Bu gün Hindistanın qərbindəki Qucarat ştatında dünyanın ən hündür heykəlinin – Birlik abidəsinin təntənəli açılış mərasimi keçirilib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, beton və metaldan olan heykəldə Hindistanın milli azadlıq hərəkatının lideri Mahatma Qandinindavamçılarından olan və parçalanmış ştatları vahid dövlətdə birləşdirməyə müvəffəq olan Vallabhai Patel əks olunub.

Qeyd edək ki, abidənin hündürlüyü 182 metrdir. Bu göstərici ilə o, ABŞ-dakı Azadlıq Heykəlindən (93 metr) təxminən, iki, Braziliyadakı İsa Məsih abidəsindən (38 metr) təqribən, 5 dəfə hündürdür.

Əlavə edək ki, heykəl Racpilla yaxınlığında, Sadhu Bet çay adasında Narmada bəndinin qarşısında yerləşir. Onun zirvəsində eyni anda, təxminən, 200 nəfəri qəbul edəcək müşahidə meydançası var.

Abidənin ətrafı ilə birlikdə 20 min kvadratmetrdən çox sahəni əhatə edir və 12 kvadrat kilometrlik süni göllə əhatə olunub. Heykəlin əsas memar məşhur hindistanlı heykəltəraş Ram Vanci Sutardır.