Moderator.az xəbər verir ki, Türkiyədə saxta “hədiyyə kampanyası” xəbərləri ilə facebook-a reklam verib bank şifrələrini ələ keçirmək istəyən kiber cinayətkarlar zərərsizləşdirilib. Bu barədə Türkiyədə yaşayan həmyerlimiz, İstanbul Universitetinin doktorantı Fazil Qasımov facebook səhifəsində məlumat paylaşıb.
“Saxta kampanya xəbərləri ilə facebook-a reklam verib bank şifrələrinizi ələ keçirmək istəyən səhifələrdən ehtiyatlı olun. Dünən QNB Finansbank müştərilərinin hesab bilgilərini ələ keçirən kiber cinayətkarların çirkin niyyətlərini həyata keçirmələrinə mane oldum. Reklamı görən kimi saxta olduğunu anladım. Qaynar xətt ilə əlaqə saxlayandan sonra sayta və facebook səhifəsinə Türkiyədə giriş bağlandı.
Yəqin ki, bu tələyə düşən vətəndaşlar oldu. Məlum səbəblərdən, adətən banklar bu cür xəbərlərin yayılmasını istəmir. Doğrusu, heç bir bank bu cür risklərdən sığortalanmayıb. Dünyanın ən müasir texnologiyaları ilə təchiz olunmuş bankların müştərilərinə aid bilgilər də ələ keçirilə bilər. Adətən bu şəxsi məlumatları müştərilər özləri dələduzlarla paylaşır. Ona görə, banklar müxtəlif yollarla müştərilərini bu cür risklərlə bağlı məlumatlandırır. Ancaq yenə də tələyə düşənlər olur.
Bank müştəriyə niyə maşın hədiyyə etsin axı? Nə bank qanunvericiliyi bu cür metodlarla müştəri cəlb etməyə icazə verir, nə də bu cür hədiyyə kampanyaları bankların iş prinsipinə uyğundur. Bir sözlə, aldanmayın!”
Fazil Qasımov redaksiyamıza bildirib ki, kiber cinayətkarlıqla bağlı aidiyyatı qurumları dərhal məlumatlandırdığına görə, Türkiyə Maliyyə Bazarlarına Nəzarət Palatası və QNB Finansbank rəhbərliyi ona minnərdarlığını ifadə edib.