciət eləməsi paradoksal hal sayılsa da,
əslində bu, insanların istənilən vaxt öz müxtəlif bacarıqlarını ortaya qoymaları
baxımından çox təqdirəlayiq haldır.
Cəlaləddin müəllimi Beynəlxalq Mətbuat Mərkəzinə dəvət edərək onunla çay
süfrəsi arxasında bir söhbət etdim.
DOSYE:
Cəlaləddin Qasımov “Şollerin arxivi” filminin quruluşçu rejissoru, ssenari
müəllifi və prodüsseri – 1984-cü ildə Moskvada İdarəetmə İnstitutuna daxil olur.
Hərbi xidmətdən sonra təhsilini Bakıda davam etdirib. Daha sonra Almaniyanın
Verden şəhərində məxfi kursda hərbi kursant olub. Rabitəçi kimi çalışıb. Daha
sonra 1987 -ci ildə Bakı Dövlət Universitetinə keçirilir və 1993-cü ildə oranı
bitirib. Sonra isə Polis Akademiyasını bitirir. 1997-ci ildən Bakı şəhərində Nizami
rayonu 25-ci polis bölməsində cinayət –axtarış üzrə əməliyyat müvəkkili kimi
çalışıb. Polis rəisinin müavini vəzifəsinədək yüksəlib. Daha sonra Xətai rayonunda
35-ci polis bölməsində rəis müavini, rəis əvəzi, daha sonra Nizami rayonu 24-cü
polis bölməsində rəis müavini işləyib. 20 illik polis işində fəaliyyət göstərəndən
sonra təqaüdə çıxıb. Hazırda film sənayesi ilə məşğuldur. “Edam günü”, “Şollerin
arxivi”, “İbad-2” filmlərinin ssenarilərini yazıb və onları ekranlaşdırıb.

– Cəlaləddin müəllim, necə oldu ki, film çəkməyə başladınız?

– Almanlarla bağlı bir neçə dəfə sosial şəbəkələrdə yazılarım çıxmışdı.
Yazılarıma almanlar maraq göstərmişdilər. Azərbaycan-Almaniya dostluğu
münasibətlərinə diqqəti çəkmişdim. Olmuş hadisələr əsasında bir ssenari
yazdım. II Dünya Müharibəsi dövründə almanlar Azərbaycandan sürgün
olunanda burada bir uşaq qoyub gedirlər. Burada da almanlara kim kömək
edərsə, həmin ailə də sürgün olunurdu. Bir nəfər Şollerin nəvəsini götürüb
ucqar bir dağ kəndində gizlədərək saxlayır, böyüdür. Heç kimə də demir ki,
bu, alman uşağıdır. Daha sonra həmin adam müharibəyə gedir və orada
almanlara əsir düşür. Müharibə bitəndən sonra da gizlənir, onun varlığından
heç kimin xəbəri olmur. Müharibə bitəndən sonra Şoller nəvəsinin arxasınca
Azərbaycana gəlir və görür ki, uşağı verib getdiyi adam müharibədən
qayıtmayıb. 1953-cü idə Stalin öləndən sonra o bilir ki, Qasımova Göycə
Tovuzdadır. Bunu eşidən Şoller də Tovuza gəlir. Uşağı götürən şəxs Şollerə
deyir ki, nəvənə sahib çıxa bilərsən. Daha müharibə də bitib, Stalin də
yoxdur, almanlara da bəraət verilib. Mən də bunu sirr kimi gizlətmişəm.
Şoller də bildirir ki, mən Allaha çoxlu dua edirdim ki, nəvəm yaxşı ailəyə
qismət olsun, tərbiyəli, təhsilli böyüsün. Bunu görüb çox sevindim. Onun
burada çoxlu bacı-qardaşı var. Həmin vaxt uşaq 7-ci sinifdə oxuyurdu.
Şoller bütün bunları görüb rahatlıqla qayıdıb gedir. Gedəndə isə bildirir ki,
Qazaxıstanda almaz yataqları işlədir. Çoxlu varidatı olduğunu bildirir və
ondan sonra o adamla heç bir əlaqə olmur. Filmdə hadisələri danışan mənim
atam Qəzənfər Qasımovdur. Çünki həqiqətən də o hadisələri atam yaşayıb.
Atamın danışığını görkəmli aktyorumuz, Azərbaycanın Xalq Artisti Rasim
Balayev səsləndirib. Şoller mənim atamı 1-ci sinifə məktəbə qoyub, 2-ci
sinifdə oxuyanda müharibə başlayıb. Atam da filmdə rol alıb. Filmdə atam
rolu məşq elədi. Amma dublyor aktyor da var idi. Amma atam bacardı rolu.

Mən hesab elədim ki, bu film Azərbaycanla Avropa arasındakı mədəni
əlaqələrdə çox mühüm yeri olan bir sənət əsəri ola bilər. Bu ssenari ilə
tanınmış rejissorlara yaxınlaşdım. Amma təəssüf ki, heç kim qəbul etmədi.
– Niyə?

– Bilmirəm. Bizdə əsasən komediya janrında filmlər çəkirlər. Bu, ciddi film
olacaqdı. Mədəniyyət Nazirliyinə də müraciət elədim.

– Bu, sizin ilk filminiz idi?

