Bakı Ağır Cinayətlər Məhkəməsində Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı Sahib İbrahimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bakıxəbər.az-ın xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdəa Sahib İbrahimov məhkəməyə rəsmi sənədlər təqdim edib. Rəsmi sənədlər S.İbrahimova məxsus binadan vətəndaşlara satılan mənzillərə verilən çıxarışların sürəti, zərərçəkmiş şəxslərlə bağlanmış müqavilələr, vergi ödənişləri ilə bağlı olub.

Məhkəmə sənədləri qəbul edib. Bildirilib ki, sənədlər növbəti prosesdə müzakirəyə çıxarılacaq.

İttihama əsasən, Sahib İbrahimov “STS” şirkətinin 95 faiz payçısı və “Sahil-D Kompani” şirkətinin 25 faiz payçısı olub. Bu işləri görərkən isə onun iş ofisi qardaşı İbrahim Nehrəmliyə məxsus “Avesta” şirkətinin binasında olub.

Həmin ofisdə təsisçisi olduğu şirkətlərin tikdiyi binalardan mənzilləri müştərilərə satıb.

İttihamda göstərilir ki, İbrahimov ev satmaq adı ilə Qurban Rüstəmovdan 42 min manat alaraq ona “STS” şirkətinin Səttar Bəhlulzadə 14 ünvanında tikdiyi binadan 48 kavdratmetrlik mənzil verəcəyini vəd edib. Lakin 2009-cu ildə həmin bina dövlət ehtiyacları üçün sökülüb və şirkətə kompensasiya ödənilib. Sahib İbrahimov buna görə də Q.Rüstəmova “Sahil-D Kompani”nin tikdiyi Xətai rayonunda yerləşən binalardan birində mənzil verəcəyini deyib. Lakin bu iş də baş tutmayıb.

Onun digər əməli isə vergidən yayınmaqdır. S.İbrahimov 1,5 milyon manatı vergidən yayındırmaqda ittiham edilir. Belə ki, o, paytaxtın Həsən Əliyev küçəsində “Galaxy Palace” MMC-nin adından yaşayış və qeyri-yaşayış sahələrindən ibarət binanı tikib mənzilləri və obyektləri sataraq dövlət büdcəsinə ödəməli olduğu vergini ödəməyib.

Qanunsuz sahibkarlıqla da məşğul olmaqda ittiham olunan Sahib İbrahimov “Galaxy Palace” MMC-nin adından tikdiyi binanı 2010-cu ildə Nərimanov rayon icra hakimiyyətinin sərəncamı və Bakı Şəhər İcra Haimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin layihəsi əsasında tiksə də, tikintiyə xüsusi lisenziya almadığı üzə çıxıb.

Bununla da qanunsuz sahibkarlıqla məşğul olaraq 1 milyon 61 min manat gəlir əldə edib.

S.İbrahimov 52 nəfərə vurduğu 2 milyon zərəri istintaq dövründə ödəyib.

İş adamı Sahib İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

S.İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşıdır.