Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin Kənd İnvestisiya Layihəsi tərəfindən təşkil olunan və Hindistanın Kerala ştatının Kudumbashree təşkilatından olan təlimçilərin dəstəyi ilə keçirilən biznesin inkişafı və idarəedilməsi təlimində iştirak edən gənclər və qadınlarla görüşmək üçün İsmayıllı rayonunun Lahıc qəsəbəsində olub. Milletcilik.az xəbər verir ki, səfir Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyevlə və Kənd İnvestisiya Layihəsinin mütəxəssisləri ilə görüşüb, qarşılıqlı faydalı təlim proqramları üçün Hindistanla Azərbaycan arasında hökumətlərarası əməkdaşlığı müzakirə edib. Xatırladaq ki, beş pilot rayondan olan Qadın İnkişaf Qruplarının və Gənclər İcma Biznes Təbliğatçılarının üzvləri üçün Azərbaycan Kənd İnvestisiya Layihəsi təlim kursu 2018-ci ilin sentyabrın 6-dan 17-dək keçirilib. Proqram çərçivəsində gənclərə və qadınlara Kudumbashree layihəsinin təlimçiləri tərəfindən biznesi idarə etmənin uğurlu yolları, biznes planlarının tərtib olunması, layihə hesabatlarının hazırlanması, banklardan zəruri maliyyənin alınması, məhsulların və xidmətlərin marketinqi üçün tələb olunan bacarıqlarla bağlı təlim keçirilib. Bu təlim Azərbaycan Kənd İnvestisiya Layihəsinin Qadınların İqtisadi Səlahiyyətlərinin artırılması proqramının tərkib hissəsidir və proqram çərçivəsində 88 qadından ibarət Qadın İnkişaf Qrupları beş rayonda – Masallı, Lənkəran, İsmayıllı, Balakən və Ağdamda təlimdə iştirak edirlər. Bu model Dünya Bankının dəstəyi ilə 2018-ci ilin martında Hindistana təşkil olunan səfərdən sonra təqdim olunub. Təlim iştirakçıları ilə görüşdə çıxış edən səfir Sanjay Rana qadınların səlahiyyətlərinin artırılması sahəsində Hindistan və Azərbaycan arasındakı əməkdaşlığın əhəmiyyətini vurğulayıb: “Bu cür təlim proqramları qadın sahibkarların bilik və bacarıqlarının artırılması üçün çox faydalıdır. Kudumbashree layihəsinin təlimçiləri Hindistanda çox uğur qazanıblar və əminəm ki, onların təcrübəsi Azərbaycanda Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılmasına töhfə verəcək”.

Sevda Elay Əsgərova