– Xeyr. Birinci filmim “Edam hökmü” idi. O film sovet dövründə edamın icra
olunması ilə bağlı idi. Filmin ssenarisini də özüm yazmışdım. O filmin
ssenarisi cinayətkar aləmində tanınmış bir idmançı barəsindədir. Müəllimi
onun üzərində nə qədər çalışsa da, onu idman sahəsində saxlaya bilmir, o,
cinayət aləminə keçir. Ən yüksək pilləyə qalxandan sonra ölüm hökmü
verilir ona. Sonda öz həyat yaşamından peşiman olur ki, kaş həyatı başqa cür
yaşayaydım. Bu, yeniyetmələrə bir mesaj idi. Bu filmi 2016-cı ildə bir
rejissora verdim və o, filmi ssenaridən kənara çıxaraq çəkdi. “Şollerin
arxivi” filmindən sonra “Edam hökmü”nün 17 dəqiqəsini silib yenidən
çəkdim. Film bundan sonra festivalda uğur qazandı. “Edam hökmü” artıq 5
ayda 7 mükafat alıb. Sonuncu mükafatı “Holiivud”dan verdilər. 1 saat 35
dəqiqədir filmin müddəti.

– Cəlaləddin müəllim, bizim kinoteatrlarda bu filmləri göstərmək üçün
vəsait tələb olunurmu?

– Bizim kinoteatrlarda komediya janrında filmləri göstərirlər.

– Mənə çox maraqlıdır ki, kinoteatrların rəhbərləri ilə görüşüb xeyli
mükafat almış bu ciddi, maarifləndirici filmləri təqdim etsəniz, onlar
bunun yayımından imtina edəcəklər?

– 1-ci dəfə “Edam hökmü”nü “Sinema Plyus”un rəhbərinə təqdim etdim. O,
filmə baxdıqdan sonra əməkdaşlarını yığıb dedi ki, film belə çəkilməlidir.
Amma rejissor xeyli səhv buraxmışdı. Başqa rejissor gətirib, xaricdən aktyor
dəvət edib, filmi yenidən çəkmək istəyirdilər. Gördüm ki, aktyor seçimini
düzgün etmirlər. Razılaşmadım. Film Yaponiyada da mükafat aldı.

– Qayıdaq “Şollerin arxivi” filminə. Eşitdiyimə görə bu film xeyli sayda
mükafat alıb və almaqda davam edir. Filmin ingilis dilində subtitri
varmı? Bu barədə danışardınız…

– Bəli, ingilis dilində subtitri var. Festivallardan birbaşa canlı yayımla
mənimlə dialoq qurdular. “Azərbaycanda nə qədər alman yaşayır?.. Biz çox
şad olduq ki, sizin bir qədirbilən xalqla tanış olduq… Orada nə qədər alman
yaşayır?” — deyə sual verirdilər. Maraqlandılar. Gəlib film çəkmək
istədiklərini bildirdilər.

– Göygöl rayonunda alman qəsəbələri mövcuddur…

– Göygöldə, Ağstafada, Tovuzda, Şəmkirdə alman koloniyaları olub.
Göygöldə 2 koloniyaları, Ağstafada 3, Tovuzda 1, Şəmkirdə də 3-cü
koloniyanı yeni qoymuşdular. Amma Şəmkirdə bütün mənbələrdə 2
koloniyanın olduğu yazılıb. Onları vaxtilə buradan sürgün elədilər. Amma
hər qəsəbədə bir neçə adam qalıb.

– Festivallardan danışaq…

– Film “Hollivud”da bir festivaldan 11 mükafat alıb. “Qızıl Priz” , “Ulduz”
verdilər. “Hollivud”un jurnalına daxil etdilər.

– Bəs bu nominasiyalarda mükafat olaraq pul verirlərmi?

– Xeyr. Əksinə, filmlər festivallara düşmək üçün vəsait ödəməlidir. Ödənişsiz
qəbul etmirlər. Amma bizim filmi ödənişsiz qəbul etdilər. Məni “Hollivud”
Rejissorlar İttifaqına üzv etdilər. Amma “Qızıl Priz”i almaq üçün ora gedə
bilmədim. O biri mükafatların hamısını aldım.
İPCTV adlı sayt var, orada filmin reklamının yerləşdirilməsi üçün 240
dollar ödəməlisən. “Hollivud”da 1-ci yerə çıxan filmləri orada yerləşdirirlər.
Film alan şirkətlər də filmi oradan alırlar. Mənə həmin sayta 1 illik ödənişsiz
giriş verilib. Filmə “Avatar” filminin sahibi baxıb bəyənib. Onu filmi
alacağı gözlənilir. Bundan başqa məni “Hollivud”da münsiflər heyətinə də
üzv seçiblər. Bütün sənədləri də göndəriblər. Həmçinin, 36 ölkədən münsif
seçiminə məni də daxil ediblər. Siyahını göndərirlər ki, bu filmləri
qiymətləndirin. 5 festivalda iştirak edəndən sonra mənə maaş da təyin
edəcəklər. Həm də mənə ssenari saytı da veriblər. O saytda da ssenarini
yerləşdirirəm. “Şollerin arxivi” filmi bu yaxınlarda Aralıq dənizi Kann
Film Festivalında (“Mediterranean Film Festival Cannes”)- da yer tutdu.

– Cəlaləddin müəllim, gələcək planlarınız barədə məlumat verərdiniz.
Qarşıda hansı mövzuda filmləri çəkməyi planlaşdırırsınız?

– Fransanın Milli Qəhrəmanı Əhmədiyyə Cəbrayılov barəsində film çəkməyi
planlaşdırıram. Onun barəsində heç yerdə olmayan məlumatları toplamışam.
Artıq ssenari də yazmışam, hazırdır. Film Fransanın prezidenti Şarl de Qoll
ilə Əhmədiyyə Cəbrayılovun dialoquna həsr olunub. İnanıram ki, o film
Azərbaycanı bütün dünyada tanıdacaq.
Sevda Elay Əsgərova