Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda geniş kollegiya iclası keçirilib.

Bakıxəbər.az-ın məlumatına görə, kollegiya iclasında çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, ötən il Silahlı Qüvvələrdə cinayətkarlığa və digər hüquq pozuntularına qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində görülən işlər də səmərəli olub, o cümlədən ibtidai istintaqın keyfiyyəti də artırılıb.

Onun sözlərinə görə, cinayət hadisələrinin sayının azalmasında Hərbi Prokurorluq orqanlarının səmərəli fəaliyyətinin, eləcə də Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla yaradılmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, həmçinin hələ ilin əvvəlindən planlaşdırılmaqla il ərzində mütəmadi həyata keçirilmiş müxtəlif xarakterli birgə tədbirlərin çox böyük əhəmiyyəti olub. Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə insan hüquq və azadlıqlarına riayət olunmasının, qanunçuluğun və hüquq qaydasının qorunmasını təmin etmək məqsədilə 2018-ci ildə də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və digər hərbi qurumlarla birgə hazırladığı “Hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsinə dair”, “Cinayətkarlığa qarşı mübarizəyə dair”, “Cinayət hadisələrinin qarşısının alınmasına dair”, “Hərbi qulluqçularda vətənpərvərlik hisslərinin gücləndirilməsinə dair” və sair mövzular üzrə tədbirlər planları əsasında adıçəkilən qurumların yüksək vəzifəli əməkdaşlarının iştirakı ilə səmərəli işlər görülüb, eləcə də mütəmadi olaraq hərbi qulluqçuların fərdi qəbullarının keçirilməsi təmin olunub. Eyni zamanda milli və rəsmi dövlət bayramlarında, digər əlamətdar günlərdə hərbi hissələrin dislokasiya olunduğu müvafiq rayonların icra hakimiyyəti orqanları ilə birgə hərbi qulluqçular və valideynlərinin iştirakı ilə bayram mərasimləri, o cümlədən konsertlər təşkil edilib və xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim olunub.

Qeyd olunub ki, hesabat dövründə prokurorluqda vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi də təmin edilib, vətəndaşların müraciət etmək imkanlarının genişləndirilməsi və asanlaşdırılması, buna əvvəlkindən daha az vaxt sərf olunması, daxil olmuş müraciətlərə daha diqqətlə yanaşılaraq qaldırılan məsələlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlər görülüb. 2018-ci ildə hərbi prokurorluq orqanlarında vətəndaşların 2185 müraciətinə baxılıb və 1015 vətəndaş mərkəzi aparatda qəbulda olub.

Bildirilib ki, hesabat dövründə dövlət ittihamının müdafiəsi şöbəsi tərəfindən birinci instansiya hərbi məhkəmələrinin hökm və qərarlarından verilmiş protestlərin 45%-i təmin olunub, o cümlədən 2 şəxs barəsində əsassız olaraq çıxarılmış iki bəraət hökmündən verilmiş apellyasiya protestləri də təmin edilərək ittiham hökmləri çıxarılıb.

Kollegiya iclasında hərbi prokurorun müavinləri, ədliyyə general-mayoru Şəfahət İmranov və ədliyyə general-mayoru Rasim Kazımov, Naxçıvan MR hərbi prokuroru, ədliyyə general-mayoru Yaşar Həsənov, Silahlı Qüvvələrdə qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsinin rəisi, ədliyyə pollkovniki Toğrul Hüseynov, Bakı hərbi prokuroru, ədliyyə pollkovniki İmran Əhmədov, Sumqayıt hərbi prokuroru, ədliyyə pollkovniki Zöhrab Kazımov və Qarabağ hərbi prokuroru, ədliyyə polkovniki Fərid Şükürov çıxış edərək hesabat dövründə görülmüş işlərdən danışıb, nöqsanların aradan qaldırılması, qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, cinayətkarlığa qarşı səmərəli mübarizənin təmin olunması ilə əlaqədar hərbi prokurorluq orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün görüləcək tədbirlər barədə ətraflı məlumat veriblər.

Sonda hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev kollegiya iclasına yekun vuraraq vurğulayıb ki, Hərbi Prokurorluq orqanları Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi yüksək qayğı və etimadı layiqincə doğrultmaq, qanunun aliliyini, Silahlı Qüvvələrdə intizamın daha da möhkəmləndirilməsini,insan və vətəndaş hüquq və azadlıqlarına dönmədən əməl olunmasını, habelə hüquq pozuntularına, o cümlədən cinayətkarlığa qarşı mübarizəni təmin etmək üçün bütün zəruri tədbirlərin görülməsini bundan sonra da davam etdirəcək.