Gürcüstanın baş naziri Mamuka Baxtadzenin Azərbaycana səfəri başlayıb.

Bakıxəbər.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın hökumət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

M.Baxtadzeni hava limanında Azərbaycan baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, hökumət başçısı səfər çərçivəsində Azərbaycanın baş naziri Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov və digər rəsmi şəxslərlə görüşəcək.

Görüşlərdə iki ölkə arasında nəqliyyat, energetika, ticarət, iqtisadiyyat, mədəniyyət və humanitar sahələrdə əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf prespektivləri müzakirə olunacaq. Tərəflər həmçinin ikitərəfli və çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsi imkanlarını da nəzərdən keçirəcəklər. Bildirilib ki, görüşlərdə iqtisadiyyat sahəsində əməkdaşlığın artan potensialına xüsusi diqqət ayırılacaq.

Qeyd edək ki, bu, M.Baxtadzenin Gürcüstanın baş naziri kimi Azərbaycana ilk səfəridir.